“Lotu Qulu”nin yeznəsinin işinə baxan hakim uzaqlaşdırıldı

“Lotu Qulu”nin yeznəsinin işinə baxan hakim uzaqlaşdırıldı Prokuror vaxtilə Səlifovların vəkili olan hakimə etiraz etdi

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov məhkəmə qarşısına çıxarılıb. Narkotik ittihamı ilə həbs olunan Vidadi Hüseynovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.


Fevralın 24-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Elə hazırlıq iclasında da bu məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev işdən kənarlaşdırılıb. Bu, Vidadi Hüseynovun işində dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyevin yazılı etirazı əsasında baş verib.

Əfqan Hacıyev hakimlikdən əvvəl vəkil olub. Prokuror yada salıb ki, Əfqan Hacıyev vaxtilə Nadir və Müşfiq Səlifov qardaşlarının vəkili olub. Onlar da hazırda təqsirləndirilən şəxs kimi məhkəmə önünə çıxarılmış Vidadi Hüseynovun qayınlarıdır.

“Sənədlərdən görünür ki, Vidadi Hüseynov 2 iyun 2000-ci ildə Leyla Səlifova ilə rəsmi nikah bağlayıb. Bu nikah hazırda da qüvvədədir, pozulmayıb. Leyla Səlifiva Müşfiq və Nadir Səlifov qardaşlarının doğma bacısıdır. Səlifov qardaşları 2005-ci ilin oktyabrında Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin hökmü ilə məhkum olunublar. O zaman Səlifov qardaşlarının müdafiəçilərindən biri məh Əfqan Hacıyev olub. Hesab edirəm ki, bu fakt Əfqan Hacıyevin hazırkı iş üzrə cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutdur. Bu da cinayət işinə onun tərəfindən tam, hərtərəfli və obyektiv baxılmasını istisna edir. Əfqan Hacıyevin bu iş üzrə cinayət prosesində iştirakını istisna edən hallar aşkar edildiyindən o, həmin işə baxılmasından kənarlaşdırılsın”, – deyə prokuror çıxışında bildirib.

Dövlət ittihamçısı xatırladıb ki, Əfqan Hacıyev 2015-ci ilin aprelində məhz eyni səbəblə – vaxtilə təqsirləndirilən şəxsin qohumunun müdafiəçisi olduğuna görə Ceyran Rüstəmovanın işinə baxmaqdan imtina edərək, özü-özünə etiraz vermişdi.

Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev vaxtilə Səlifov qardaşlarının müdafiəçisi olduğunu təsdiqləsə də, hazırda baxdığı işdə heç bir marağı olmadığını vurğulayıb. Bununla belə, prokurorun etirazına qarşı çıxmayıb: “İttiham tərəfi belə hesab edirsə, o zaman etiraz təmin edilsin”.

“Lotu Quli”nin yeznəsinin hüquqlarını vəkil Kamandar Nəsibov müdafiə edir. Amma Nəsibov işin Əfqan Hacıyevdən alınmasına etiraz edib. O, prokurorun etirazının təmin olunmamasını istəyib.

Bu işə baxan kollegiyaya daxil olan digər iki hakim – Fikrət Qəribov və Rasim Sadıqov prokurorun etirazını haqlı sayıb və onların müşavirədə qəbul etdiyi qərar əsasında

hakim Əfqan Hacıyev bu iş üzrə sədrlikdən kənarlaşdırlıb. İş üzrə məhkəmə prosesinə yeni sədr müəyyənləşdirilənə qədər Vidadi Hüseynovun məhkəməsi təxirə salınıb.

Xatırladaq ki, Vidadi Hüseynov 2016-cı il aprelin 30-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində həbs edilib.

Vidadi Hüseynovun üzərindən 12,360 qram heroin aşkar edildiyi iddia olunur.

azadliq.info
Tarix: 24-02-2017, 15:20
Xəbəri paylaş





Xəbər lenti