"Ədalət gözləmirəm. Çünki bura Azərbaycandır"- jurnalistin ölümünə görə həbs edilənlərin məhkəməsi

"Ədalət gözləmirəm. Çünki bura Azərbaycandır"- jurnalistin ölümünə görə həbs edilənlərin məhkəməsi 2015-ci ildə bir qrup şəxs tərəfindən döyüldükdən sonra yerləşdirildiyi xəstəxanada səhhəti ağırlaşan və dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən şəxslərdən ikisi apellyasiya şikayətindən imtina edib.

Musavat.com xəbər verir ki, jurnalistin ölümünə görə həbs edilən həbs beş nəfərdən ikisi - Arif Əliyev və Samir Mustafayev vəkillərinin apellyasiya şikayətindən imtina edib.

Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesdə hər iki şəxs bu qərarlarının səbəbini açıqlayıblar.


Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan zaman təqdirləndirilən Arif Əliyevin hüquqlarını Fəxrəddin Səfərov, Samir Mustafayevin hüquqlarını isə Bəxtiyar Hacıyev müdafiə edirdi. Apellyasiya şikayətlərini də bu vəkillər yazmışdı.

Apellyasiya instansiyasında isə adları çəkilən iki nəfər də daxil, təqsirləndirilən şəxslərdən dördünün hüquqlarını Şəmsəddin Quliyev, Kənan Mədətovu Rəsul Yusifbəyli müdafiə edir.

Məhkəmə prosesində ilk çıxış edən vəkil Rəsul Yusifbəyli deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu iş düzgen araşdırılmayıb:

"Başdansovdu baxıldı. Çox nadir hallarda təqsirləndirilən tərəflə zərərçəkmişin fikirləri üst-üstə düşür. Bu işdə həm biz, həm də zərərçəkən həkimlərin məsuliyyətə cəlb olunmasını tələb etdik, bu haqda vəsatətlər qaldırdıq. Amma təəssüf ki, vəsatətlərimiz təmin olunmadı, həkimlər məsuliyyətdən kənarda saxlanıldı. Halbuki, Rasim Əliyevin ölümünün səbəbi həkim səhlənkarlığıdı. Kənan Mədətov heç bir günahı olmadığı halda 9 il həbslə cəzalandırılıb. Kamera görüntülərində də Kənanın Rasim Əliyevə toxunmadığı aşkar görünür"- deyən vəkil müdafiə etdiyi Kənan Mədətov haqda hökmün dəyişdirilməsini, ona bəraət verilməsini istəyib.

Digər vəkil Şəmsəddin Quliyev isə çıxışında digər təqdirləndirilən şəxslər haqda danışıb.

Vəkil bildirib ki, müdafiə etdiyi dörd nəfərin heç birinin R.Əliyevi öldürmək niyyəti ol olmayıb: "Əgər belə bir niyyətləri olsaydı, onları müdafiə etməzdim. Rasim Əliyevin ölümü həkimlərin səhlənkarlığının nəticəsidir. Amma məhkəmə həkimləri çağırıb dindirmədi. Ekspertiza rəylərində xeyli səhvlər vardı, onlar araşdırılmadı".

Məhkəmənin davamında bu hafisədə adı ən çox hallanan, "baş rolda" adı keçən Elşən İsmayılov ifadə verib.

Bildirək ki, o, futbolçu Cavid Hüseynovun bibisi oğludur. Cavid Hüseynov da bu hadisəyə görə həbs edilmiş, daha sonra azadlığa çıxmışdı.

Elşən İdmayılov çıxışında məhkəmədən ədalət gözləmədiyini söyləyib.


"Təəssüf ki, məhkəmə heç nəyə əhəmiyyət vermədi. Ortada kamera görüntüləri var, orada hər şey görünür. Mənə ittiham veriblər ki, guya, pulqabı götürmüşəm. Elə şey olmayıb axı. Özümü ancaq dalaşmaqda günahkar bilirəm, Rasim Əliyevin ölümündə yox. Heç onun ölümündə mənim günahım sübuta yetirilmədi də. Eybi yox, vaxt gələcək, prokurorluq əməkdaşları, müstəntiqlər də bura düşəcək. Əvvəlcədən təşkil olunmuş qaydada kameranın altına düşdüm, buna görə cavanlığım getdi"- deyən Elşən İsmayılov çıxışının sonunda bu işin istintaqını aparmış müstəntiqin hərəkətlərinə hüquqi qiymət verilməsini istəyib.

Başqa bir təqsirləndirilən Camal Məmmədov da işin düzgün araşdırılmadığını deyib.

"Müstəntiq dedi ki, "mənlik bir iş yoxdur, hər şey "yuxarıdan" tapşırılıb". Kənan Mədətov və Samir Mustafayev ümumiyyətlə, buraxılmalıydı, çünki onların günahı yoxdu. Bir təpiyə görə mənə 11 il verilib. Mən apellyasiya məhkəməsindən də ədalət gözləmirəm. Çünki bura Azərbaycandır"- deyə Camal Məmmədov belə deyib.

Məhkəmə prosesinfə iştirak edən mərhum jurnalistin anası,Teyfurə Əliyeva da danışıb.

T.Əliyeva təqsirləndirilən şəxsləri qatil adlandırıb: "Bu adamlar Rasimin ölümündə günahkardılar, qatildilər. Bu, təsdiqini tapıb. Bu hadisə əvvəlcədən təşkil olunub. Bunların dediklərindən belə çıxır ki, “biz onu döymüşdük, amma həkim qurtarmalı idi”. Mən bunlara da, həkimlərə də ən ağır cəzanın verilməsini istəyirəm. Rasim Əliyevin ölümündə həm bu beş nəfərin, həm də həkimlərin gühanı var. Onların hamısı oğlumun ölümündə iştirak edib”.

Növbəti məhkəmə prosesi martın 15-nə təyin edilib.

Xatırladaq ki, Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb, ayın 9-na keçən gecə Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu hadisə ilə əlaqədar Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. İstintaqın sonunda Cavid Hüseynov haqqında cinayət işi ayrılıb.
Cinayəti bilib xəbər verməməkdə suçlanan Cavid Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il azadlıqdan məhrum ediliblər.

İlkin Muradov
Tarix: 1-03-2017, 23:03
Xəbəri paylaş





Xəbər lenti