25 il bədənində qəlpə gəzdirən Qarabağ döyüşçüsünün "əlillik problemi"...

25 il bədənində qəlpə gəzdirən Qarabağ döyüşçüsünün "əlillik problemi"... Qarabağ müharibəsi veteranı, Ağdamda döyüşlər zamanı minaya düşərək sağlamlığını itirən Fariz İmanov əlillik dərəcəsi ala bilmir.

Musavat.com xəbr verir ki, F.İmanov bir neçə ildir ki, məhkəmə qapılarında qalıb. Səbəb isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Mərkəzi tərəfindən əlil hesab edilməməsidir. F.İmanov bu gün də bədənində qəlpə gəzdirir.

Fariz İmanov deyir ki,əlil kimi tanınmaması bir yana, heç imtina qərarı da ona verilmir. Ona görə də Fariz İmanov neçə illərdir, həm qərarı almaq, həm də adıçəkilən dövlət orqanını ona əlillik dərəcəsi təyin etməyə məcbur etmək üçün məhkəmə yollarında qalıb.

1992-ci il avqustun 1-dən 1993-cü ilin martına qədər Qarabağ müharibəsinin iştirakçısı olan F.İmanov 1992-ci il avqustun 20-də Ağdam rayonunun Qazançı kəndində gedən intensiv döyüş əməliyyatları zamanı minaya düşüb.

Sol ayağından yaralanan İmanovun Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının 1 sentyabr 1992-ci il tarixli arayışından da onun yüngül toxumadan qəlpə yarası aldığı yazılır. Həmin vaxt Fariz İmanov Ağdamın Sarıcalı kəndində yerləşən hərbi hospitalda cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat zamanı bədənindəki iki qəlpədən biri çıxarılsa da, digəri hələ də bədənində qalır.

Sarıcalı hərbi hospitalında əməliyyatdan sonra Bakıya gətirilərək, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 10 gün müalicə olunub, daha sonra Mingəçevir şəhər Xəstəxanasında bir ay müalicə alıb. Daha sonra yenidən hərbi əməliyyatlarda iştirak etmək üçün cəbhə bölgəsinə gedib. 1993-cü ilin martına qədər döyüş bölgəsində döyüşüb. 1993-cü il aprelin 14-dən 1998-ci il mayın 1-nə qədər Daxili Qoşunlarda gizir olub.

Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29 oktyabr 2012-ci il tarixli qərarına əsasən, döyüş zonasında hərbi xidmət zamanı aldığı və xəstəxanalarda müalicə olunduğu yaralanma - diaqnoz “Sol budun kor qəlpə yaralanması”, “Sol budun yuxarı 1/3 hissəsində ön-arxa səthinin qəlpə yaraları” kimi göstərilib. Bu yaranın hərbi travma, ölkənin ərazi bötövlüyünün müdafiəsi zamanı alındığı qeyd edilib.

Amma Fariz İmanov əlil kimi tanınmır. O, 2013-cü ilin axırlarında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 6 ay, Tərtər rayon Xəstəxanasında isə sinir xəstəliyindən 1 ay müalicə olunub. Daha sonra bütün sənədləri toplayıb əlillik dərəcəsi almaq üçün Mingəçevir şəhər 23 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) müraciət edib.

Mingəçevir şəhərində qeydiyyatda olan İmanova bildirilib ki, sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə (indiki Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Mərkəzi) göndərilib.

Respublika TSEM-dən Fariz İmanova cavab verilib.

Həmin cavab məktubunda yazılır: “11.07.2014-cü il tarixdə Respublika TSEM-də “Sol budun yuxarı 1/3-nün ön arxa səthinin qəlpə yaralanmasından sonrakı vəziyyət” xəstəliyi ilə əyani müayinə olunmuş, müayinələrin nəticəsi aldığı travmanın ağırlığı, fəsadların əlillik təyininə əsas vermədiyindən “əlillik təyin olunmur” qərarı verilmişdir”.

Şikayətçi Fariz İmanov həmin qərarın sürətinin ona verilmədiyini deyir. Bu səbəbdən də İmaniv məhkəməyə müraciət edib. İddia Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilib. Bu məhkəmə 2015-ci il oktyabrın 26-da qərar verib ki, Respublika TSEM-in Fariz İmanova göndərdiyi, əlillik dərəcəsinin təyin olunmasından imtinaya dair məktubu ilə bağlı hərəkət qanunsuz hesab olunur. Məhkəmə bu qurumun üzərinə öhdəlik qoyub ki, “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında Fariz İmanov barəsində müvafiq inzibati akt (əlillik dərəcəsinin təyin və ya rədd edilməsi) qəbul olunsun.

Məhkəmənin öhdəliklə bağlı sözügedən qərarı qüvvəyə mindikdən sonra icra olunmaq üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilib.

İmanov deyir ki, adıçəkilən qurum məhkəmənin qərarını icra etməyib və yenidən səhiyyə müəssisəsinin göndərişini (forma 88) təqdim etməyi tələb ediblər: "Yalnız işə baxan məhkəmənin məktublarından sonra – keçən il martın 4-də Fariz İmanovu Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətində guya müayinə edib, yenə əlillik dərəcəsi təyin edilməsindən imtina olundu. Amma imtina qərarı mənə verilmədi. Yalnız israrlı cəhdlərimdən sonra Xidmətin Şəki İnzibati- İqtisadi Məhkəməsinə ünvanladığı 14 mart 2016-cı il tarixli məktubun surətini 16 mart 2016-cı ildə (məktubun içində 04.03.2015-ci il yazılıb) əldə edə bilmişəm. Həmin məktubda imtina belə əsaslandırılır ki, “aparılan müayinlərin nəticəsində xəstənin 1992-ci ildə “Azərbaycan Respunblikasının müdafiəsi zamanı aldğı “Sol budun yuxarı 1/3 hissəsində ön-arxa səthinin qəlpə yaralanmaları” diaqnozlu travmanın hal-hazırda əlilliyin təyininə əsas verəcək ağırlaşmaları (oynaqlarda hərəkət məhdudluğu, əzələ atrofiyası, qan–dövranı çatmamazılığı) aşkar edilmədiyinə görə əlillik dərəcəsindən imtina edilmişdir”.

Hesab edirəm ki, Xidmətin bu hərəkəti qanunsuz və əsassızdır. Məktubun surətindən görünür ki, Xidmət əlillik dərəcəsinin təyin olunmasından imtinanı travmanın hazırda əlilliyin təyininə əsas verəcək ağırlaşmaların aşkar edilməməsi ilə əsaslandırıb. Ancaq bu nəticəyə necə və hansı meyarla gəlindiyi qaranlıq, qeyri-müəyyən qalır. Halbuki, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun 2-ci maddəsinə əsasən, “əlil-anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir”.

İmanov məhkəmələrə müraciətində deyir ki, qanunun 3-cü maddəsinə əsasən, Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir: "Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik meyarlarına uyğun olaraq həyata keçirilir. Qanunun 4.1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən müayinədən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Halbuki, 4 mart 2016-cı ildə Xidmətdə məni hər hansı komissiya müayinə etməyib. İş otağında kobud şəkildə yalnız qəlpəli ayağıma baxış keçirilib. Baxış keçirən həkim də dərhal, təhqiramiz tonla “sənə əlillik vermək üçün mütləq ayağın kəsilməlidir” dedi".

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi, Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməyə görə, komissiyanın qərarlarından məhkəməyə şikayət verilə bilər. Baxmayaraq ki, ortada qüvvəyə minmiş məhkəmə qərarı var, Fariz İmanov barəsində müvafiq inzibati akt (əlillik dərəcəsinin təyin və ya rədd edilməsi) qəbul olunmalıdır, amma bunun da heç bir xeyri olmayıb.

İ.Muradov,
Tarix: 2-03-2017, 13:57
Xəbəri paylaş





Xəbər lenti