"Dövlət Babadan ərimizə, oğlumuza iş istəyirik!"

8 Martda qadınlar üçün "SERENADA" "Dövlət Babadan ərimizə, oğlumuza iş istəyirik!" Qadın nə istəyir? Neçə yüz ildi, bəlkə də min ildi bu sualın cavabı düyünə düşüb. Suala min türlü istəyi, arzunu özündə cəmləşdirən cavablar verilsə də düyün açılmır ki, açılmır... Niyə qadının istədiyini ona vermək olmur? Niyə onun arzularının həyata keçirilməsi müşkülə çevrilib?
Dünyanın müxtəlif ölkələrində qadınlar bir çox arzusuna, ya da qismən istəyinə nail olublar. Bəzi ölkələrdə qadınlar artıq bu sual üzərində baş sındırmırlar. Ki... nədən biz qadın olaraq yarandıq, nədən xoşbəxtliyin qapısı üzümüzə bağlıdı? Çoxlu sayda ölkədə isə qadın sürünür, qadın yaşamaq adına işgəncə çəkir, bu həyata gəldiyinə lənət oxuyur.
Bizim ölkədə necədi? Biz nə istəyirik? Bizim ən müqəddəs istəyimiz budu: sevilmək - ərimiz, oğlumuz, qızımız, qohumlarımız, dostlarımız, çevrəmiz tərəfindən. Biz diqqət və qayğı istəyirik - dövlətimiz və hökumətimiz tərəfindən.
Birincilər bu istəyimizi maksimum yerinə yetirirlər, gücləri catacaq qədər qayğımızı, nazımızı çəkirlər. İkincilər haqqında isə bunu demək bir qədər çətindi. Dövlətin qadınların qadın olmasına xidmət göstərə biləcək xeyli rəsmi sənədi var, üstəlik Ailə, Qadın və Uşaq Problemləri Komitəsi adlı bir qurum fəaliyyət göstərir. Nə gözəl! Ana Qanunun – Konstitusiyanın 25- ci maddəsində də deyilir ki, Azərbaycanda kişi və qadının eyni hüquqları və azadlıqları var. Super!
Amma bunlar kağız üzərindədir. Onun həyata keçirilməsinə birbaşa məsul olan səlahətlilər qadınların hüququnu və haqqını tapdalayırlar. Necə? İndi sadalayım.
Bizi canı-qanı qədər sevən ərimizin, oğlumuzun işsizlikdən, pulsuzluqdan başını qaldırıb arvadını, anasını məsələn, bu günkü 8 mart günündə cani-könüldən təbrik etməyə, kiçicik bir hədiyyə almağa imkanları yoxdu. Hə, deyəcəksiniz ki, hədiyyəsiz olmurmu? Olur, əlbəttə. Amma qadının, anannın ərindən, oğlundan aldığı kiçik bir hədiyyə onun ən böyük xoşbəxtliyidir.
Biz özümüzü və ailəmizi sağlam görmək istəyirik. Amma insanlıq halıdı, xəstələnirik, sağala bilmirik. Çünki müalicə olunmağa evimizin kişi qismində pul yoxdu. Həkim pul almasa resept yazmır, apteklər də nisyə dərman vermir. Bizə də iş vermirlər ki, qazancımız olsun.
Dövlətin qurumlarında müxtəlif bəhanələrlə iş istəyimizin qarşısını kəsirlər. Belə olan halda özümüzü təsdiq edə bilmirik. Gücümüzü və potensialımızı ortaya qoymaq üçün meydan verilmir.
Həyatın bütün sahələrində (elm, istehsalat, biznes, mədəniyyət, iqtisadiyyat və s.) özünə əbədi yer tutaraq kreslosundan qopmayan kişilər də qadın adına olan işlərə özününküləri yerləşdirirlər. Savadı, biliyi, dünyagörüşü daha çox olan digər qadınlar isə kənarda qalırlar. Beləliklə də Konstitusiyanın 25-ci maddəsini pozurlar...
Biz gözəl və cazibədar olmaq istəyirik. Təravətli və gözəl, həmçinin də qəşəng görünmək arzumuzun qarşısına yenə də pulsuzluq, kasıblıq sədd çəkir.
Biz 65 yaşımıza kimi gözləmək istəmirik. Bəlkə heç o yaşa gedib çıxmayacağıq. Ana Qanunun 25-ci maddəsini niyə yalnız pensiya yaşı ilə ehtiva edirsiniz, cənab səlahiyyətlilər? Əvvəllər kişilərlə qadınların pensiya yaşında 3-5 il fərq olurdu. Amma indi bərabərləşdirmisiniz. Konstitusiyanın 25-ci maddəsinə bu məsələdə əməl edilib – kişilər və qadınlar eyni yaşda təqaüdə çıxırlar. Halbuki o qədər ağır işdə çalışan qadınlar var ki, 40 - 45 yaşlarından qocalır, əldən düşürlər. Kim təminat verə bilər ki, onlar 77 il yaşayacaqlar? Siz Allahsınızmı? Yoxsa Allah sizə Onun işinə qarışmaq səlahiyyətimi verib?
Biz nə istəyirik? Biz Dövlət Babadan haqqımızı istəyirik. Əgər bu haqqımız bizə verilsə qalan bütün arzularımız, istəklərimiz həll olunacaq!
Biz Dövlət Babadan quru söz yox, əməli iş istəyirik – həm özümüzə, həm ərimizə, həm də oğlumuza!
Biz əsil xoşbəxtliyin tamını dadmaq istəyirik.
Bunu niyə bizdən əsirgəyirsiniz?



Züleyxa NADİR - yazarın arxivi
Tarix: 8-03-2017, 23:14
Xəbəri paylaş





Xəbər lenti