Bir ana-atanın etnik mənsubiyyəti fərqli iki oğlu: “Biri “Hind-Avropa”, biri “türk” dedi: ƏLİZADƏ QARDAŞLARI

Bir ana-atanın etnik mənsubiyyəti fərqli iki oğlu: “Biri “Hind-Avropa”, biri “türk” dedi: ƏLİZADƏ QARDAŞLARI Araz Əlizadənin başlatdığı, Zərdüşt Əlizadənin dəstəklədiyi və deputat Arif Rəhimzadənin davam etdirdiyi “Azərbaycanlılar türk deyil” iddiası ətrafında müzakirələr səngimir. Maraqlıdır, biri-biriləri ilə problemlərinin olduğu söylənilən Zərdüşt və Araz Əlizadə qardaşları etnik mənsubiyyətləri ilə bağlı məsələdə həmfikirdilər, yoxsa yox?

Cebhe.info-ya açıqlama verən Araz Əlizadə özünü türk hesab etmədiyini bir daha söyləyib:

“Etnik mənsubiyyətim Hind-Avropa irqidir. Özümü türk hesab etmirəm. Azərbaycanlı kimi doğulmuşam, azərbaycanlı kimi də öləcəyəm.”

Qardaşından fərqli olaraq politoloq Zərdüşt Əlizadə etnik mənsubiyyəti barədə başqa fikirlər səsləndirib:


“Mən azərbaycanlıyam, etnik mənsubiyyətim isə türkdür. Siyasi əhəmiyyəti yalnız dövlətə mənsubiyyət müəyyənləşdirir. Etnik mənsubiyyət mədəniyyət, folklor, ədəbiyyatda özünü biruzə verir. Vaxtilə görkəmli azərbaycanşünas Şventoxovski Azərbaycana gələndə onunla görüşdüm. Milliyətini soruşdum, dedi ki, amerikalıyam. Soyadı polyak mənşəli idi. O deyirdi ki, soyadımın polyak olması mənim mənşəyimi ifadə edir. Yəni, milli mənsubiyyət dövlətə mənsubiyyətlə ölçülür, etnik mənsubiyyətlə yox”.

Z.Əlizadə etnik mənsubiyyətin hazırda siyasi məqsədlərlə istifadə edilməsindən təəssüflə danışıb:

“Kimsə deyir ki, mən fəxr edirəm ki, türkəm. Vaxtilə Mustafa Kamal Atatürk belə demişdi. O siyasi məqsədlə özünü türk adlandırırdı. Artıq Osmanlı imperiyası çökmüşdü. Yaratdığı yeni dövlətlə insanlara yeni siyasi hədəf vermək lazım idi. Bu səbəbdən türkçülük əsas hədəf seçilmişdi. Təəssüflər olsun ki, bu gün etnik mənsubiyyətdən siyasi məqsədlərlə istifadə edilir. Onlar ya hiyləgər, ya da ağılsızdırlar. Düşünürəm ki, indiki zəmanədə etnik mənsubiyyətin heç bir siyasi mənası yoxdur. Ata tərəfim Xamnədəndir. Hansı ki, görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin də atası Xamnədən olub. Axundzadə 7 yaşınadək orada böyüyüb. 1920-ci il İran inqilabının rəhbəri Xiyabani də Xamnədən olub. Müasir İranın dini rəhbəri Seyid Əli də Xamnədəndir. Etnik olaraq o, türk olsa da, özünü iranlı hesab edir. Etnik türk olsam da, özümü azərbaycanlı hesab edirəm, çünki milliyətcə azərbaycanlıyam. Etnik mənsubiyyətimin heç bir əhəmiyyəti yoxdur. Anam içərişəhərlidir, məşhur zadəgan nəslindəndir”.

Z.Əlizadə etnik mənsubiyyətini dananları “namərd” adlandırıb:

“Kimlər ki, türk olub, etnik mənsubiyyətini danır, onlar namərddir. Mən Azərbaycan milliyətinə mənsubam. Bizim milliyətimiz poloetnikdir. Xaricə getsəniz, milliyət olaraq türk olduğunuzu desəniz, sizin Türkiyədən gəldiyinizi zənn edərlər. Burada siyasi möhtəkirlik etmək, siyasi qalmaqal yaratmağa ehtiyac yoxdur. Heç kim etnik mənsubiyyətini danmasın, bunu danan namərddir”.

Nigar Məhərrəm
Tarix: 9-03-2017, 21:54
Xəbəri paylaş





Xəbər lenti