Notariuslar “Notariat haqqında”qanundan sui-istifadə edir

Notariuslar “Notariat haqqında”qanundan sui-istifadə edir Notariat haqqında” qanunun 29-cumaddəsi konstitusiyaya ziddir?

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsində heç kəsin qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməzliyi hüququ təsbit olunub.

Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə ), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün 2 manat dövlət rüsumunun tutulması isə “Dövlət rüsumu haqqında” qanunun 10.18 maddəsinin tələbidir. Eyni zamanda sənədlərdən surət və çıxarışların təsdiqi üçün hər səhifəyə görə əlavə 50 qəpik tutulması da sözügedən maddədə əks olunub. Di gəl, notariat kontorları Ana Qanunun – Konstitusiyanın 73-cü maddəsinə və “Dövlət rüsumu haqqında” qanunun 1-ci maddəsinə zidd olaraq sözügedən notrarial hərəkətlərin aparılmasına görə müəyyən olunan rüsum məbləğinin 100-125 faizi miqdarında əlavə haqq tuturlar. Bunu “Notariat haqqında” qanunun 29-cu maddəsi ilə əsaslandıran dövlət notariuslarının gerçəkdə Konstitusiyanı pozmaları, qanunu düzgün tətbiq etməmələri üzə çıxır. Axı, “Dövlət rüsumu haqqında” qanunun 1.2 və 1.3 maddələrində icra hakimiyyəti orqanlarının başqa ödənişlər müəyyən edə bilməzliyi, bu qanunda müəyyən edilmiş hallar istisna olmaqla, digər qanunlarda dövlət rüsumun məbləğləri və ödənilməsilə bağlı müddəların nəzərdə tutula bilməzliyi təsbit olunub! Belə çıxır, ”Notariat haqqında” qanunun 29-cu maddəsi “Dövlət rüsumu haqqında” qanuna, Konstitusiyanın 73-cü maddəsinə ziddir?

“Notariat haqqında” qanunun 29-cu maddəsində sənədlərin surətinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqi, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi üçün nəzərdə tutulan notarial hərəkətlərilə əlaqədar göstərilən xidmətə (MƏSLƏHƏTLƏRİN VERİLMƏSİ, ƏQDLƏRİN, ƏRİZƏLƏRİN VƏ DİGƏR SƏNƏDLƏRİN LAYİHƏLƏRİNİN TƏRTİB EDİLMƏSİ ,TEXNİKİ İŞLƏRİN YERİNƏ YETİRİLMƏSİ) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilən dövlət rüsumu məbləği miqdarında haqq tutulması təsbit olunub. Göründüyü kimi, bu haqq notarial hərəkətinin aparılmasına görə yox, sözügedən hərəkətlə bağlı məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və s. sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi üçün tutulur. Belədə heç bir əlavə xidmət göstərilmədən şəxsin özünün surətini təqdim etdiyi sənədin düzgünlüyünün təsdiqi üçün yuvarlaq 5 manat rüsum və xidmət haqqı tutulmasının Konstitusiyaya zidd olması faktı üzə çıxır. Onu da vurğulayaq ki, “Notariat haqqında” qanunun 30 –cu maddəsində notariat hərəkətlərinin aparılmasına görə qanunla müəyyən edilən dövlət rüsumunun tutulması təsbit olunub. Bu isə o deməkdir 29-cu maddə ilə 30-cu maddədə nəzərdə tutulan xidmət haqqı və rüsum fərqlidir. Başqa sözlə, notarial hərəkətlərinin aparılması ilə əlaqədar göstərilən xidmət haqqı bu hərəkətlərin aparılması üçün alınan dövlət rüsumunun üzərinə gəlinə bilməz. Vurğuladığımız kimi, axı gərək xidmət göstərilsin ki xidmət haqqı da tutulsun! “Dövlət rüsumu haqqında” qanunun 1-ci maddəsi “dövlət rüsumu” anlayışının dövlət orqanları tərəfindən hakimyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi , qeydiyyatı və s.) ödənilən haqq (ödəniş) olmasını təsbit edir. Elə bu anlayışın özü də xidmət adı ilə dövlət rüsumundan əlavə haqq tutulmasının yolverilməzliyini göstərir.

Notariusların qanunu yanlış tətbiq etmələrindən, göstərilməyən xidmətə görə adi sənəd surətinin çıxarılması üçün qanunun müəyyən etdiyi dövlət rüsumundan ikiqat artıq haqq tutmalarından daha çox aztəminatlı təbəqə – tələbələr, pensiyaçılar, əlillər, qaçqın-köçkünlər ziyan çəkir. Təmin olunmuşların notariusdan yolu keçmir. Ən yaxşı halda sürücüləri “şef”lərinin xidmətində durur, ya da notariuslar özləri “şef”lərin hüzurunda əlavə xidmətlə qulluq göstərirlər…

Ümid edirik, deputatlarımız, haqqyığanlarımız, oliqarx məmurlarımız belə rüsum – xidmət qaydalarının aztəminatlı təbəqənin xeyrinə tətbiq olunduğunu vurğulamağa girişməzlər.

Məğrur Bədəlsoy
Tarix: 12-03-2017, 09:55
Xəbəri paylaş





Xəbər lenti