Niyə banklar vətəndaşlarla Məhkəmə çəkişmələrinin qalibidir?

Niyə banklar vətəndaşlarla Məhkəmə çəkişmələrinin qalibidir? Baş vermiş məlum devalvasiyalardan sonra Bank sektorunda xüsusəndə xarici valyutalarla kreditləşmə sahəsində həllini gözləyən məsələlərin çoxluğu bu sahədə bir sıra mühüm islahatların aparılmasını şərtləndirır.
Eyni zamanda bu sahədə mövcud lazımi hüquqi bazanın olmasına baxmayaraq, vətəndaşlarla banklar arasında bağlanmış müxtəlif kredit müqavilələri ancaq və ancaq tam şəkildə bankların maraqlarına xidmət edən sənədlərdir. Ölkəmizdə əksər, müxtəlif adlı kreditləşdirmə müqavilələri Azərbaycan Respublikasının qanunlarına ziddiyətlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən də pul öhdəliyi manatla ifadə edilməlidir. Ümumiyyətlə, müqavilə və ya əqd tərəflərin bir-birlərinin maraqlarının qoruyan qarşılıqlı razılaşmanı əks etdirən mülki qanunvericiliyin tələblərinə uyğun olan hər iki tərəfin razılaşması ilə imzalanmış sənəddir. Amma inkar edilməz faktdır ki, kredit müqaviləsi lahiyələri banklar tərəfindən hazırlanır, tətəndaşlara təqdim edilir, vətəndaşlar müqavilələrə düzəlişlər etmədən imza atırlar. Kredit müqavilələrinə vətəndaşlar tərəfindən düzəlişlərə banklar yol vermir, əks halda kreditin verilməsinə imtina edirlər. Əksər hallarda banklar vətəndaşın çıxılmaz vəziyyətindən istifadə edərək, vətəndaşı onun zərərinə olan kredit şərtləri ilə razılaşmağa məcbur ediblər. Sözü gedən bu tipli kredit müqavilələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417-420-ci maddələrinə əsasən standart şərtlər əsasında bağlanmış əqdlərdir. Həmin Məcəllənin 420.2-ci maddəsində deyilir:
“Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır”
Qeyd olunan əsaslara görə də əksər kredit müqavilələri etibarsız hesab olunmalıdır, kredit müqavillələrinin şərtlərinə yenidən baxilmalıdir. Əgər banklar müqavilə şərtlərinin dəyişdirilməsinə getmirlərsə, bu halda borclu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsini rəhbər tutaraq məhkəməyə müraciət etməyə haqlıdır. Bütün bunlara baxmayaraq son vaxtlar problemli kreditlər üzrə bankların tələbləri məhkəmələr tərəfindən Məhkəmə Əmri icraatı şəklində təmin edilir. Bu halda isə işə sadələşdirilmiş qaydada vətəndaşın (cavabdehin) iştirakı olmadan baxılır və bankın əsaslı və ya əsasız bütün tələbləri qısa vaxtda tam təmin edilir, prossesual qayda ilə iş icra şöbələrinə icraata yönəldilir.
Məhz buna görə də banklar məhkəmələrdə işlərə sadələşdirilmiş şəkildə baxilmağı üstünlük verirlər. Bu isə bir başa vətəndaşın (cavabdehin) maraqlarına ziddir. Hər bir Məhkəmə qərarından, qərardadından, qətnaməsindən və əmrindən şikayət etmək hüququ hər bir hüquqi və fiziki şəxsin haqqıdır. Məhkəmə əmrinin mövcudluğu və işin icraata yönəldiləsi son deyil əgər ki, vətəndaş (cavabdeh) lazımı prossesual qayda məlumatlandırılmamış və ya məlumatlandırılmış ancaq ki, vətəndaş (cavabdeh) prosesual müddəti müxtəlif üzürlü səbəblərdən buraxmışdır.
Vətəndaş Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 133-cü və 282-ci maddələrinə istinad edərək Məhkəmə Əmri verən məhkəməyə ərizə ilə müraciət etməklə buraxmış prossesual müddətin üzürlü səbəbdən buraxdığını əsaslandıraraq prossesual müddəti bərpa etməklə həmin Məhkəmə Əmrinə etiraz etmək hüququna malikdir. Bu halda Məhkəmə prossesual müddəti bərpa etməklə Məhkəmə Əmrini ləğv edir və həmin Məhkəmə əmri üzrə icra şöbəsində icraat dayandırılır. Bankın tələblərinə ümumi mülki prossesual qaydada baxılır və vətəndaşın işdə iştirakı təmin edilərək işə mahiyyəti üzrə baxılır. Bu halda da vətəndaşın öz mülki hüquqlarının qorumasına şərait yaranır.
Eyni zamanda qeyd etmək istəyirəm ki, bankın bütün maliyyə tələblərini mübahisələndirmək hüququ vətəndaşın haqqıdir. Belə halda vətəndaş Məhkəmədən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verə bilər. Əksər halda praktik olaraq məhkəmələr belə vəsatətləri təmin edirlər. Eyni zamanda son vaxtlar çoxlu müraciətləri nəzərə alaraq, icra məmurları ilə borcluların arasında yaşanan məhkəmə qərarlarının icrası ilə bağlı ödənilməli olan məbləğın hissə-hissə ödənilməsi məsələsi aktual olduğundan qeyd etmək istərdim ki, borclu Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231-ci məddəsinə əsasən Qətnamənin icra edilməsinə möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. (Söhbət qanuni qüvvəyə minmiş Qətnamədən və ya Məhkəmə Əmrindən gedir) Bu halda Məhkəmə borclunun maddi vəziyyətini və digər halları nəzərə alaraq müvafiq qərar qəbul etməklə borclunun borcunu hissə-hissə ödəməyə hüquqi əsası yaranır. Vətəndaşların öz hüquqlarını bilməməsi, hər hansı bir sənədləşməyə laqeyid münasibətı və ya öz hüquqlarından istifadə etməməsi xöşagəlməz nəticələr verməklə bankların haqsız qələbələrinə səbəb olur.
Qanun hər bir tərəfin və hər bir şəxsin maraqlarını qoruyur, sadəcə bu hüquqlardan yararlanmaq lazımdır.
Dadaşov Vüqar Piri oğlu 1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas.
Tarix: 31-03-2017, 10:32
Xəbəri paylaş





Xəbər lenti