Bir rayonun iki sahibi - Şahmar İbadovu FETÖ-çülərlə bağlayan “qırılmaz tellər” - Abidin Fərzəliyevin OV MACƏRALARI

Bir rayonun iki sahibi - Şahmar İbadovu FETÖ-çülərlə bağlayan “qırılmaz tellər” - Abidin Fərzəliyevin OV MACƏRALARI Abidin Fərzəliyev və Şahmar İbadov Nərimanov rayonunu uçuruma aparır

İcra başçısı Prezidentin tənqidindən belə nəticə çıxartmır


Ölkədə məmur özbaşnalıqlarının dəfələrlə ciddi rezonans doğurduğu, hətta bir neçə dəfə kütləvi narazılıq dalğası yaratdığı yaxın keçmişimizin acı xatirələridir. Vəzifə kürsüsündə özünü əvəzedilməz hesab edən, sanki toxunulmazlıq statusu alıbmış kimi ard-arda qanunsuzluqlara imza atan məmurlar həm də bahalı əyləncələri, qeyri-adi hobbiləri ilə diqqət çəkirlər. Onların belə “həvəslərinin” aldıqları əmək haqqı, tutduqları mövqe ilə qətiyyən uzlaşmadığı üçün haqlı olaraq belə bir sual meydana çıxır: Əcəba, nəyin hesabına?

Gəlin bu suala öz bahalı əyləncələri, “qanlı” hobbisi ilə məhşur olan Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevin timsalında cavab axtaraq.

Fərzəliyev öz dəbdəbəli həyat tərzi, bahalı əyləncələri ilə zaman-zaman gündəmin əsas qəhrəmanlarından biri olub. Onun bahalı ov itləri saxlaması, bu cins itlərə olan xüsusi diqqəti hər kəsə bəllidir. İcra başçısının 20 min manata İngiltərədən it gətizdirməsi, hətta itinə qulluq etmək üçün həmin ölkədən təlimçi də dəvət etdirməsi məlumdur. Hər ay öz itlərinə on min manatdan çox vəsait sərf edən başçının bütün bunları “quru maaşla” etməsinə isə heç uşaqları da inandırmaq olmaz.

Ov itlərinə olan belə diqqət həm də icra başçısının ovçuluğa olan sevgisindən qaynaqlanır. A. Fərzəliyevin hətta dövlət qoruqlarında, milli parkıarda belə azad şəkildə ov etməsi haqqında da məlumatlar istənilən qədərdir. İcra başçısının “ov macəraları” haqqında Rubrika.az-a olduqca ilginc informasiyalar daxil olub. Məlumatda bildirilir ki, qızığın ov həvəskarı olan başçı ov etdiyi zaman səhvən adam vurub. Başçının gülləsinə tuş gələn şəxsi xilas etmək mümkün olmasa da A. Fərzəliyev müxtəlif yollarla özünü xilas etməyi bacarıb. Düzdür, bu əməlinə görə bərk danlanılıb və bir daha ov etməmək barəsində tapşırıq alıb. Ancaq məlumatlara əsasən son zamanlar yenə də başçı “ov ovlamaqla, quş quşlamaqla” məşğuldur.

Abidin Fərzəliyevin ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır. Bu bahalı itlərə xüsusi baxıcılar baxır. Onun əsas ov məkanı isə Lənkəranın Sarı 2 kəndində yerləşən dövlət qoruğudur. İcra başçısının ova 10-a yaxın müxtəlif "Cip”lərlə gəldiyi bildirilir. Nəzərinizə çatdıraq ki, Sarı 2 kəndi əsasən ovçuluq və balıqçılıq üzrə ixtisaslaşan kənddir. O da qeyd olunur ki, son dövrlərə qədər icra başçısının ov yoldaşları arasında mühüm dövlət adamları da olub. Hətta adı nurçu qalmaqalında hallandığı üçün Prezident Administrasiyasından uzaqlaşdırılan Elnur Aslanovun da bir neçə dəfə başçının qonağı olduğu söylənilir.

Son illər ölkədə aparılan quruculuq işləri prosesində Nərimanov rayonunda da müəyyən abadlıq işləri görülüb. Lakin, bu zaman dövlətin ayırdığı vəsait xüsusi ciblərə axdığı üçün əsas zərbəni sahibkarlar, idarə və müəssisə rəhbərləri görüblər. Dövlət büdcəsindən ayrılan pullar mənimsənildiyi üçün görülən işlərin yükü qeyd etdiyimiz şəxslərin çiyinlərinə düşüb. Ümumiyyətlə 11 il ərzində Nərimanov rayonu talançılıq siyasətinin qurbanı olub. Rayonda bütün gəlirli sahələri nəzarətə alan icra başçısı barəsində edilən şikayətlər astronomik həddə çoxalıb. Rayonda satılması mümkün olan torpaqların axırına çıxıldığı üçün satılması mümkün olmayan ərazilər də satışa çıxarılıb. Təsadüfi deyil ki, A. Fərzəliyevin əməlləri prezident səviyyəsində belə tənqidlərə tuş gəlib.Müşavirələrin birində də prezident qeyd etdi ki, bəzi icra hakimiyyəti başçıları rəhbərlik etdikləri rayonlarda torpaqları satıb qurtarıb. İndi də keçiblər həyətlərdəki parkların, yaşıllıqların ərazisini satmağa. Orada ofis və əyləncə mərkəzləri tikdirirlər: "Adını çəkməyəcəyəm, bu yaxınlarda rayonlardan birinin icra başçısı yaşayış binalarının həyətində böyük ofis tikmək istəyib. Özü də Heydər Əliyev Fondunun adından istifadə edərək. Bildirirəm ki, Heydər Əliyev Fondu ən kasıb insanlara əl tutur, onların problemlərini həll edir. Mən Hacıbala Abutalıbova tapşırıq verdim ki, həmin icra başçısı ilə ciddi danışsın".

Lakin, Rubrika.az-a daxil olan məlumatlarda bildirilir ki, belə sərt tənqid, xəbərdarlığa baxmayaraq A. Fərzəliyev nəinki fəaliyyətində dönüş yaradıb, əksinə öz əməllərinin coğrafiyasını bir az da genişləndirib.

Rubrika.az-a verilən məlumatlara görə Abidin Fərzəliyev Nərimanov rayonunun ərazisində yerləşən və «erməni qəbristanlığı» kimi tanınan ərazidə şadlıq evi, fitnes klub və digər gəlir gətirən obyektlər inşa etdirib. Verilən bilgilərə görə, hazırda həmin obyektlərin içində təmir-bərpa işləri başa çatdırılmaqdadır. Yaxın vaxtlarda isə istifadəyə veriləcək. Bildirilir ki, qeyd olunan obyektlərin sahibi təkcə icra başçısı deyil. Həmçinin milyonlarla manat dəyərində olan bu tikililərdə Fərzəliyevin «şərik»ləri də var. Həmin «şərik»lər isə elə Nərimanov rayon İcra Hakimiyyətinin işçiləridir. İcra başçısının yaxın ətrafı kimi tanınan sözügedən şəxslərin böyük imkanlara sahib olduğu, boş sahələr ələ keçirdiyi də verilən məlumatlar sırasında var. Məsələn, Nərimanov rayon İcra Hakimiyyətində «qara kassa»ya rəhbərlik edən icra başçısının 1-ci müavini Şahmar İbadov Abdin Fərzəliyevin ona tanıdığı «şans»dan geniş istifadə etməyə başlayıb. Rayon ərazisində aparılan tikinti işlərindən Şahmar İbadov qısa müddət ərzində böyük qazanc əldə edib. Məsələn, Həsən Əliyev küçəsinin Azərbaycan Müəllimlər İnstitutu ilə bitişdiyi ərazidə 5 mərtəbəli binaların söküntü işləri aparıldı. Yerində isə yeni binaların tikintisi hələ də davam edir. Şahmar İbadov bu prosesdən çox böyük qazanc əldə edib. İcra Hakimiyyətinin birbaşa nəzarəti altında tikilən ərazidəki yeni binaların 1-ci mərtəbələrinin obyekt kimi satılması və ya yaxınlarının adına rəsmiləşdirilməsi kimi «proseslər”də Şahmar İbadovun nəzarəti altındadır.

Onu da bildirək ki, Şahmar İbadov icra başçısının «qara kassası” funksiyasını yerinə yetirir. Ş.İbadovla «haqq-hesab mexanizmi» haqda da maraqlı məqamlar var. Bu vəzifəsinə qədər Milli Məclisdə sektor müdiri olmuş Şahmar İbadovun çox qısa zaman ərzində Nərimanov rayonu ərazisində milyon manatlarla ölçülən daşınmaz əmlaklarını kimlərin adına sənədləşdirilməsindən tutmuş, hazırda həmin obyektləri kimlərin işlətməsinə dair araşdırmamız davam edəcək. Amma bundan da maraqlısı Şahmar İbadovun daha böyük iddialara düşməsi və bu məqsədlə kimlərlə harada və nə məqsədlə danışıqlar aparması haqda deyilənlərdir. Rubrika.az saytına Şahmar İbadov haqqında olduqca ilginc məlumatlar daxil olub. Onun indi daha çox FETÖ terror təşkilatı kimi tanınan nurçularla olduqca sıcaq münasibətlərə malik olduğu bildirilir. Bu münasibətlərin uzun illərin biznes əməkdaşlığına dayandığı da məlumdur. Həmçinin, bu işbirliyinin indi də davam etdiyi məlumdur..

Şahmar İbadovun özünün də “qara kassası” funksiyasını yerinə yetirən xüsusi adamı var. Bu onun köməkçisi olan Ağamir adlı şəxsdir. Rubrika.az-a verilən məlumata görə Ağamir Şahmar İbadovun bütün maliyyə əməliyyatlarına rəhbərlik edir. Həmçinin Ş. İbadova “çıxış” əldə etmək üçün Ağamiri “görmək” lazımdır.

Rubrika.az-a mötəbər mənbələrdən verilən məlumata görə Abidin Fərzəliyev və müavini Şahmar İbadovun fəaliyyəti nəticəsində Nərimanov rayonunda yaranan çətin vəziyyət haqqında Prezident Admnistrasiyasında son qərarın verilməsi gözlənilir. Bu qərar isə heç də başçının və müavinin xeyrinə olmayacaq.

PS. Yazı hazırlanarkən mövzu ilə əlaqədar münasibət bildirmək üçün Şahmar İbadovun köməkçisi Ağamir adlı şəxslə əlaqə saxladıq. Ağamir Şahmar İbadovla görüşməyimizin qeyri-mümkün olduğunu bildirdi.

Nicat MAHMUDOV
Tarix: 4-04-2017, 16:00
Xəbəri paylaş





Xəbər lenti