Rüfət Səfərov: “Kiçicik belə, peşmanlığım yoxdur”

Rüfət Səfərov: “Kiçicik belə, peşmanlığım yoxdur” Sabiq müstəntiqin müdafiəsinə daha bir müstəntiq qoşuldu


Ölkədə insan haqlarının kütləvi şəkildə pozulmasına, prokurorluq orqanlarındakı qanunsuzluqlara etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən və bundan sonra həbs olunan Rüfət Səfərovun müdafiəsinə vəkil Yalçın İmanov da qoşulub. Müdafiəçi aprelin 5-də cəzaçəkmə müəssisəsində Rüfət Səfərovla görüşüb. Bu haqda “Azadlıq”a Yalçın İmanov məlumat verib.
Görüş zamanı vəkil keçmiş müstəntiqlə hüquqi müdafiənin detallarını müzakirə edib. Söhbət əsnasında Rüfət Səfərov vəkilindən həmçinin onun hüquqlarının müdafiəsi ilə məşğul olan hər kəsə minnətdarlığını çatdırmağı xahiş edib.
“Rüfət eyni zamanda bildirdi ki, etirazlarına, hökumətin ünvanına tənqidlərinə görə 9 il həbslə cəzalandırılsa da, qətiyyən təəssüflənmir, hətta kiçicik peşmanlığı yoxdur. Rüfət deyir, əminəm ki, tez bir zamanda bu rejimlə mübarizə müsbət nəticə verəcək”, – deyə vəkil Rüfət Səfərovun söylədiklərini çatdırıb.
Xatırladaq ki, Rüfət Səfərov YAP-ın qurucularından olan, keçmiş deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik etmiş Eldar Sabiroğlunun oğludur. O, 2015-ci ilin dekabrında ölkədəki, o cümlədən prokurorluqdakı qanunsuzluqları, insan haqlarının pozulmasını tənqid edərək, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Ardınca onun haqqında cinayət işi başlanıb, Rüfət Səfərov rüşvət alma ittihamı ilə həbs olunub. Bir müddət sonra o, ev dustaqlığına buraxılıb. Amma yenə də hökumətin ünvanına tənqidlərini dayandırmayıb. 2016-cı ilin sentyabrında ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzası verilib. Məhkəmədə ona son söz demək, vəkilinə müdafiə çıxışı etmək imkanı da yaradılmayıb.
Rüfət Səfərov ittihamların saxta olduğunu, kimsədən rüşvət almadığını, əksinə, ölkədəki korrupsiyanı, qanunsuzluqları tənqid etdiyinə görə sifarişlə cəzalandırıldığını bəyan edib.

azadliq.info
Tarix: 6-04-2017, 07:05
Xəbəri paylaş





Xəbər lenti