Ziya Məmmədov hədəfdə: “Mühasirə” daralır

Ziya Məmmədov  hədəfdə: “Mühasirə” daralır Sabiq nazirin gizli işləri üzə çıxarılır

Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildiyindən sonra işsiz qalan Ziya Məmmədov yenidən hədəfə gəlib.Bir müddət öncə də Ziya Məmmədov nazir olduğu zamanlarda yol verdiyi korrupsiya, yeyinti faktlarına görə gündəmə gəlmişdi.Ancaq sonradan bu məsələlər bir qədər səngidi. Bu günlərdə isə Bakının yol infrasturukturunda olan nöqsanlar Ziya Məmmədovun adına yazıldı.


Ziya Məmmədov  hədəfdə: “Mühasirə” daralır
Belə ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli “APA-Economics”ə verdiyi müsahibədə zamanında Bankının yol infrastrukturunun, marşrut xətlərinin, dayanacaqların düzgün quraşdırılmadığını vurğulayıb və hazırda yaşanan problemlərin də məhz bundan qaynaqlandığını bildirib. Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzi (NİİM) tərəfindən quraşdırılan kiçik ödəmə aparatları haqqında fikirlərini bildirən V.Kərilmli qeyd edib ki, o, aparatların yenidən istismara verilməsi çox çətindir:

“Bilirsiniz ki, bu aparatlar bizdən öncə quraşdırılıb. Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin təhvil-təslim proseduru iki ildir yekunlaşmaq bilmir.Orada da avadanlıqların alınması, aparılan işlərlə bağlı ciddi problemlər var. O aparatların yenidən istismara verilməsi üçün çalışırıq, amma çətin məsələdir.Terminalların mühasibatlıq hərəkəti yoxdur.Haradan gəlib, haradan gedib, bunlar bilinmir”.

Göründüyü kimi, bu məsələdə də Ziya Məmmədovun korrupsiyaya yol verdiyi açıq şəkildə sezilir. Hətta həmin aparatların alınması, nə qədər vəsaitin xərclənməsi və digər prosedurlarda ciddi şəkildə yeyinti faktları var. Ümumiyyətlə Nəqliyyat Nazirliyinin həyata keçirdiyi layihələrin çoxunda bu kimi hallar üzə çıxıb və zaman-zaman gündəmə gətirilib. Bir müddət öncə, hələ Ziya Məmmədov nazir postunda olanda Dəmir Yolları QSC-ilə bağlı görülən işlərdə ciddi pozuntular, yeyinti halları üzə çıxarılmışdı.Ancaq həmin vaxt Ziya Məmmədov “nüfuzlu nazir” idi və bu məsələ tez ört-basdır edildi.İndi isə görünən odur ki, Ziya Məmmədov zamanında gördüyü “işlərlə” hədəfə gəlib.Bu isə onu deməyə əsas verir ki, Ziya Məmmədov haqqında yaxın zamanlarda ciddi tədbir görüləcək.

Sabiq nazirin həbs olunması ilı bağlı söhbətlər ciddiləşir. Bununla bağlı xəbərlər işdən çıxarılarkən daha yayğın idi. Bir müddət öncə Məmmədovların sahibi olduğu “Garant Holding”in maliyyə qaynaqları ciddi müzakirəyə çıxarıldı. Daha sonra Dəmir Yolları QSC-nin Nəqliyyat Nazirliyinin balansında olan zaman keçirdiyi tender zamanı xarici şirkətlərlə müəmmalı sövdələşmələrə getdiyi məlum oldu.Qeyd edək ki, bu məsələyə görə o, zaman tenderi udan İsveç şirkətinin rəhbəri həbs olunub və prokurorluq orqanları bununla bağlı araşdırma aparır.

Son günlər Ziya Məmmədovun adının bu kimi işlərdə hallanması, dövlət əmlakının mənimsənilməsilə gündəmə gəlməsi onun vəziyyətinin heç də yaxşı olmayacağına bir işarədir.Hər bir halda sabiq nazirin yaxın günlərdə həbs olunacağı ehtimalı yüksəkdir. Məlumdur ki, Ziya Məmmədov əvvəlki “nüfuza”, gücə sahib deyil. Bu baxımdan özünü qorumaq şansları da artıq minimuma enib. Digər tərəfdən Ziya Məmmədovun nazir olduğu zaman “ayağını” tapdaladığı kifayət qədər şəxslər var. Onlar da bu şansdan istifadə edərək sabiq nazirdən “qisas” almağa çalışırlar. Ehtimal olunur ki, sabiq nazir haqqında gündəmə gətirilən yeyinti faktlarının da arxasında məhz həmin qüvvələr durur.

Vilayət Muxtar
Tarix: 24-04-2017, 07:21
Xəbəri paylaş





Xəbər lenti