Milli Məclisdə işsizlikdən şikayət: “Problemlər gənclərə ailə qurmağa imkan vermir”

Deputat: “Evlənmə yaşı 30-35-dən yuxarı qalxıb, boşananların sayı isə sürətlə artmaqdadır”
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Əvvəlcədən elan olunmuş gündəlikdə dəyişiklik edilib, toplantının gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi əlavə edilib. Bununla da parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 7 olub. Gündəliyə çıxarılan məsələlərin müzakirəsindən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndiriblər.
“Erməni xalıq bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”
Deputat Ceyhun Məmmədov Azərbaycanla Ermənistan arasında sülhə mane olan qüvvələrdən danışıb və bildirib ki, bu gün Ermənistanda ictimai-siyasi gərginlik davam edir: “Gərginliyin əsas körükçüsü isə Baqrat Qalstanyan adında din dəllalıdır. Kilsə bu gün də eyni siyasəti davam etdirir. Əslində səmavi dinlərin tarix boyu bəşəriyyətə göndərilməsinin əsas səbəbi xalqlar arasında sülhü və barışı təmin etmək olub. Heç bir din insanlığı müharibəyə və düşmənçiliyə çağırmayıb. Bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir. Bəs yaxşı, Baqrat erməni cəmiyyətinə nə təklif edir? Sülhün alternativi müharibədir. Ermənistan dövləti və cəmiyyəti müharibəyə hazırdırmı? Hesab edirəm ki, erməni xalıq bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”.

“Mayın 26-da Baqrat Qalstanyan yenidən “izdihamlı” mitinqlər təşkil etməyi planlaşdırır. Tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub. Bu, sirr deyil”, - deyə millət vəkili vurğulayıb.
“Vizler bəyanatı ilə özünü biabır etdi”
“Lüksemburq Parlamentinin sədrinin söylədiyi fikirlər təxribatçı və qərəzli, bölücü mahiyyəti ilə yanaşı həm də siyasi cəhətdən savadsız, geosiyasi situasiyanın diqtə etdiyi reallığa və Ermənistanla Azərbaycan arasında davam edən sülh gündəminin hazırkı durumuna ziddir”. Bu sözləri isə çıxışı zamanı deputat Elnur Allahverdiyev səsləndirib.  
Millət vəkili qeyd edib ki, Klod Vizler bu bəyanatı ilə mövcud reallıqdan nə qədər uzaq və məlumatsız olduğunu biruzə verməklə, əslində özü-özünü yumşaq desək biabır edib: “ Biz Azərbaycanda Lüksemburq kimi dünya siyasətində heç bir rolu olmayan bir dövlətin rəsmilərinin ölkəmizə qarşı qərəzinin haradan, daha doğrusu, hansı digər dövlətdən qaynaqlandığını yaxşı bilirik və Klod Visler kimilərinin həyəcanını başa düşürük.
“O şəxslərin 30 il öncə qətl edikləri azərbaycanlı qadın, uşaq, yaşlı insanların qalıqlarını biz indi tapıb üzə çıxarırıq”
“2020-ci ilin 44 günlük müharibəsində və ötənilki antiterror əməliyyatındakı hərbi qələbələrimizdən sonra onlarla Vizlerəbənzər qərbli, avropalı, əsasən də fransalı siyasət adamlarının Ermənistana gəlib özlərini gülünc vəziyyətə qoyduqlarının şahidi olmuşuq. Onlar nəyə təsir edə biliblər ki, Klod Vizler də bu “uğur”u təkrarlaya bilsin? Bununla belə, yaxşı olardı ki, Lüksemburqun parlament sədri belə məsuliyyətsiz çıxışlar etmədən öncə ona verilən konspektlərdəki məlumatları dəqiqləşdirsin. Məsələn, Azərbaycan tərəfindən həbs edilən canilərin kimliklərinə dair ətraflı və obyektiv informasiya almağa çalışsın, onların insanlığa və bəşəriyyətə qarşı cinayət əməlləri barədə məlumatlı olsun. Cənab Vizlerin bilməsi yaxşı olar ki, o şəxslərin 30 il öncə qətl edikləri azərbaycanlı qadın, uşaq, yaşlı insanların qalıqlarını biz indi tapıb üzə çıxarır, onillərdir gözü yaşlı qalmış ailələrinə təhvil veririk ki, dinimizə uyğun dəfn edilsinlər. Bu, həmin ailələr üçün böyük təsadlıqdır ki, doğmalarının heç olmasa məzarlarının yerlərini biləcəklər”, - Allahverdiyev əlavə edib.

Millət vəkili sual edib ki, görəsən, Vizlerin təmsil etdiyi ölkənin vətəndaşlarına qarşı belə amanıszlıqlar etmiş canilərə münasibəti necə olar: “Başqa bir dövlətin rəsmisi onlara “azadlıq” tələb edəndə bu, Vizlerin ürəyincə olarmı? Belə çıxır ki, Ermənistan dövləti və rəsmiləri sözügedən canilərin mahiyyətinə bələddir deyə, onlarla bağlı bir kəlmə belə danışmır, ancaq uzaq və kiçik Lüksemburqun Parlament sədri Qukasyanın, Saakyanın, Babayanın və başqalarının taleyindən narahatdır”,- deyə o bildirib.
Bahar Muradova deputatlara illik məlumatı təqdim etdi
İclasda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilib. Sənədi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. O bildirib ki, hesabat dövründə gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə (860) 302 müraciət daxil olub. Müraciət edənlərin 237 nəfəri qadın, 65 nəfəri kişi olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2022‐ci illə müqayisədə 12,3% artıb. Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıqla (146), cinsi zorakılıqla (6) bağlı olub. Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb.
“Əslində, 10-15 qadın icra başçımız olmalı idi”
Müzakirə zamanı deputat Fazil Mustafa işsizlik problemini gündəmə gətirib. Millət vəkili qeyd edib ki, işsizlik, digər sosial problemlər imkan vermir ki, gənclər ailə qursun: “Evlənmə yaşı 30-35-dən yuxarı qalxıb, boşananların sayı isə sürətlə artmaqdadır. Eyni zamanda, selektiv abortların artması gələcək üçün ciddi təhlükə yaratmaqdadır. Abortların 27 faiz artması çox ciddi mesajlar verir”.
“Digər tərəfdən qadınlarımız müxtəlif bürokratik əngəllər qarşısında durmaq istəmirlər. Böyük əksəriyyət qadınlar kişilərin çəkdiyi əzabı dövlət qurumları qarşısında çəkməyə maraqlı deyillər, buna gücləri çatmır, xarakterləri imkan vermir. Bir dənə də olsun qadın icra başçımız yoxdur. Əslində, 10-15 qadın icra başçımız olmalı idi”, - deyə deputat o bildirib.

Deputatdan təklif: “Ailəli qadınlar işə bir saat gec gəlib, bir saat tez çıxsınlar”
Deputat Tahir Rzayev isə çıxışı zamanı təklif edib ki, ailəli və uşaqlı olan qadınlar işə bir saat gec gəlib, bir saat tez çıxsınlar: “Uşaqlı olan qadınların üzərinə böyük vəzifələr düşür, ona görə də bu güzəştlər edilməlidir. Qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir. İşdən gəldikdən sonra isə ev işləri ilə uşağının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiniz. Ona görə də bu təklif nəzərdən keçirilməlidir”.
Millət vəkillərinin fikri haçalandı: “Azərbaycan qadınlarının 90 faizinin heç ərizə yaza bilməməsi fikri doğru deyil”
“Rayon və kəndlərdə hüquqi savadsızlıq tüğyan edir, qadınların əksəriyyəti savadsızdır”, - deyən millət vəkili Razi Nurullayev çıxışı zamanı həyəcan təbili çalıb: “Az qala 90 faiz əhali heç ərizə yaza bilmir, nəinki adi hüquqi prosedurları bilsin. Ona görə də, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu vəzifəni həyata keçirmək üçün əlavə vəsait ayrılmalıdır”.
Deputat Hikmət Babaoğlu isə həmkarının fikiri ilə razı olmayıb: “Mən belə şeyləri mən qəbul etmirəm. Azərbaycan qadınlarının 90 faizinin heç ərizə yaza bilməməsi fikri doğru deyil. Azərbaycan qadınları folklorun bütün janrlarında qoşma, gəraylı, şeir və s. hansı formada deyirsiniz nümunələr yaradıb. Necə yəni 90 faiz yazı yaza bilmir?! Azərbaycanda yazıb oxumaq 100 faizdir. Maşallah bütün qadınlarımız yazmağı da, oxumağı da bilirlər”.
Müzakirələrdən sonra illik məlumat qəbul olunub.
Müəllif: Anar Bayramoğlu
Tarix: 26-05-2024, 23:02
Xəbəri paylaş





Xəbər lenti