Media kapitanları bu BANKLARDAN narazıdır – SİYAHI açıqlandı
Demək olar ki, hər gün, hər saat, hər dəqiqə banklardan şikayətçi olan siravi vətəndaşların siyahısına baş redaktorlar da qoşuldu. Onlar narazı olduqları bankların adlarını açıqladı. Tribunainfo.az banklardan narazı olan baş redaktorların sorğusunu təqdim edir. “Pravda.az”ın baş redaktoru İlkin Pirəli bildirib ki, Azərbaycanda banklarla bağlı problemlər kifayət qədərdir. Onun sözlərinə görə, bunu sosial şəbəkələri izləməklə görmək mümkündür. “Ən çox da şikayət edilən bank “Kapital Bank”dır. Bu da təbiidir, çünki ölkənin ən böyük banklarındandır, müşətirisi çoxdur. Belə olan halda bank işinə məsuliyyətlə yanaşmalıdır. Ən böyük problemlərdən biri təhlükəsizliklə bağlıdır. İnsanlar vəsaitlərinin güvəndə olduğuna əmin deyillər. Baxın, kartlardan nə qədər dələduzluq yolu ilə vəsait çəkilir. Məsələ hələ də aktualdır və həllini tapmır”. “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa hesab edir ki, ümumiyyətlə, ölkədə bank sistemi düzgün qurulmayıb və bu sahədə şəffaflıq yoxdur: “Azərbaycanda normal istisadi münasibətlər formalaşmadığından bank sistemi də vətəndaş üçün güvənli və etibarlı deyil. İndiyə qədər bağlanan banklarla bağlı vəziyyətə baxsaq, görərik ki, müştərilərin hüquqları pozulub, onların əmanətləri qaytarılmır və ya keyfiyyətli xidmət göstərmirlər. Bütün hallarda insanların hüquqlarını pozurlar. Yəni müştərilər gəlirinin bir hissəsini banklara əmanət edir, bankdan borc götürür, maşınını və evini sığortalayırlar, amma nəticədə problemlə qarşılaşır, banklar öhdəliklərini yerinə yetirmirlər, hər şeyi öz xeyirlərinə həll edirlər. Bu sahədə şəffaflıq demək olar yoxdur”. Baş redaktor deyir ki, banklar müştərilərin hüquqlarını pozanda müdafiəsiz qalırlar, çünki müdafiə mexanizmləri işlək deyil: “Uzun illərdir, iqtisadçılar çağırış edirlər ki, ölkədə Maliyyə Ombudsmanına ehtiyac var. Yəni insanların hüquqlarını qoruyan mexanizmlər işlək deyillər. Açığı, inanmıram ki, hətta Maliyyə Ombudsmanı olsa belə, müştərilərin hüquqları qorusun. Mənzərə belədir”. “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib ki, elə düşünürəm ki, xidmətlərindən yararlandığım banklar və ümumiyyətlə ictimai rəylərdə də olan fikirlərdən belə anlayıram ki, ən uğursuz bank kimi xüsusən də vətəndaşların, sadə istifadəçilərin hüquqlarını pozan bank “Kapital Bank”dır. “Çünki bu bank hətta öz kartları, xidmətləri arasında belə müştərilərdən ağılasığmaz dərəcədə yüksək faizlər tətbiq edən bir bankdır. Demək olar ki, bu bankda heç bir müştəri yönümlülükdən söhbət gedə bilməz Ona görə də mən bu bankın fəaliyyətini uğursuz hesab edirəm”. “Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli bildirib ki, ən çox insanların narazı qaldığı banklardan biri “Access Bank”dır. Hər gün bu bankla bağlı şikayətlər gəlir. Hətta nəinki siravi vətəndaşlara qarşı hətta bir sıra media sahibkarlarına qarşı da bu bank narazılıq yaradır. Bu narazı şəxslərin arasında bizim bir neçə həmkarlarımız da var. “Bank BTB” də narazı olduğum banklar arasındadır. Bu bank barədə də şikayətlər çoxdur. “Turan Bank” da vətəndaşların şikayətçi olduğu bir bank idi. Artıq yoxdur, bağlanıb”.