Putin “Oreşnik”in kütləvi istehsalı barədə qərar verib
“Yeni raket yüksək dəqiqliyə malik silahdır, lakin o, kütləvi qırğın silahı deyil” Rusiya Prezidenti Vladimir Putin noyabrın 21-də ilk dəfə Ukraynaya qarşı istifadə edilən ortamənzilli “Oreşnik” ballistik raketinin kütləvi istehsalına qərar verib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Prezident Kremldə Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi sənaye kompleksinin nümayəndələri ilə görüşündə bildirib. Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakaev raketin istifadəyə verilməsini təklif edib və buna Putin cavab verib: “Biz bunu edəcəyik”. “Biz ən yeni sistemi sınaqdan keçirməyə davam edəcəyik. Kütləvi istehsal qurmaq lazımdır”, - Putin bildirib. Prezident vurğulayıb ki, “Oreşnik”lə yanaşı, Rusiyada eyni vaxtda bir neçə oxşar sistemin yaradılması üzərində iş gedir. Putin həmçinin qeyd edib ki, “yeni raket yüksək dəqiqliyə malik silahdır, lakin o, kütləvi qırğın silahı deyil”. Qeyd edək ki, Rusiya qoşunları Ukraynanın Dnepr şəhərinə hücum etmək üçün ilk dəfə “Oreşnik”dən istifadə edib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, raket çox güman ki, “Kedr” mobil raket sisteminin bir hissəsi olub.