Şamaxının icra başçısı kəndliyə qənim gəlib? - ŞİKAYƏT

Şamaxının icra başçısı kəndliyə qənim gəlib? - ŞİKAYƏT "Keçən il susuzluqdan yanan sahəni ağır texnika gətizdirib təmizləyəndə dözə bilmədim, ağladım. Elə bil, öz əziyyətimi kürüyüb çaya tökürdüm". Kənd təsərrüfatı ilə məşğul olan Şamaxı sakini Fərman Qulamov deyir, hazırda rayonda bəzi əkin sahələri susuzluqdan cadar-cadar olub. Kəndli və fermerlərin əkdikləri sahələr göz önündəcə susuzluqdan külə dönür: "Əziyyəti və xərc çəkməyi bizə qalır. Bu boyda problemin həlli bircə arxa bağlıdır. O arxı da sanki qəsdən, əhaliyə əzab vermək üçün çəkmirlər".

Fərman Qulamov 10 hektar sahədə qarğıdalı, daha 10 hektar sahədə isə günəbaxan əkib. Ancaq susuzluqdan yanan sahələr çəyirtkə və başqa həşəratlarla dolub: "Burda elə sahələr var ki, yağışdan sonra suyla dolub, əkin zay olub, elə sahələr də var ki, əksinə, su görmür. Kəndlilər yerli dövlət qurumlarına çox gözəl təkliflər irəli sürüblər. Sadəcə, bu təklifləri gerçəkləşdirməyə maliyyə lazımdır. Özü də bu maliyyə hökumət üçün elə də böyük xərc deyil. Təklifimiz odur ki, məsələn, yağıntı zamanı dolan əkin sahələrindəki suların suvarmadan kənarda qalan sahələrə ötürülməsi üçün arxlar çəkilsin. Başqa ölkələrdə kənd təsərrüfatlarında bu təcrübə var. Bir az xərci var, hökumət əlini cibinə salsa, problemimiz yerli-dibli həll olunar".

Yasər Namazovunsa, əksinə, əkin sahəsini su basıb. O, suyu çəkməyə 16 hektarlıq sahəyə xüsusi qurğular gətizdirib. Ancaq buna baxmayaraq, özü demişkən, itirdiyini itirib: "Məhsul əlli əlliyə əldən gedib. Ancaq heç olmasa, yarısını götürmək də qənimətdir.

Bir tərəfdə sahələr su altında qalıb, bir tərəfdə sahələr susuzluqdan məhv olur. Fermerlər başlarını itiriblər. Susuz sahələrə yaxın Hacıqədirlidə göl var, sanki fermerlərə gözdağıdır. Suyu ilboyu Şamaxıdakı bütün əkin sahələrinə bəs edər. Gəl ki, göldən arxlar çəkilmir. Yazıq kəndli suyu pulla alır. Su satışıyla da icra başçısının öz adamları məşğul olur. Deməli, əslində, arxlar ona görə qazılmır ki, bir neçə adam su satışından əldə etdiyi qazancı itirməsin. Bu, yüz faiz belədir".

Şamaxı rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, kəndlilərin əkin sahələri ilə bağlı problemləri ilə Kənd Təsərrüfatı Nazirliyi məşğul olmalıdır. Ancaq nədənsə, kəndlilər hər dəfə icra hakimiyyətinə üz tuturlar: "Bununla belə, şikayətlərini aidiyyəti qurumlara bildiririk. Növbəti illərdə əkin sahələrinin suvarılmasında problem olmayacaq. İcrasını gözləyən müəyyən dövlət layihələri var. Ancaq indidən bu barədə danışmaq tezdir".

Elə kəndlilər də əkin sahələrini susuzluğun əlindən alacaq istənilən layihənin, dövlət proqramının tezliklə icra olunmasını arzulayırlar. Ən azı, qurumuş sahələrdən topladıqlarını çaya tökmək üçün yox, məhsulu bazara çəkmək üçün...
Tarix: 16-06-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti