İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov vəzifəsindən çıxarıla bilər. Buna səbəb onun oğlunun yayılan videosu və fotolarıdır.
Ulus.Az-a verilən xəbərə görə, idarə rəisinin Azərbaycan Kooperasiya Universitetində təhsil alan tələbə oğlu Sabir Məmmədlinin bahalı maşınlarla avtoxuliqanlığı və bu faktın lentə alınması onun başına bəla olub.
Prezident dəfələrlə məmurlara və balalarına xəbərdarlıq edib ki, harınlıq etməsinlər, özlərini sadə aparsınlar. Amma bir idarə rəisinin tələbə oğlu “meydan sulayır”. İnternetdə yayılan kadrlar N.Məmmədovun işini itirməsi ilə nəticələnə bilər.
Bundan qabaq da məmur uşaqlarının qudurğan hərəkətləri mediya sızıb və onlar cəzalandırılıblar.
400 minə qızına toy edən Bakı Liftlər İdarəsi müdiri sonuncu nümunə idi. Amma İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov onu geridə qoyub. Xeberdar.net yazıb ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisi, əməlləri ilə Prezident iradəsinə qarşı çıxan Nizami Məmmədovla bağlı araşdırmalar davam edir.
İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov martın 8-də – doğum günü, paytaxtın ən bahalı restoranlarından birində - “ALTUN” sarayda özü üçün ölkə şou-biznes nümayəndələrinin iştirakı ilə 50 illik yubiley tədbiri keçirib.
Məlumata görə şou-biznes nümayəndələrinin, hətta klounların belə qatıldığı məclis gecənin gec saatlarına qədər davam edib.
Sayt yazıb ki, Əhməd Əhmədzadə və İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev Nizami Məmmədovu himayə etməkdədirlər. Əgər belə olmasaydı hər iki qurumun rəhbərliyi və ya müvafiq strukturlar məsələyə rəsmi münasibət bildirərdilər.
Ulus.Az xəbər verir ki, N.Məmmədovun adı maxinasiyalarda hallanır. Onun mənmsədiyi pullardan isə Əhmədzadəyə və Hacıyevə çatdığı iddia olunur. Ona görə də idarə rəisinə hami olublar.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yerli qurumlarının əksəriyyətində neqativ hallar hökm sürür.
Əlaqədar hüquq-mühafizə orqanları və digər qurumlar səviyyəsində suvarma sistemləri idarələrində hökm sürən qanunsuzluqlara qarşı mübarizə aparılsa da, bir nəticəsi yoxdur.
Bəzi xırda rütbəli məmurlar dövlət büdcəsinin vəsaitini öz pulları hesab edərək sağa-sola necə gəldi xərcləyirlər.
Məhz bu səbəbdən layihələndirilən işlər ya keyfiyyətsiz şəkildə həyata keçirilir, ya da yarımçıq qalır.
Bu üzdən əksər rayonlarda əkin sahələrinin suvarılması sahəsində ciddi problemlər mövcuddur. Fəaliyyəti qənaətbəxş hesab olunmayan müəssisələrdən biri də İmişli rayon Suvarma Sistemləri İdarəsidir.
Belə ki, melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür.
İdarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşınalıqlara yol verir. Nəticədə ayrı-ayrı əkin sahələri və təsərrüfatlar susuz qalır.
Tarix: 20-06-2017, 03:48