Göyçayda əcaib oğurluq vüsət alıb - ŞİKAYƏT

Göyçayda əcaib oğurluq vüsət alıb - ŞİKAYƏT "İndi də bizim kəndə əl atıblar. Sahələr qazılır, borular kəsilib aparılır. Bu işləri bir qrup dələduz edir. Asan qazanc yolu tapıblar. Qonşu kəndlərin borularını satıb bitirdilər, keçdilər bizim kəndə..." Bunu Qarabaqqal kəndinin sakinləri deyir. Onlar rayon ərazisindəki kəndlərdə əkin sahələrinin qazılması və boruların qazanc məqsədilə kəsilib daşınması prosesinin sürətləndiyini iddia edirlər.

Kənd sakini Sabir Qazıyev deyir, boru kəsənlər indi də üç kəndi birləşdirən su kəmərinə əl atıblar: "Kəsib daşıdıqları həm içməli su, həm də suvarma borularıdır. Kəsib aparırlar, satırlar, bir azdan da başlayacaqlar yeni borular çəkməyə. Hər iki halda qazanan özləridir. Olanı dağıdıb, yenisinə pul xərcləməklə həm də öz ciblərinə qatlayıb qoyurlar. Bizdən əvvəlki kəndlərin sakinləri bu işləri durdurmaqdan ötrü dəfələrlə prokurorluğa, icra hakimiyyətinə, bələdiyyəyə müraciət ediblər. Kəndlilər müraciət etdikcə oğrular işlərini daha da genişləndirirlər".

Boruların kəsilib bilinməyən istiqamətə daşınması ilə bağlı hüquq müdafiəçisi Taleh Xasməmmədov da sosial şəbəkədə yazıb. O, qeyd edib ki, boru kəsimiylə məşğul bir qrup hazırda Kürtmaşı-Qarabaqqal kəndləri arasında çəkilmiş, əkin sahələrinin təxminən 25 km uzunluğunda olan suvarma borularını kəsməkdədir. Başqa qrupsa Bığır-Qarabaqqal kəndləri arasında çəkilmiş, 170 ailənin bir müddət əvvələ qədər yararlandığı uzunluğu 12 km olan boruları sökərək daşıyır:

"Həmin vaxt kənd sakinləri ilə ərazidə iş aparan şəxslərə yaxınlaşaraq boruları niyə sökdüklərini, hara və niyə daşıdıqlarını soruşduq. Bəziləri özlərini fəhlə, bəziləri Su-Kanal idarəsinin işçiləri kimi təqdim etdilər. Dövlət nömrə-nişanı olmayan ekskavatorun sürücüsü isə fəhlələri götürərək işlədikləri ərazidən qaçaraq uzaqlaşdılar".

Taleh Xasməmmədov qeyd edir ki, görülən işlərin qanuni olub-olmamasını soruşublar və iş aparan şəxslərdən sənəd tələb ediblər. Lakin həmin şəxslər müxtəlif yerlərə zənglər etməyə başlayıblar. Telefonda onlara göstəriş verilib və dərhal ərazini tərk ediblər: “Onlar həm əkin sahələrinin suvarılması, həm də içməli sudan ötrü istifadə olunan su borularını dövlətdən oğurluq etməklə satıb pullarını mənimsəyirlər”.

Bundan əvvəl də yerli KİV Göyçayın Mirzəhüseynli kəndindən keçən, əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş 5 kilometr uzunluğunda borunun, Qaraməryəm kəndində “Çərmədil” adlanan böyük əkin sahəsini suvarmağa istifadə olunan 4 km uzunluqda paslanmayan su borusunun sökülərək daşındığını yazıb. Hər dəfə kənd bələdiyyələri AzadlıqRadiosu-na bildiriblər ki, boruların kəsilib daşınması ilə yaxından-uzaqdan əlaqələri yoxdur. Hətta Qaraməryəm kəndinin bələdiyyə sədri bildirmişdi ki, o özü bu barədə uyğun dövlət orqanlarına müraciət edəcək.

Göyçay rayon icra hakimiyyətindən isə bildirilib ki, daşınan borular istismar müddətini başa vurub: "O borulardan, azı, 10-15 ildir ki, istifadə olunmur. Kəndlərdə suvarma və içməli su sisteminin yaxşılaşdırılması məqsədilə uyğun qurumlar işlər aparırlar. Bu işlərə su borularının dəyişdirilməsi, yenisi və müasiriylə əvəzlənməsi də daxildir. Hazırda sökülən borularla təkcə Qarabaqqal kəndi sakinləri su götürə bilirdi, Bığır kəndi isə susuz qalmışdı. Yeni çəkiləcək su boruları vasitəsilə bir neçə kənd su götürə biləcək".
Tarix: 20-06-2017, 10:30
Xəbəri paylaş





Xəbər lenti