“Azəravtoyol” sədri ilə Ağcabədi şefinin İlham Əliyevə xəyanət yolu - Video

“Azəravtoyol” sədri ilə Ağcabədi şefinin İlham Əliyevə xəyanət yolu - Video “Azəravtoyol” ASC sədri Saleh Məmmədovla Ağcabədinin icra başçısı Şahin Məmmədovun prezident İlham Əliyevə etdiyi yol xəyanəti barədə konkret faktlar ortalığa qoyulub

Ulus.Az-ın verdiyi məlumata görə, baş yolçu ilə icra başçısının birgə maliyyə maxinasiyaları Ağcabədiyə gedən bütün yolları blokadaya salıb.

Rayona hansı qonşu zonadan daxil olmaq istəsən mümkün deyil. Çünki ayrılan pullar bir neçə dəfə mənimsənilib.

Bu problemi xüsusi reportajla qabardan tezadlar.az qeyd edir ki, 10 ildən çox olan icra başçılığı bircə onunla yadda qalıb ki, əl boyda Ağcabədinin mərkəzini gül-çiçəkli edib, bir də daim Bakıdan qonaq qəbul edib. Vəssalam. Nə vaxt gedirsən, köməkçisi deyir ki, Bakıdan qonaqları var. Gah deputat, gah hansısa məmur...

Bəs başçı bilmir ki, Bakıya getməkdən ötrü Ağcabədidən Hindarx-Ağdam-Bərdə, yaxud Ağcabədi-Kanalaltı yoluynan Bərdə-Bakı marşrutu ilə, ya da Ağcabədi-Beyləqan yolu ilə, lap sonda məcbur olub Ağcabədi-Zərdab-Kürdəmir yoluna çıxmaq lazımdır? Necə çıxasan? Hər addım ölümlə üz-üzə olmalısan.

Sakinlər deyirlər ki, prezidentin Allah canını sağ eləsin, hər il bir neçə dəfə rayonların yollarına vəsait ayırır, həm də Ağcabədiyə… Bəs niyə Ağcabədi indi mühasirə vəziyyətindədir??? Hindarx yolu ilə getsən, yaxşı halda 1-ci qrup əlillik alacaqsan.

Ulus.Az-ın xəbərinə görə, Ş.Məmmədovdan Prezident Administrasiyasında da ciddi narazılıq var. Onun fəaliyyəti barədə tez-tez PA-ya şikayətlər gedir. Bundan qabaq yayılan səs yazısı da icra başçısını biabır etmişdi.

Amma yollara ayrılan pulların mənimsənilməsi barədə şikayətlər ölkə rəhbərliyini də qəzəbləndirib.

Artıq iqtisadi şərait elədir ki, dotasiyalar kəsilib, prezident qeyri-neft sektorunu inkişaf etdirir, büdcə xərcləri azaldılır.

Belə vaxtda isə prezidentin hər dəfə ayırdığı yol pulu ciblərə axır. Eyni zamanda “Azəravtoyol” ASC sədri də bu işlərə şəriklikdə ittiham olunur.

Buna görə də tezadlar.az yazıb ki, Ağcabədiyə səfər zamanı söhbətin bu yerində 04-AA-002 dövlət nömrə nişanlı avtomobil qarşımızdan Bakı istiqamətinə keçdi.

Sürücü dərhal bizə həmin avtomobili göstərdi - Ağcabədinin İcra Başçısı Şahin müəllimin 1-ci müavini Rövşən Əhmədovun maşınıdır. Yəqin Bakıya gedir. Amma hansı yolla gedəcək?

Ağcabədidən Bakıya getmək üçün bir neçə istiqamət var: 1-cisi, Ağcabədi-Hindarx-Ağdam-Bərdə-Bakı, 2-ci istiqamət: Ağcabədi-Laçın (taxta körpü)-Zərdab-Mollakənd-Kürdəmir-Bakı, 3-cü yol-Ağcabədi-Beyləqan-Bəhrəmtəpə-Sabirabad-Bakı yolu.

Nəhayət, 4-cü yol-Ağcabədi-Kanalboyu adlanan yol-Bərdə-Yevlax istiqaməti. Biz artıq o vəziyyətdəyik ki, bilmirik bu 4 istiqamətin hansından istifadə edək.

«Azəravtoyol” ASC-nin 39 və 40 saylı yol idarələrinin yarıtmaz işi göz qabağındadır… Sürücü Mollakənd yolundan Zərdaba tərəf dönəndə gözəgəlimli bir neçə iri reklam lövhələrini göstərmişdi.

Lövhələrdəki bələdçi yazılardan məlum olur ki, «Allah, Allah!» deyib keçdiyimiz bu yollara «Azəravtoyol” ASC-nin 39 və 40 saylı «Yol istismarı» MMC-ləri xidmət göstərir.

Həmçinin digər yollara da «Azəravtoyol” ASC-nin digər bu tip çoxsaylı, amma yarıtmaz işli MMC-ləri.

Bilmirik, «Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov sonuncu dəfə bu yollardan nə vaxt keçib, amma çox istərdik ki, yuxarıda təsvir edilən, dislokasiyası göstərilən yollardan xidməti avtomobili ilə indi bir də keçsin.
Tarix: 7-07-2017, 09:05
Xəbəri paylaş





Xəbər lenti