Xaçmazda şok: İcra başçısı Şollar su kəmərini satıb

Xaçmazda şok: İcra başçısı Şollar su kəmərini satıb Xaçmazın “fironu”, əbədi icra başçısı Şəmsəddin Xanbabayev satmağa yer tapmır; Geridə qalan illər ərzində rayonu qarış-qarış peşkəş edən Ş.Xanbabayev indi də Şollar su kəmərinin üstünü satmağa başlayıb. Məlumata görə, Şollar su kəmərinin üstündə ticarət obyektləri tikilir. Əhalinin təhlükəsizliyinə bir təhdid olan bu addımı düşünmədən atan icra başçısı öz mənfəətini güdüb.
Ölkənin heç bir regionunda icra başçıları bu qədər acgözlük nümayiş etdirmir. Xaçmazın rəhbəri isə rayonu altını üstünə çevirib, harda boş sahə görür satır. Ancaq bu dəfə bütün sərhədləri aşaraq Şollar kəmərinin üstünü də sahibkarlara verib. Qanunvericiliyə görə 1200 mm diametrli yüksəktəzyiqli su kəmərinin hər tərəfdən 20 metri onun mühafizə zolağı sayılır və orada hər hansı tikinti aparmaq qadağandır. Amma şollar su kəmərinin Xaçmaz şəhərindən keçən hissəsində qanunvericiliyin bu tələblərindən əsər-əlamət yoxdur.
Kəmərin mühafizə zolağı fiziki şəxlərə satılıb ki, onlar da ərazidə aidiyyatı üzrə müxtəlif təyinatlı inzibati binalar inşa edib. Bu sahibkarlıq subyektləri arasında yanacaqdoldurma məntəqəsi, avtosalon, çörək sexləri, restoran, şadlıq sarayı və istehsal müəssisəsi mövcuddur. Məlum olub ki, mühafizə zolağında qanunsuz tikilən inzibati binanın əsl sahibi Xaçmazın icra başçısınındır. Sənədlərdə başqasının adı keçir.
Qanuna zidd olaraq bütün obyektlər Şollar su kəmərinin mühafizə zolağında, elə obyekt var kəmərin düz üzərində inşa olunub. Bu da əhalinin həyatına və içməli su ilə bağlı təhlükəsizliyinə ciddi hədədir. Şollar su kəmərinin mühafizəsi 2004-cü ilə kimi qorunub saxlanılıb. Lakin Xaçmazın hazırki icra başçısı Şəmsəddin Xanbabyev bu qərarı rayona rəhbər gələndən sonra pozub. Ən maraqlısı da odur ki, mühafizə zolağında bütün obyektlər Xaçmazın dövlət qulluqçularına məxsusdur.
12 ildir rayonu idarə edən Şəmsəddin Xanbabayev səhər hansı ərazini gəzirsə oranı peşkəş etmək istədiyi bilinir. Mərkəzi qarış-qarış pay-püş edən başçı dotasiyasız dolanmağın yolunu tapıb. Əhali isə problemlər girdabına boğulur, şəhər və kənd yolları Suriyaya çevrilib, Qarğalıq kəndinə rayon rəhbərliyi də gedə bilmir. Heydər Əliyev Mərkəzi isə təmirsiz qalıb. İndi Xaçmazda hər addımbaşı iaşə obyekti görmək olar. Vaxtilə həmin ərazilər genişlik idi. Xanbabayev isə şəhərin o yerlərini peşkəş edib.
Camaatın gözü öyrəşib ki, icra başçısı satsın və qazansın. Üstəlik, yer almaq elə də çətin iş deyil. İstənilən xaçmazlı ticarət obyekti tikmək istəyirsə başçı ilə görüşə bilir. Tərəflərin sövdələşməsindən sonra alqı-satqı aparılır. Ümumiyyətlə, regionlarda başçıların əksəriyyəti əraziləri satmaqla pul qazanır.(ulus.az)
Tarix: 6-08-2017, 23:22
Xəbəri paylaş





Xəbər lenti