Laçınlı Şəhid ailəsi küçəyə atıldı - VİDEO

Laçınlı Şəhid ailəsi küçəyə atıldı - VİDEO Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və onun ətrafı nədənsə həmyerliləri olan məcburi köçkün və Şəhid ailələrinə qarşı laqeyd münasibəti ilə Azərbaycan mediasında özlərinə qarşı mənfi fikirlər oyatmışdır. Aqil Nəzərli Laçın rayonu icra başçısı təyin olunandan rayon ictimaiyyətindən və mediadan nədənsə qaçaqdır. Bu da birbaşa onun işinə və məsuliyyət daşıdığı insanlara qarşı hörmətsizliyindən irəli gəlir. Bir çox Laçın rayonuna məxsus dövlət tədbirlərində nədənsə Aqil Nəzərlinin çıxışı yox, məhz onun müavinlərinin çıxışlarını müşahidə etmişik. Çox maraqlıdır ki, adı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın adamı kimi hallanır və hər yerdə də qeyd edir ki, mənə Zakir Fərəcov tapşırıb ki, mediadan hər zaman uzaq ol.

XəbərAl.az saytı xəbər verir ki, bu yaxınlarda elektron ünvanımıza əslən Laçın rayonundan məcburi köçkün və Şəhid ailəsi Rzayeva Afaq tərəfindən müraciət olunmuşdur. Müraciətdə bildirilir ki, o Laçın rayonunda Şəhid olmuş Əhmədov Şahin Əhməd oğlunun həyat yoldaşıdır. Amma bu vaxta qədər nə Şəhid ailələrinə, nə də məcburi dövlət tərəfindən verilən heç bir yardımın üzünü belə görməmişdir. Çox güman ki, bu yardımları qaçqınkom ilə birgə Laçın Rayon icra hakimiyyəti mənimsəmiş, hələ bu az deyilmiş kimi Şəhid ailəsinin küçədə qalmasına səbəbkar olmuşlar. Rzayeva Afaq onu da bildirir ki, 1992-ci ildə məcburi köçkün kimi Ali Sovet tərəfindən Binəqədi rayonu Naxçıvan 15/168 mən30 ünvanında yerləşən, əvvəllər sahibi erməni olan bir evə yerləşdiriliblər. 1996-cı ildə isə əslən Gədəbəydən olan Həsənova Tamella Kazım qızına evin satıldığı xəbərini eşitdik. Bu barədə qaçqınkoma məlumat verdik. Qaçqınkomdan bildirildi ki, siz nə vaxt dövlət tərəfindən evlə təmin olunsanız, o evdən çıxacaqsınız. Amma bu ildən Binəqədi icraçıları məni çağırıb bildirdilər ki, sən hökmən yaxın müddət ərzində evi tərk etməlisən,ev artıq məhkəmə qərarı ilə satılıb.Mən onlara yalvardım ki, dövlət tərəfindən evlə təmin olunduqdan sonra evdən çıxarılım. Bundan sonra qaçqınkom və Laçın Rayon Şəhid Ailələri və Əlillər Cəmiyyətinə müraciət etdim,onlar gəlib akt tərtib etdilər ki, bizi dövlət evlə təmin edəndən sonra biz çıxacağıq.Binəqədi Rayon İcra Hakimiyyətinə bir neçə yazılı məktub göndərdilər ki, həqiqətən də ev verilənə qədər mən o evdə qalmalıyam. Bununla yanaşı, Ədliyyə Nazirliyində icraçıların nümayəndəsi Nurəddin müəllimin qəbulunda oldum.Nurəddin müəllim də dedi ki, sənə heç bir məhkəmə icraçısı söz deyə bilməz,sən Şəhid ailəsisən,sənə ev verilənə qədər o evdə yaşayacaqsan. Dəfələrlə Laçın Rayon İH başçısı Aqil Nəzərlinin qəbulunda olsam da, hər zaman mənə eyni sözü dedi “ narahat olma, səni o evdən heç kim çıxarda bilməz.Qaçqınkoma tapşırmışam “ Daha sonra məni Binəqədi Rayon Məhkəməsi icraatına çağırdılar. Məni sorğu-sual edən Binəqədi rayon məhkəməsinin icraçısı Bəxtiyar adlı bir şəxs öz kobudluğu ilə üstümə qışqıraraq “mən Şəhid ailəsi,məcburi köçkün tanımıram. İki günə evi tərk eləməsəniz, sizi məcburi küçəyə atacam. O evə Tomanı yerləşdirəcəm “ dedi. Mən də cavabımda bildirdimki, mən Şəhid ailəsiyəm, yoldaşım Şahin Vətən,millət yolunda canını qurban verməyib ki, sən məni küçəyə atasan. Mənim Cənab Preizdentim var. Cənab Prezident İlham Əliyev Şəhid ailələri və məcburi köçkünlərə lazımi diqqət və qayğını göstərir. Mənim Şəhid yoldaşı və məcburi köçkün olduğumu nəzərə alıb, bu ahımı yerdə qoymayıb, məni evsiz qoymaz.

Beləliklə, 21.07.2017-ci ildə bizim ailə işdə olan zaman qonşular mənə zəng vurdu ki, köçürsən ? – dedim ki, yox. Dedilər ki, sizin evi köçürürlər. Mən də tez bacıma və anama ağlaya-ağlaya zəng vurdum. Nə xeyri, mən evə gələndə artıq evdə heç bir əşya yox idi, ev tamamilə icraçılar və polis tərəfindən boşaldılmışdı. Bəli, mən razı idim heç olmasa məni evlə təmin edərdilər, ondan sonra əşyalarımı o evə köçürdərdim. İndi heç bilmirəm ki, mənim evimin əşyaları hardadır. Hal-hazırda bir dəst paltarla küçələrdə və bir neçə qohumların evində gecələməli oluruq.

Üzümü Cənab Prezident İlham Əliyevə və onun xanımı, vitse-prezident Mehriban Əliyevaya tutub xahiş edirəm ki, bir Şəhid xanımı olaraq mənə öz xeyirxah əllərini uzatsınlar. Mən öz ailəmlə yenidən Şəhid ocağının işığını yandırmaq istəyirəm.

Araşdırmamız davam edir...
Tarix: 7-08-2017, 15:22
Xəbəri paylaş





Xəbər lenti