Quba Rayon Təhsil Şöbəsi müəllimlərin etiraz aksiyasına zəmin yaradır
Ulus.Az xəbər verir ki, Quba RTŞ hər müəllimdən 150 manat yığır.Bu haqda Samir Məmmədov adlı oxucu Feysbukda məlumat yayıb. Müəllimlərdən bu pulun niyə tələb olunduğu deyilmir.
Onlara bildirilir ki, gah Maliyyə Nazirliyindən yoxlama gəlib, gah Təhsil Nazirliyinə çatmalıdır, gah da Qubanın icra başçısı Yaşar Məmmədovun adı hallanır.
Müəllimlər arasında isə fərq qoyulmur: aylıq 150 manat alan da, 300 manat alan da həmin pulu gətirməlidir. Müəllimlər isə halal əmək haqlarını rüşvət şəklində xərac kimi verməyə etiraz edirlər.
Ancaq onlar hədə-qorxu ilə üzləşir və işdən qovulmaqla təhdid olunur deyə açıq formada müraciət etmirlər. Bununla belə deyirlər ki, yığılan pulun hara gedəcəyini onlara açıqlasınlar. Ancaq həm maliyyə naziri Samir Şərifovun, həm təhsil naziri Mikayıl Cabbarovun, həm yerli icra başçısı Yaşar Məmmədovun adından istifadə olunaraq müəllimlərdən pul tələb edilməsi artıq kifayət qədər ciddi ittihamdır.
Hər halda dərhal məsələ araşdırılmalıdır. Müəllim aldığı məvacibi niyə verməlidir? Bu gün onsuz da müəllimlərin həyat səviyyəsi yaxşı deyil.
Ulus.Az xəbər verir ki, Quba Təhsil Şöbəsinin özbaşına əməllərindən tez-tez şikayətlər olur.
Təhsil şöbəsinin müdiri Loğman Müslümovun adı rüşvətdə, nazir müavini Ceyhun Bayramov əleyhinə səs yazısı yazılmış skandal hadisələrdə çəkilib.
Bildirilir ki, gənc yaşlarından Quba rayonunun Vladimirovka kənd məktəbinə direktor təyin edilən bu şəxs Təhsil Şöbəsinin uzun müddət müdiri olmuş Süleyman Aslanovun ən yaxın adamlarından olub.
Sonra müdir müavini postuna gətirilib. Baxmayaraq ki, həmin yer dövlət qulluğuna aiddir, amma uzun illər imtahan vermədən həmin yerdə işləyib. Kadr məsələlərinə baxan Loğman Müslümov Süleyman Aslanovun axırına çıxır və öz planını reallaşdırır.
Belə ki, Loğman Müslümova hədsiz inamı olan Süleyman Aslanov müavininin diplomlarında heç bir problem olmamasını əmin etməsi nəticəsində bir neçə saxta diplomlu adam işə qəbul olunur.
Sonradan həmin məlumatlar yuxarılara ötürülərək cinayət işi başlanılmasına nail olunur və Süleyman Aslanov vəzifəsindən çıxarılır.
Maraqlıdır ki, birbaşa kard məsələlərinə cavabdeh olan L.Müslümov heç bir məsuliyyət daşımır. Əksinə o müdir vəzifəsinə gətirilir.
Təhsil Şöbəsinin müdiri kimi bu şəxs indiyədək bir məktəbin qapısını açıb içəri girməmişdir. Yalnız icra başçısı kəndlərdə görüş keçirəndə, məktəblərə baş çəkir. Özü fərdi şəkildə heç vaxt məktəbə getmir. Qarşı tərəfi dinləməyə hazırıq.
Tarix: 11-08-2017, 07:22