Son zamanlar əksər media orqanlarında Masallı rayonu ilə bağlı daha çox tənqidi mövzular dərc olunur və adı çəkilən rayonun sosial-iqtisadi problemləri mütəmadi olaraq qabardılır. Sözsüz ki, bunu zəruri edən həm obyektiv, həm də subyektiv səbəblər var. Bu səbəblər içərisində hər kəsin diqqətini cəlb edən hal isə, rayon rəhbərliyi ilə yerli sakinlər arasında əmələ gələn uçurumun varlığı, məmur özbaşınalığı, sadə sakinlərin müraciət və təkliflərinə məhəl qoyulmaması və s. kimi amillərin varlığı, daha çox rol oynamaqdadır. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev istər televiziya çıxışlarında, istərsə də digər tədbirlərdə çıxışı zamanı "kimi hansı vəzifəyə təyin edirəmsə, ilk öncə həmin vəzifə sahibinə xalqa xidmət etmək tapşırığını verirəm, xalqın xidmətçisi olmasını diqqətinə çatdırıram” deyə tapşırıqlar verdiyini bildirsə də, çox təəssüflər olsun ki, bu gün Masallıda baş verənlər, sanki verilən tapşırıqların saya salınmadığını sübut etmiş olur.Çünki, adı çəkilən rayonda baş alıb gedən anarxiyanın, məmur özbaşınalığının, xaosun və s. həddi-hüdudu yoxdur. Belə bir səbəblər üzündən də, Masallıda məmur həngamələrinin varlığını eşitdikcə, sanki dəhşətə gəlirik. Adicə bir misal çəkək. Mətbuatda yazıldığı kimi, rayonun Xalıcallı kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Quliyev Vidadi Mahmud oğlu, artıq xeyli müddətdir ki, məmur özbaşınalığı ilə üz-üzə qalıb. Bir sahibkar olaraq ona qarşı atılan addımlar, bu gün nə yerə, nə göyə sığası məsələdir. Baxmayaraq ki, ölkəmizdə əlverişli biznes mühitinin yaradılması, ölkə əhalisinin ən zəruri mallara olan ehtiyaclarının ödənilməsi, bir sözlə özəl sektorun inkişaf etdirilməsi və s. yöndə lazımi addımlar atılır, ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi istiqamətində vermiş olduğu tapşırıqlar mərhələli şəkildə həllini tapır. Amma, bütün bunların qarşılığında Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov başda olmaqla, qurumda çalışan ayrı-ayrı vəzifə sahibləri yerli sahibkara qarşı qənim kəsilirlər, onu gözümçıxdıya salırlar.
Diqqəti bir məqama da yönəldək ki, ölkə rəhbəri hər zaman məmurların və onların övladlarının hərəkətlərinə diqqətlə yanaşır, yolunu azan, qudurqanlıq edən hər kəsə qarşı qətiyyətli iradəsini də ortaya qoyur. Amma mediada dərc olunan yazılardan görmək olur ki, Masallı rayon İcra Hakimiyyəti başçısının oğlu dəfələrlə avtoxuliqanlıq etsə də, hətta idarə etdiyi avtomobili ilə adı çəkilən rayonun Həsənli kənd sakinini öldürsə də, hansısa səbəblər üzündən nə onun özü cəzalandırıldı, nə də ki, atası daşıdığı vəzifəsindən uzaqlaşdırıldı. Belə bir halın varlığı bir daha onu ehtimal etməyə əsas verir ki, Masallı RİH-nin başçısını ən yüksək səviyyədə kimlərsə müdafiə edir və belə bir səbəb üzündən də, cəzasızlıq mühiti hökm sürür.
AzToday.az xəbər verir ki, bir qədər əvvəl Hesablama Palatasının rayonda apardığı yoxlamalar nəticəsində 50 milyon manatın təyinatına uyğun olaraq xərclənmədiyi məlum olub. Daha doğrusu 15 milyon manat hansısa yollarla silinsədə, 35 milyon manat pulun hara xərcləndiyi məlum olmayıb.
Amma rayon sakinlərinin media orqanlarına göndərdiyi məktubda bəzi məqamlara aydınlıq gətirilib. Məsələn, iddia olunur ki, rayonun icra başçısı Rafil Hüseynov Novxanı qəsəbəsində 60 sot torpaq alaraq övladları üçün üç mərtəbəli iki villa tikdirib. Bundan əlavə Qax rayonunun İlisu kəndində də xüsusi istirahət mərkəzi tikdirib. Ümumiyyətlə mediada dərc olunan şikayət məktublarından aydın olur ki, Rafil Hüseynov daşınmaz əmlak həvəskarıdır və ölkənin müxtəlif bölgələrində, həmçinin ölkə xaricində də daşınmaz əmlakı var.
Göstərilən faktların nə qədər doğru olduğunu tam təsdiqləyə bilməsəkdə rayon sakinləri iddia edirlər ki, bunlar sadəcə görünənlərdir. Əslində isə Rafil Hüseynovun milyonlarla manat dəyərində əmlaklarının, ticarət obyektlərinin olduğu söylənilir. Hətta bunu da iddia edirlər ki, Masallı rayonundakı 1,5 milyon manat dəyərində olan çörək kombinatıda Rafil Hüseynova məxsusdur. Sadəcə olaraq zaman-zaman bu kombinatı başqa adamların adına qeydiyyatdan keçirir. Bəs görəsən bu qədər milyonları başçı hansı yollarla əldə edə biliblər?
Mediada işıqlandırılan faktlarda iddia olunur ki, Boradigah Mahmudovar yolunun tikintisinə ayrılan vəsaitin böyük hissəsi mənimsənilib. Bunun üçün çəkilən yola və ayrılan vəsaitə baxsanız hər şey aydın olar. Və yaxud sənədləşmələrdə göstərilir ki, rayonda kənd daxili 260 km yol çəkilib. Əslində isə deyilənlər yalandır və sadəcə olaraq göstərilən ərazilərdə yollara qum, çınqıl tökülüb. Sənədləşmələrdə göstərilir ki, Gəyəçöl, Xolucalı, Xsobanlı, Əlzəbad, Güllütəpə, Yelağac, Çaxırlı, Ətcələr və s kəndlərdə yol çəkilib. Əslində isə bunlar sənədlərin üzərindədir və 3 milyon manat pulun hara yoxa çıxdığı məlum deyil. Başqa maraqlı və gülməli bir fakt isə 7 kənddə tibb məntəqəsinin tikilməsi ilə bağlıdır. Belə ki, dəyəri 20 min manatdan da az olan bir-iki otaqlı məntəqələrin tikintisinə sənədlərə görə guya 50-60 min manat pul ayrılıb. Mətbuatda dərc olunan məlumatlarda bildirilir ki, son zamanlar Rafil Hüseynov yeni bizneslə də məşğul olmağa başlayıb. Belə ki, Masallı rayon Viləş çayının Digah kəndindən qum daşıma biznesi yaradılıb və buradan əldə olunan gəlir bir başa icra başçısına çatdırılır. Beləliklə gördüyünüz kimi adi bir rayonun icra başçısının nələrə qadir olduğu aydınlaşır. Bu tip məmurlara qarşı isə hər zaman mübarizə aparmaq mümkün deyil. Ən azından ona görə ki, rayonda darğalıq edənlərin Bakıda da ciddi dayaqları var və bir çox faktlar sadəcə olaraq prezidentdən gizlədilir. Amma son zamanlar həyata keçirilən kadr islahatları daha geniş əhatəyə malik olacaq və yəqin ki, Masallı rayonuda bu əhatəyə daxil ediləcək.
Tarix: 17-08-2017, 09:49