İcra başçısından şikayət etdi və... - İTTİHAM VAR

İcra başçısından şikayət etdi və... - İTTİHAM VAR Masallı rayonu Alışanlı kənd sakini, sahibkar Vidadi Quliyev qarşılaşdığı problemlərlə bağlı redaksiyamıza müraciət edib. Onu sözlərinə görə, yaşadığı Masallı rayonunda balıqçılıq təsərrüfatı ilə məşğuldur.

Deyir ki, “Nikoyl” Bankdan sahibkarlıq fəaliyyəti ilə bağlı 150 min manat həcmində kredit götürərək, yaratdığı təsərrüfata sərf edib. Amma yaşadığı Masallı rayon İcra hakimiyyətinin işçiləri onun sahibkar kimi fəaliyyət göstərməsinə imkan vermir: “Mən balıqçılıq təsərrüfatı ilə məşğulam. Ölkə başçısı İlham Əliyevin sahibkarlara göstərdiyi güzəştli kreditdən istifadə edib, fəaliyyətimi genişləndirməyə çalışmışam. Amma bütün zəhmətimə baxmayaraq, balığı yetişdirib başa çatdıra bilmirəm. Çünki mənim sahibkar kimi işimə əngəllər yaradılır. Masallı rayon İcra Hakimiyyəti hazırda balıq saxladığım gölə suyun gəlməsinə qadağa qoyub, suyun qarşısı kəsilib”.

V.Quliyevin sözlərinə görə, sözügedən qurumdan narazı olan yalnız o deyil: “Masallı rayon İcra Hakimiyyətinin qadağalarından, əngəllərindən narazı olan yalnız mən deyiləm. Mənim kimi neçə-neçə sahibkar var ki, bu məsələdə fikrimi təsdiqləyər. Biz bir müddət əvvəl bigə mətbuat konfransı da keçirdik. Konfransdan qabaq da bizə maneələr vardı. Amma bizim nümayişkaranə etirazımızdan sonra İcra Hakimiyyətinin nümayəndələrinin basqıları daha da artdı”.

Sahibkar bildirir ki, İcra Hakimiyyəti nümayəndələrinin göstərişi ilə gah fermaya gələn suyu, gah da işığı kəsirlər. Üstəlik, balıq fermasının yarımçıq qalmış hissəsinin tikintisinə icazə vermirlər.

“Bu əngəllərə səbəb nədir” sualına V.Quliyev belə cavab verdi: “Bu maneələr Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən sifariş verilir. Onların məqsədi bizim təsərrüfatımıza şərik olmaqdır. Daha dəqiq desək, bu işi bizim əlimizdən almaqdır”.

Sahibkar bildirdi ki, Dövlət Əmlak Komitəsindən şəhadətnamə almalarına baxmayaraq, Masallı rayon İH bu sənədi qəbul etmir: “İcra başçısı deyir ki, bu şəhadətnamə saxtadır. DƏK tərəfindən verilən sənəd necə saxta ola bilər?! Demək, şəhadətnamə saxtadırsa, bizə verilən kredit də saxtadır?! Onlar bu cür qanunsuz ittihamlarla yolumuza “daş qoymağa” çalışırlar. Dövlət başçımız cənab İlham Əliyev hər gün çıxış edib deyir ki, sahibkarlara dəstək olun. Bunlar isə prezidentin dediklərinin tam əksini edirlər. Dövlət başçısının göstərişinə qarşı çıxırlar. Mənim kimi narazı sahibkarların sayı-hesabı yoxdur. Onların bir qismi həmin mətbuat konfransında çıxış etdilər.Məsələ ondadır ki, bu gün Masallı rayonunda kim başçıdan narazılıq bildirirsə, o dəqiqə ona problem yaradırlar”.

Vidadi Quliyev onu da qeyd etdi ki, Masallı rayon icra başçısı Rafil Hüseynov 2012-ci il aprel ayının 14-də rayona təyin olunduqdan sonra sahibkarlardan maddi vəsait toplanıb: “Həmin ayın 20-dən başlayaraq bizdən vəsait toplamağa başladılar. Mən o zaman ərazi nümayəndəsini başa saldım ki, biz balığı yenicə tökmüşük, gözləyin, vaxt gələndə həmin vəsaiti ödəyərik. Buna baxmayaraq, mayın 5-də onlar yenidən həmin məbləği tələb etdilər. Biz əlacsız qalıb ərazi nümayəndəsinə 10 min manat verdik. Daha sonra dekabrın 23-də yenidən pul tələb etdilər. Onlar bildirdilər ki, bu məbləği rayonda abadlıq işləri aparmaq adı ilə alırlar. 30 min manat da onda ödədik. İndi yenidən bizdən vəsait tələb edirlər. Biz də yenə izahat veririk ki, balığı yenicə tökmüşük... Həm də onlar bizdən pul istəyəndə dedilər ki, vəsaitlə bağlı bizə çek veriləcək. Amma heç nə verilmədi. Biz də həmin çeki tələb etdikdə bu söhbətlər ortaya çıxdı. İndi gah yoxlama göndərirlər, gah yolumuza əngəl yaradırlar, gah işığı kəsirlər, gah da suyun qabağını alırlar.

Həmin ərazinin 7 hektarında çəltik əkilıb. 68 hektar gölün suyunu açıb ora buraxıblar ki, çəltik suvarırıq. Orda cəmi 20 faiz su qalıb. Belə yerdə balıq necə əmələ gələ bilər? Özləri qəsdən təsərrüfatı məhv edirlər. Burda məqsəd həmin 7 hektar çəltiyin əmələ gəlməsi deyil, bizim cəzalandırılmağımızdır”.

Sahibkar başına gələnlərlə bağlı bir çox instansiyalara məktub da ünvanlayıb: “Dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanıma, Baş prokurora, Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinə məktublar yazmışıq. Amma müraciətimizə heç bir cavab verilməyib. Şikayətimiz baxılmaq üçün Masallı rayon İcra Hakimiyyətinə göndərilir. Ordan da deyirlər ki, “faktlar əsassızdır””.

Vidadi Quliyev onu da bildirdi ki, rastlaşdığı qanunsuzluqlara etiraz etdiyi üçün ona xüsusi adamlar tərəfindən fiziki xəsarət də yetirilib: “Bir neçə gün qabaq rayonun “Seyidlər” adlanan kafesinin qabağında dayanmışdım. Bir nəfər mənə yaxınlaşıb sənədlərimi tələb elədi. Mən də o şəxsə “siz kimsiz sənədlərimi istəyirsiz” deyə soruşdum. Bu sualıma görə həmin şəxslə aramızda mübahisə yarandı. Nəticədə mənə ayağımdan xəsarət yetirildi. O adamlar özlərini polis kimi təqdim etsələr də, kimliklərini dəqiq öyrənə bilmədim. Çətinliklə də olsa həmin məkandan uzaqlaşdım”.

Sahibkar qəzetimizdəki materialdan sonra əlaqədar qurumların məsələ ilə maraqlanacağı və şikayətinin araşdırılacağına ümid edir.

Nilufər, Hurriyyet.org

P.S. Təəssüf ki, şikayətlə bağlı Masallı rayon İcra Hakimiyyəti başçısı və nümayəndələri ilə əlaqə saxlaya bilmədik. Amma növbəti sayımızda onların mövqeyini dərc etməyə hazırıq...İcra başçısından şikayət etdi və... - İTTİHAM VAR
Tarix: 28-08-2017, 14:11
Xəbəri paylaş





Xəbər lenti