"Vaxtilə bizə verilmiş orderli evlərimizi əlimizdən alıb bizi küçəyə atırlar"-QƏBƏLƏ

"Vaxtilə bizə verilmiş orderli evlərimizi əlimizdən alıb bizi küçəyə atırlar"-QƏBƏLƏ «Vaxtilə bizə verilmiş orderli evlərimizi əlimizdən alıb bizi küçəyə atırlar. Deyirlər, evlərimizi Daxili Qoşunların əsgərlərinə verəcəklər. Anladıq, versinlər, ancaq biz də bu ölkənin vətəndaşlarıyıq, bizi də daimi yaşayış yerləri ilə təmin etməlidilər axı...». DİA.AZ bildirir ki, bunu Qəbələdəki hərbi şəhərcikdə yaşayan Fatma Ağayeva deyir.

Qəbələ RLS-in fəaliyyətini dayandırmasından sonra, əsasən, rus hərbiçilərin yaşadıqları hərbi şəhərcik də boşalıb. 2013-cü il martın 1-dən həmin evlər Qəbələ Rayon İcra Hakimiyyətinin tabeçiliyinə verilib. Hazırda bu binalardan birində - Muxtar Abdiyev küçəsi, 71 saylı binada yaşayanlar iddia edirlər ki, onları başqa yaşayış yeri ilə təmin etmədən evlərindən çıxarırlar.

F.Ağayeva deyir, buraya 1981-ci ildən müəllimə kimi tələbnamə ilə göndərilib və 71 saylı binada ona orderli mənzil verilib. İndi ondan 36 ildir yaşadığı mənzili boşaltması tələb olunur: «Nəvələrimlə küçəyə atılıram. İşığı, suyu kəsiblər. Belə vasitələrdən istifadə etməklə bizə təzyiq göstərirlər ki, evlərimizi özümüz ataq gedək. Hara gedək? Deyirlər, evlərimiz Daxili Qoşunların əsgərlərinə verilib, anlayışla qarşılayırıq, o əsgərlər də bizim balalarımızdır, bizi qoruyurlar. Ancaq bizi də düşünsünlər, əvvəl bizi harasa yerləşdirsinlər, sonra bu işə qol qoysunlar. Mənim nəvələrim də gələcəyin əsgərləridir, onları niyə çölə atırlar ki?..».

Sakinlərin deməsinə görə, əslində, evlərin boşaldılması məsələsi bir ildir ki, gündəmdədir. Ancaq söküntü başlananda, necə deyərlər, «bıçaq sümüyə dirənib».

Burada yaşayanlar köçürülmədən binada söküntü işlərinə başlanılıb. Zemfira Məmmədova deyir, söküntü zamanı heç bir təhlükəsizlik qaydalarına əməl olunmur: «Bilərəkdən daş-kəsəyi camaatın başına tökürlər ki, evlərini qoyub qaçsınlar. Uşaqlar iri şüşə qırıqlarının arasından gedib gəlir. Heç bir təhlükəsizlik qaydaları gözlənilmir. Yuxarıdan söküb atırlar aşağı, şüşə parçası, dəmir parçası, daş - kəsək... hamısını başımıza tökürlər».

Qurumdan sakinlərə rəsmən bildirilib ki, evlər hərbçilərə verilib. Ancaq rəsmi məktubda hazırda burada yaşayanların aqibəti ilə bağlı heç bir qeyd yoxdur. Daha doğrusu, onların ilkin mərhələdə elə şəhərcikdəki başqa evlərə müvəqqəti yerləşdiriləcəyi bildirilib. Həmin evlər xüsusi təyinatlı xidməti evlər olduğundan, sakinlər bir müddət sonra oradan da çıxarılacaq. Bundan sonrası necə olacaq, bilinmir.

Sakinlər deyir, vaxtilə onlara ayrılmış pay torpaqları da məmurlar tərəfindən satılıb. Bir sözlə, hazırda onlarla ailə havada qalıb.
Tarix: 30-08-2017, 08:43
Xəbəri paylaş





Xəbər lenti