"Allah o banka da, o hakimə də insaf versin..." - GİLEY

"Allah o banka da, o hakimə də insaf versin..." - GİLEY «Ac qalıram, quru çörəyə də möhtacam. Özüm də yataq xəstəsiyəm, dərmanlarımı ala bilmirəm. İki bank hər ay pensiya kartımı «silib-süpürür». Çörəkpulu da saxlamırlar, insafsızlar...». DİA.AZ bildirir ki, aclıqdan və xəstəlikdən əziyyət çəkən Tovuz sakini 65 yaşlı Səfurə İsmayılovadır. O, danışır ki, iki il əvvəl müalicəyə görə iki bankdan götürdüyü kreditləri vaxtında qaytara bilmədiyi üçün hər iki bank aylıq borcları onun pensiya kartından çəkir:

«Əvvəllər vaxtında ödəyirdim. Sonra xəstəliyim gücləndi, iynə-dərmana ehtiyacım bir az da artdı. Bu dəfə heç bir bank mənə borc vermədi, dedilər, iki krediti ödəməmiş üçüncünü verə bilməzlər. Mən də məcbur qaldım pensiyamı dərmana verməyə... Eyni vaxtda həm kreditləri, həm dərmanların xərcini ödəyə bilmədim, gecikdirmələr başlandı. Düşdüm quyunun dibinə, indi də bu yaşımda ha çabalayıram, çıxa bilmirəm. Bir köməyim yox, bir adamım yox, xəstəlikdən çürüyürəm, bir tərəfdən də müalicə oluna bilmirəm, üstəlik də aclıq...».

Səfurə xanım deyir, ondan xəbərsiz keçirilən məhkəmədə gecikdirmələrə görə cərimələr də hesablandığından yükü birə-beş artıb: «Heç olmasa, cərimələri keçəydilər, ödəməli olduğum kreditin öz məbləğindən də çoxdur, ola bilməz ki, qanunlarımızda belə bir güzəşt olmasın. Bu cərimələri mənə niyə yükləyiblər axı, imkanım olsaydı, elə borcu qaytarardım, daha cərimə nədir... Allah o banka da, o hakimə də insaf versin, heç olmasa, pensiyaçı, yataq xəstəsi olmağıma güzəşt edəydilər. Çörəyim yox, dərmanım yox, mən neyləyim?.. Mən Bakıda xəstəxanalarda canımla əlləşəndə, bunlar burda məni cərimələrlə yükləyib pensiya kartımla məşğul olublar».
Tarix: 30-08-2017, 15:27
Xəbəri paylaş





Xəbər lenti