Goranboyda QALMAQAL: İcra başçısının oğlu rayonda "at oynadır"

Goranboyda QALMAQAL: İcra başçısının oğlu rayonda "at oynadır" Dosye.org saytın elektron ünvanına Goranboy rayonunda yaşayan bir qurup məcburi köçkün tərəfindən şikayət məktubu ünvanlanıb. Vətəndaşların xahişini nəzərə alıb məktubu olduğu kimi ixtoyarınıza veririk:

Prezidentin Sərəncamına qarşı çıxan Goranboy rayon İcra başçısının hakim oğlu Ramin Quliyev


Bildirmək istəyiəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və vitse prezident xanım Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması ilə aidiyyəti dövlət orqanlarına göstəriş vermələrinə baxmayaraq Goranboy rayon İcra başçısı Nizaməddin Quliyevin oğlu, Nərimanov rayon məhkəməsinin hakimi Ramin Quliyev Azərbaycan Respublikasının Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamının tələblərini ciddi şəkildə pozaraq Ermənistan (İrəvan mahalı), Şuşa və Zəngilandan qaçqın və məcburi köçkün düşmüş ailələrin sahibkarlıq fəaliyyətinin dayandırılması və onlara məxsus yaşayış evlərinin sökülməsi ilə bağlı özünə məlum olan səbəbdən qanunsuz qərar qəbul etmişdir.

Belə ki, Prezidentimizin həmin Sərəncamının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.

Qeyd etmək istəyirəm ki, mən ailə üzvlərimlə birlikdə 1988-ci ildə Ermənistandan, bacım Lətifə Bəşirova 1992-ci ildə Şuşa şəhərindən, Nağıyev Arman Əhməd oğlu isə Zəngilandan məcburi köçkün düşərək Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 507-ci məhəllədə yerləşən 480 kv metrlik torpaq sahəsində öz vəsaitimiz hesabına ev tikərək xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq himayəmizdə olan 50-yə yaxın şəxsi dolandırmağa başladıq. Həmin vaxtdan rəsmi məktub əsasında mənzil növbəsinə dayanmağımıza baxmayaraq bu günədək yaşayış evi ilə təmin olunmamışıq. Bir müddətdən sonra həmin torpaq sahəsini Nərimanov rayon Bələdiyyəsi vasitəsilə müqavilə bağlayaraq sənədləşdirdik. 20 ilədən çox müddətə orada yaşayıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmağımıza baxmayaraq qonşuluqda kafe adı altında (əslində əxlaqsızlıq yuvası) fəaliyyət göstərən İntizam Novruzov torpağın ona heç bir aidiyyəti olmadığı halda müxtəlif rayon məhkəmələrində əsassız iddialar qaldıraraq bizi həmin torpaq sahəsindən çıxarmaq istəyir. Ona qanunsuz əməlini həyata keçirməkdə Bakı şəhər İcra Hakimiyyətinin məsləhətçisi Cəlal Bağırov açıq aşkar dəstək olaraq “krişalıq” edir. Hətta İntizam Novruzov həmin məmurun dəstəyi əsasında bizim ərazinin 2 metrliyində qanunsuz tikinti işləri apararaq obyekt tikmişdir. Bununla bağlı 2016-cı ilin əvvəlindən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova dəfələrlə yazılı müraciət etməyimizə və qəbuluna yazılmağımıza baxmayaraq nəinki bizi qəbul etməmiş, həm də bununla bağlı heç bir tədbir görülməmiş, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Qanunun tələrləri ciddi şəkildə pozularaq müraciətlərimiz barəsində şikayət olunan Cəlal Bağırovun üstünə yazılmış, o da bizi qarşılayaraq İntizam Novruzovu müdafiə edərək bizə məxsus yaşayış evlərinin söküləcəyi ilə hədələmişdir. İntizam Novruzov himayədarı Cəlal Bağırovun köməkliyi ilə “müqavilənin etibarsız sayılması” və “torpaq sahəsindən çıxarılma” tələbi ilə Binəqədi rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-iqtisad Məhkəmələrində əsassız iddia qaldırsa da hakimlər tərəfindən onun tələbinin qanuna zidd olması qərara alınaraq iddianın mümkünsüz sayılması barədə qərardad çıxarılmışdır. 2016-cı ildə İntizam Novruzov həmin əraziyə heç bir sənədi olmadığı halda əsassız tələbi ilə bağlı Nərimanov rayon Məhkəməsində iddia qaldırdı. Etdiyi iddianın baxılmamış saxlanılması ilə bağlı Nərimanov rayon Məhkəməsinin hakimi Ramin Quliyev 25.07.2016-cı il tarixli 2(005)-508/16 saylı qərardad qəbul etdi. İntizam Novruzov yenidən narazlığını bildirərək öz qanunsuz əməlinə hakim Ramin Quliyevi də alət etdi. Məhkəmədə “Qaçqınkom” və Nərimanov rayon Bələdiyyəsinin əməkdaşlarının ədaləti müdafiə etmək çağırışlarına baxmayaraq hakim Ramin Quliyev 1997-1998- cı illərdə tikilmiş yaşayış evlərinin sökülməsi və torpaq sahəsindən çıxarılmağımız barədə qanunsuz qərar qəbul etdi. Azərbaycan Respublikasının Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamını məhkəmədə dəfələrlə xatırlatmağımıza baxmayaraq hakim Ramin Quliyev Sərəncama qarşı çıxaraq öz mənafeyini üstün tutduğunu sübut etdi. Yəni hakim Ramin Quliyev bu qərarı qəbul edərkən heç düşünmədi ki, öz doğma yurdlarından didərgin düşmüş, hazırda ağır vəziyətdə yaşayan 50-dən çox qaçqın ailələri yarada yaşayacaq, necə dolanacaq? Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına, vitse-prezident xanım Mehriban Əliyevanın göstərişinə bu qədər saymamazlıq olar?

Qanunsuzluğun qarşısının alınması ilə bağlı 50-dən çox qaçqın və məcburi köçkün ailəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və vitse prezident xanım Mehriban Əliyevadan dəstək və kömək gözləyirik.

Əminəm ki, müraciətim saytınızda dərc olunacaq.Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə, Asya Əskərova, Lətifə Bəşirova, Arman Nağıyev və 50-dən çox qaçqın və məcburi köçkün 05.09.2017-ci il
Tarix: 10-09-2017, 22:54
Xəbəri paylaş





Xəbər lenti