Gəncə şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev gəncəlilərə zülm edir -ŞİKAYƏT

Gəncə şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev gəncəlilərə zülm edir -ŞİKAYƏT Gəncə şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev şəhərin Həsən Əliyev küçəsində yaşayan ailələrə "gün verib, işıq vermir". O, plana düşən ərazidə yaşayan ailələri zorla evlərindən köçürtməyə çalışır, etiraz edənlər isə onun göstərişi ilə polis əməkdaşları tərəfindən tutularaq bölməyə aparılır.
Bu barədə Gəncə şəhər Həsən Əliyev 192 ünvanında yaşayan Aslanova Məlahət Musa qızının ünvanladığı şikayət məktubunda bildirilir.

Şikayətçi deyir ki, artıq Məharət Mustafayevin əməllərindən təngə gəliblər. Məlahət Aslanova bildirir ki, bu səhər polis əməkdaşları həyat yoldaşını zorla bölməyə aparıblar:
"Yaşadığımız evlər plana düşdüyü üçün bizi evimizdən çıxartmağa çalışırlar. Sənədli, sübutlu evimizdi, nə bildiriş təqdim edirlər, nə də ki, normal kompensasiya ödəyirlər. Məharət Mustafayev bizi zorla evimizdən çıxartdırmağa çalışır, biz də mümkün qədər mübarizə aparırıq. Bir həftə əvvəl qazımızı kəsmişdilər əhəmiyyət vermədik, bu gün səhər də gəlib işığımızı kəsdilər. Yoldaşım onlara mane olmağa çalışdığı üçün Məharət Mustafayev polisləri çağırdı və yoldaşımı götürüb bölməyə apardılar, işığımızı da kəsib yerə atdılar. Yaşadığımız yer şəhərin mərkəzidir. 50-yə yaxın ev var. Hamını məcburi şəkildə şəhərin lap kənarındakı aliminium zavodunun yanına köçməyə məcbur edirlər. Orada tiktikləri evlər çox bərbad vəziyyətdədir, nə qapısı var, nə də hasarı. Həmçinin zavod işləyən vaxtı zəhərdən nəfəs almaq mümkün olmayacaq. Bizim kimi çox adam var. O gün başqa bir qonşunu bölməyə aparmışdılar, bu gün də mənim yoldaşımı apardılar".
Qeyd edək ki, M.Mustafayev daha öncə Gəncə şəhər Nizami rayonunun icra başçısı vəzifəsində çalışıb. Onun adı bu tipli insidentlərdə ilk dəfə hallanmır. O, hələ RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb (bu barədə mətbuatda da kifayət qədər yazılıb). Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş Məharət Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub. Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə daha yuxarı instansiyalara məruzə olunduqdan dərhal sonra M.Mustafayev tutduğu vəzifədən azad olunub.

"Qaynarinfo"
Tarix: 11-09-2017, 23:14
Xəbəri paylaş





Xəbər lenti