Oğuzun icra başçısı niyə işləmir? - GİLEY
"Evlərimizin dam örtükləri dağılıb, bostanlarımızı, əkin sahələrimizi su basıb, hökumətdən kömək gözləyirik". DİA.AZ bildirir ki, bunu Oğuzun Padar kəndinin sakini Lamiyə Ələsgərova deyir.
Sentyabrın 7-də axşam saatlarında Oğuz rayonunda başlayan şiddətli külək və yağış evlərin dam örtüklərini dağıdıb, ağacları gövdəsindən qırıb, işıq dirəklərini yıxıb, işıq xətləri qırılıb, tövlələri dağıdıb, təsərrüfatlara zərər vurub.
Lamiyə Ələsgərovanın sözlərinə görə, qəfil başlanan yağış və güclü külək evin təkcə dam örtüyünü yox, pəncərələrini də qırıb: "Güclü yağış suları həyətlərimizə, evlərimizə dolmuşdu. Qasırğa evin şiferlərini qırıq-qırıq edib. Bostan sahələri suyun altında qalıb, hadisədən 1 həftə keçir, hələ də bəzi fəsadlar aradan qaldırılmayıb. Dam örtüyümüzü dəyişmək üçün şifer və başqa materiallar verilmir".
Kənd sakini hesab edir ki, zərər təbiətdən gəlibsə, fəsadları da dövlət hesabına aradan qaldırılmalıdır.
Kərimli kəndinin sakini Sübhan kişinin isə çəpəri və tövləsi dağılıb, quşçuluq təsərrüfatına zərər dəyib. 50-yə yaxın toyuq, bir neçə hinduşka və qaz tələf olub. Deməsinə görə, hələ də həyətə nə yerli icra hakimiyyətindən, nə də bələdiyyədən gəlib baxış keçirən olmayıb: "Dam qırıq-qırıqdı, bir dəfə də güclü yağış yağsa, evin içi suyla dolacaq".
Tarix: 13-09-2017, 20:52