Ağdamda Qarabağ əlilləri şikayətçi düşüb
Ağdam rayonunun Quzanlı qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin yaşadığı beş mərtəbəli yaşayış binası isti suya həsrət qalıb.
Bina sakinlərinin Cebhe.info-ya verdiyi məlumata görə, onlar iki aydan artıqdır ki, binada isti suyun verilməməsindən əziyyət çəkir. Çətinliyin borcdan yarandığını bildirən sakinlər buna görə dəfələrlə öz aralarında pul topladıqlarını, sonuncu dəfə isə 20 gün əvvəl hər ailədən 30 AZN pul toplayıb "Azəristiliktəchizat"a ödədiklərini deyirlər. Onlara verilən məlumatda problemin ortaya çıxmasına səbəb kimi qazın verilməməsi göstərilib.
Məsələ ilə bağlı "Azəriqaz"ın Ağdam rayon filialının müdiri Rafail Novruzovla əlaqə saxladıq. R.Novruzov qazın kəsilməsini təsdiqləyib: "Ümumilikdə, "Azəristiliktəchizat"ın məhz həmin 54 mənzilli binaya görə, bizə 18 000 AZN-dən artıq borcu var deyə, həmin binanın istilik sisteminə qazın verilişini dayandırmışıq. Sözügedən qurum tərəfindən isə hələ ki, heç bir ödəniş edilməyib. Lakin oradan bizə noyabra qədər ödəniş ediləcəyini bildiriblər. Əgər borcun bir qismi ödənilərsə, "mavi" yanacağın verilməsini təmin edərik"
Xatırladaq ki, həmin binada yaşayan şəhid ailələri və müharibə əlilləri kanalizasiya sisteminin işləməməsindən də şikayətlənirlər.
Tarix: 22-09-2017, 15:26