Dörd il əvvəl Lənkəranda prezidentə danışılan yalan-VİDEO

Dörd il əvvəl Lənkəranda prezidentə danışılan yalan-VİDEO Lənkəranda dünən gecədən yağan leysan fəsadlar törədib. Şəhərin mərkəzi küçələrində yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradıb. Bəzi evləri su basıb. Zərərçəkən Qədir Əliyev deyib ki, evinin zirzəmisi su ilə dolub. Ev çiy kərpicdən tikildiyindən bir neçə yerdən çatlar yaranıb. Yağış suyu kanalizasiya suyuna qarışıb.

Lənkəran şəhər sakini Fərəcullah Rəhimov isə bildirib ki, yağış nəticəsində körpülər bağlanıb, kanallar daşıb. “Dəfələrlə müraciət etmişik. Baxmırlar. Bir dəfə gəlib qreyderi salırlar, o da hamarlayıb çıxır gedir. Kanalizasiya sistemi yoxdur. Kanalizasiya sistemi olsa biz belə əziyyət çəkmərik”. –sakinlər söyləyiblər. (ARB)


Lənkəranda şəhər mərkəzində kanalizasiya sisteminin olmaması, əlbəttə acınacaqlı haldır. Bu durumu acınacaqlı edən səbəblərdən biri də cəmi 4 il öncə Lənkəranda ölkə başçısına danışılan yalandır. Qeyd edək ki, ölkə başçısının Lənkərana 2013-cü il səfəri zamanı İlham Əliyevə şəhərin kanalizasiya sisteminin yenilənməsini də əhatə edən “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi haqda şəhər rəhbərliyi və aidiyyatı məmurlar ağızdolusu məlumat veriblər. İ.Əliyevə bildirilib ki, Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində yaradılıb. Şəhərdə cəmi 28 kilometr kanalizasiya xətti mövcud olub. Qalan ərazilərin tullantı suları açıq kanallarla təmizlənmədən dənizə axıdılıb. Bu problemlərin həlli məqsədilə isə dövlət başçısının göstərişinə əsasən hazırlanmış “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Lənkəran şəhəri, Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin 82 min sakininin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasına hesablanıb: "Gələcəkdə magistral kəmər boyunca yerləşən Gərmətük, Şürük, Bala Şürük, Küvənil, Tütəpeştə, Lüvəsər və Səpnəkəran kəndlərinə də bu mənbədən içməli su verilməsi nəzərdə tutulur. Bütövlükdə layihədən 100 min nəfər faydalanacaq".
Rəsmi məlumatda da əksini tapdığı kimi, dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Lənkəran şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulmalı idi. Lakin görünən odur ki, həm "Azərsu", həm də Lənkəran Şəhər İcra Hakimiyyəti xəttilə rayona ayrılan büdcə vəsaitləri göyə sovrulub. Əks halda, payızın ilk yağışındaca şəhər əhalisi evlərindən, zirzəmilərindən su daşımalı olmazdı.
P.S. Maraqlıdır ki, 2010, 2011, 2012 və 2013-cü illəri əhatə edən tender məlumatlarında həmin layihəyə nə qədər vəsaitin ayrılması, layihəni hansı şirkətin reallaşdırılması ilə bağlı hər hansı məlumat yoxdur.
Tarix: 30-09-2017, 15:37
Xəbəri paylaş





Xəbər lenti