Prezidentin imzalamadığı “sərəncamı” Mingəçevirdə kim(lər) yayır?

Prezidentin imzalamadığı “sərəncamı” Mingəçevirdə kim(lər) yayır? Yaxud “Mərkəzi Aran” RETSİ-nin rəisi Saleh Abdullayevin icra başçısı gətiriləcəyinə dair məlumatlar hardan qaynaqlanır?

İcra Hakimiyyətindən bu cür şayiələrə əhəmiyyət verilmədiyini bildirirlər


Xeyli müddətdir Mingəçevirdə şəhər İcra Hakimiyyətinə yeni icra başçısı təyin olunacağına dair məlumatlar yayılıb. Yayılan məlumatlarda “Mərkəzi Aran” RETSİ-nin (Regional Enerji Təchizatı və Satışı İdarəsi) rəisi, şəhərdə “işıq Saleh” kimi tanınan Saleh Abdullayevin icra başçısı təyin olunacağı bildirilir. Hətta iddialara görə, bununla bağlı prezident sərəncam da imzalayıb (?!), sadəcə elan olunması bir qədər yubanır.


Qeyd edək ki, adı gələcək icra başçısı kimi hallanan “Mərkəzi Aran” RETSİ-nin rəisi Saleh Abdullayev (“Mərkəzi Aran” RETSİ-nin struktur tərkibinə Mingəçevir şəhəriylə yanaşı, Tərtər, Bərdə, Yevlax, Naftalan, Goranboy, Ucar, Ağsu, Göyçay, Ağdaş rayonlarının elektrik şəbəkələri daxildir – A.) 90-cı illərin ortalarında bir müddət icra hakimiyyətində şöbə müdiri işləyib. S.Abdullayevin energetika sahəsinə transferi gözlənilməz olsa da, o artıq uzun müddətdir bölgənin enerji təsərrüfatında rəhbər vəzifədə çalışır.

Yeri gəlmişkən, Mingəçevir Enerji Təchizat İdarəsinin rəisi olarkən mediada Saleh Abdullayevin “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin bu şəhərdəki kabel və şüşə zavodlarına nəzarəti həyata keçirdiyinə dair məlumatlar yayılmışdı. Bu gün Mingəçevirdəki ən böyük şadlıq sarayı və restoran da (“Səadət” və “Ana Kür” – A.) S.Abdullayevə məxsusdur.

Təəssüf ki, “Mərkəzi Aran” RETSİ-dən deyilənlərlə bağlı mövqe öyrənmək cəhdimiz alınmadı.

Əlbəttə, ictimaiyyət arasında kifayət qədər müzakirələrə səbəb olan bu söz-söhbətlərə şayiə deyib ötmək də olardı. Nəzərə alaq ki, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı postu boş deyil. Bu vəzifəni 5 ildən artıqdır ki, Niyazi Bayramov tutur.

Ancaq maraqlıdır ki, oxşar şayiələr təkcə Mingəçevirdə deyil, ölkənin digər bölgələrində də yayılır. Bəs görəsən, bu cür məlumatları dövriyyəyə kim(lər) buraxır; adı icra başçısı kimi hallanan şəxsin özü, yoxsa ətrafı? Əhali prezidentin imzalamadığı “sərəncamdan” necə xəbər tutur?

Belə çıxır ki, Prezident Administrasiyası, digər qurumlar bu və ya digər şəhər və rayonda icra başçısının dəyişdiriləcəyi və yerinə gətiriləcək şəxsin adını yaymaqla manipulyasiya edirlər. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq, yerli icra hakimiyyətlərinin başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İcra hakimiyyətlərinə aid səlahiyyətlər ölkə başçısının 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” ilə tənzimlənir.

Mingəçevir şəhər İH-dən azadlıq.info-ya bildiriblər ki, əslində onlar heç bir əsası olmayan bu cür söz-söhbətləri şərh etmirlər: “Niyazi Bayramov hazırda vəzifəsinin başındadır. Onun təyinatından sonra Mingəçevirdə çox böyük işlər görülüb…”

Azər
Tarix: 16-10-2017, 10:26
Xəbəri paylaş





Xəbər lenti