“Nə edək, acından ölək?” – Biləsuvarda pambıqçı qadın

“Nə edək, acından ölək?” – Biləsuvarda pambıqçı qadın Biləsuvarda pambıq yığan qadınlar əməklərinin lazımınca qiymətləndirmədiyini deyirlər.

BBC Azərbaycanca bildirir ki, hər gün 12 saatdan çox işləməli olan qadınlar yığdıqları hər kiloqram pambığa görə cəmi 10 qəpik qazanırlar.


Narazı olsalar da, qadınlar hər gün işə çıxmağa məcburdurlar.

“Nə edək, acından ölək?”, – onlar deyir.

Kənd təsərrüfatı məsələləri üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, Azərbaycanda pambıq yığımına görə əldə edilən vəsait digər ölkələrlə müqayisədə aşağıdır.

Onun bildirdiyinə görə, Qırğızıstanda hər kiloqram üçün pambıq yığan şəxs 17 qəpik, Qazağıstanda 20-25 qəpikdir.

“Özbəkistanda da Azərbaycanda olduğu kimidir. Lakin o ölkədə milli valyutanın alıcılıq qabiliyyəti daha yüksəkdir”, o deyir.

Cənab Məhərrəmov pambığın yığılma qiymətinin sahibkar və işçi arasında razılaşma yolu ilə həll edilməli olduğunu da qeyd edir.

Millət vəkili Vahid Əhmədov isə 10 qəpik iddiası ilə razılaşmır. O deyir ki, ölkədə pambıq yığımına görə qiymət, hər kiloqrama görə 13-15 qəpikdir.

Bununla yanaşı, cənab Əhmədov qiymətin az olduğunu da qeyd edir.

“Pambıq ağır, çətin sahədir. 20 qəpik olsa yaxşı olar”, o deyir.

Vahid Əhmədov bildirir ki, əgər kiməsə az ödəniş edilirsə o, müraciət ünvanlaya bilər, o zaman məsələ araşdırılacaq.

Siam.az
Tarix: 24-10-2017, 20:32
Xəbəri paylaş





Xəbər lenti