Azərbaycanın məşhur turizm məkanının hansı problemləri var?
İsmayıllının icra başçısı: “Lahıcda kim dolana bilmirsə, yalandır”
İldən ilə Lahıca gələn turistlərin sayı artır, yerli əhalinin qəsəbədən köçüb getməsi isə sürətlə çoxalır. Bunu “bizimyol.info”nun əməkdaşına sakinlər bildiriblər. Lahıc İsmayıllının qədim yaşayış məntəqələrindən biridir.
Sakinlər İsmayıllının qədim yaşayış məntəqələrindən yerli əhalinin tərk etməsinə səbəb kimi işsizliyi, qəsəbənin qazlaşdırılmamasını, yararsız məktəb və yol problemini göstərirlər.Lahıcın 2000 ildən artıq tarixi var. Bu qəsəbənin tarixiliyi, dağlıq ərazidə yerləşməsi və gözəl təbiəti turistləri özünə daha çox cəlb edir. Lahıc təkcə özünəməxsus memarlıq və adət-ənənləri ilə məşhur deyil, həm də öz gözəlliyi və unikallığı ilə diqqət çəkən əsərlər yaradan xalq sənətkarları ilə tanınır. Lahıcda misgərlik, həkkaklıq, qalayçılıq, dəmirçilik, dabbağlıq, çəkməçilik, xalçaçılıq, papaqçılıq, corab toxuculuğu kimi peşə və sənət sahələri yaranıb və inkişaf edib.
Misgərlik ənənələrini bu gün də yaşadan sənətkarların yaşadığı qəsəbədə tanınmış sənətkarlardan biri Nəzər Əliyevdir. O, ixtisasca riyzaiyyat müəllimdir. Sənətkar emalatxanasında müxtəlif mis məmulatları hazırlayır. Onun əl işləri Lahıc qəsəbəsinə səfər edən turistlər tərəfindən böyük maraqla qarşılanır.
N.Əliyev həm də Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavinidir. O bildirib ki, Lahıcın tarixi 2500 ildən çoxdur. Kanalizasiya təxminən 1500 il bundan əvvəl çəkilib. Kəndin 7 məhəlləsi, hər məhəllənin məscidi və hamamı olub. Lahıc qədim şəhərsalma mədəniyyəti ilə fərqlənən tarixi yaşayış məskənlərindəndir.
Lahıcda ev tikmək üçün icazə almaq lazımdır. Evlər bu qəsəbənin mədəniyyət tarixinə uyğun ev tikilməlidir. Daş “kubik”lərlə ev tikmək, arxitekturanı pozmaq olmaz.
Sakinlərlə söhbət zamanı bildirdilər ki, xalq sənəti növlərinin inkişafına mane olan səbəblərdən biri qəsəbənin bu günədək qazlaşdırılmamasıdır. Evlər, misgər emalatxanaları və dükanlar ya yerli-dibli qızdırılmır, yaxud da odun və ya kömürlə qismən, alayarımçıq isidilir. Lahıca qaz çəkilişi orada yaşayan insanlar üçün və ətraf mühitin ekoloji tarazlığının qorunması baxımından əhəmiyyətlidir.
Lahıcda insanların əksəriyyəti tarixən xalq sənət sahəsilə, eləcə də əkinçilik və maldarlıqla məşğul olublar.
Sakinlər ümid edirlər ki, qəsəbə qazlaşdırılandan, burada yeni ümumtəhsil məktəbi binası tikiləndən və yeni yol salınandan sonra qəsəbədən köçüb gedən sakinlər geri qayıdacaq. Həmin problemlərin həlli üçün bu günlərdə dövlət başçısı sərəncamlar imzalayıb. Sərəncamlarda qəsəbədə 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi, qəsəbənin qazlaşdırılması nəzərdə tutulub.
Sakinlər deyir ki, Lahıcda demokratik cəmiyyət var. Burada nə sovet dövründə, nə indi hüquq mühafizə orqanlarının binası, polis postu olmayıb. Sakinlərin həyat tərzi mənəvi dəyərlər əsasında qurulub.
Lahıcda olduğumuz zaman təsadüfən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovla qarşılaşdıq. Söhbət zamanı icra başçısı ata yurdu olan Lahıcda evinin olduğu bildirdi.
O, bizimlə söhbətində Lahıcın dünəni, bu gün və sabahı ilə bağlı suallara cavab verdi: “Lahıcda 1500 il əvvəl çəkilmiş kanalizasiya xətti var. Həmin xətt bu günə kimi də təmir olunmayıb. Amma ağır tonnajlı maşınların hərəkəti nəticəsində kanalizasiya xəttinin bəzi yerlərdə 10-15 sm çöküb. Amma hələlik Lahıcın işinə yarayır. Lahıc böyük mədəniyyətdir.
Burda tarixi abidə sayılacaq hamam var. Təsəvvür edin bu hamamda odun yandırırlar, tüstüsü, hətta külü də boru xətti ilə gedir. Bu hamamın eynisi İsfahanda da var idi. Orda olan hamamı ingilislər sökdülər eynisini tikə bilmədilər. Lahıcda olan hamamda 3 gün kişilər üçün, 4 gün isə qadınlar üçün işləyirdi. Qadınların hamama getməsi üçün ayrıca yol var idi. Həmin gün o ərazidən bir kişi belə keçməzdi. Burda yerin altı su ilə xətti çəkilib.
İnsanların bir-birinə olan münasibətindən danışmaq istəyir. Lahıcdan küçədən keçənlər cavanlar qarşıda ağsaqqal olurdusa, cavanlar onlardan icazə alıb küçədə hərəkətinə davam edirdi. Lahıcdan 4 akademik, 22 elmlər doktoru, 80 elmlər namizədi olub”.
İcra başçısının sözlərinə görə, burda əhalinin rifahı yaxşıdır: “Lahıcda kim dolana bilmirəm deyirsə, yalandır. Lahıca gələn hər turist 3 manat xərcləsə, bu orta hesabla günə Lahıca 15-20 min manat vəsaitin daxil olduğu deməkdir. Bura heç kim girişmir. Bu qəsəbədə nə rüşvət var, nə də hörmət. Sakinlərin dədə-baba tükanıdır, istifadə edir. İcara haqqı vermir, vergi vermir. Qanunla sənətkarlıqla məşğul olanlar vergidən azaddır”.
İcra başçısı Lahıcı saxlamaq üçün xüsusi inkişaf planının vacib olduğunu qeyd etdi: “Qədim sənətkarlığı qorumaq lazımdır. Pis odur ki artıq sənətkarlarımız suvenir hazırlamağa keçiblər. Aşsüzən, kəfkil “tefal” və qazan çıxandan sonra dəbdən düşüb. İndi braseletə keçməklə, suvenirlər hazırlamaqla sənətkarlıq başqa istiqamətdə inkişaf edir.
Hazırda Lahıcda 400 məfərlik məktəb tikilir. Köhnə məktəbi biz xalq sənətkarlığının peşə-texniki mərkəzi kimi təqdim etmişik. Lahıcda xalq sənəti növləri, yəni gön-dəri aşıqlamaq, dulusçuluq, misgərlik, həngərlik, zərgərlik tarixən mövcuddur. Bu sənəti yeni nəsilə öyrətməklə yaşatmaq lazımdır.
Məsələn, kimsə Bakıya gedib 10-15 manata fəhlə işləyir. Elə burda işləyib o məbləği qazansa, ona bəs edər. İnkişaf planı olarsa, müsbət dəyişikliklər də olacaq. Hazırda turistin qarşısına çıxmaq üçün şəraitimiz nə çürdü? İctimai iaşə xidmətimiz buna cavab verirmi? Məsələn, “İçərişəhər”də olan təndirdən birini Lahıcda qoyub, turistə isti çörəklə pendir təklif etmək olmazmı?
Bir məsələni vurğulamaq istəyir. İsmayıllı yeganə rayondur ki, özü özünü maliyyələşdirir. Yəni biz dövlət büdcəsindən dotasiya almırıq. Vaxtı ilə buranın 15.20 min əhalisi olub. İndi burda 3 minə yaxın əhali var. İsmayıllı ərazisinin 35 faizi meşə örtüyüdür. Azərbaycadna ən böyük meşə örtüyü məhz bu rayondadır. Əgər vaxtında istifadə edə bilsələr, bu da gəlir potensialıdır”.
Ramid İBRAHİMOV
Tarix: 27-10-2017, 21:35