Tərtərdə məskunlaşan məcburi köçkün “JEK” müdirindən şikayətçidir – “Qardaşımın evini ələ keçirmək istəyir…”

Tərtərdə məskunlaşan məcburi köçkün “JEK” müdirindən şikayətçidir – “Qardaşımın evini ələ keçirmək istəyir…”

1992-ci ildə Laçın rayonu, Qorçu kəndindən məcburi köçkün düşərək,  1993-cü ildən Tərtər rayonunda müvəqqəti məskunlaşan Mönsümov Məmmədyar Vahid oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. O, iddia edir ki, Mənzil Kommunal İstismar Sahəsinin müdiri qardaşının evini ələ keçirmək istəyir.
“Mən, Mönsümov Məmmədyar Vahid oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Məlumat üçün bildirim ki, qardaşım çobanlıq edib iki uşaq yetişdirir. Övladının biri ADA Universitetində, digəri isə orta məktəbdə - 11-ci sinifdə təhsil alır.
Qardaşım 2018-ci ildə Tərtər rayonu, Şıxarx qəsəbəsinə köçmüş və hal- hazırda adı çəkilən ünvanda qeydiyyatdadır. İşləri ilə əlaqəli başqa yerdə qalırlar. Amma övladı və Kəlbəcər rayonundan olan məcburi köçkün düşmüş qohumu 2 azyaşlı uşağı ilə həmin ünvanda yaşayır. Gedəcək yerləri yoxdur deyə, müvəqqəti orada yaşayırlar.
2023-cü ilin mart ayında “JEK”-də nəzarətçi işləyən Taleh adlı şəxs mənə yaxınlaşaraq bildirdi ki, qardaşının evində yaşayan qohumunuz getməlidir, icazə yoxdur.  Mən soruşdum ki, bəs, qəsəbədə çox sayda evin satan və kirayə verənlər var, onlara nə üçün icazə verilib? Mənə cavab olaraq dedi ki, mən gedim “JEK”-in müdri ilə söhbət edim, sabah danışarıq.
Bir neçə gündən sonra mənə zəng etdi ki, hardasan, görüşək, sənə deyəcək sözüm var. Dedim ki, işdəyəm, sabah görüşərik. Həmin gün  görüşəndə mənə dedi ki, “qardaşına de, bir quzu versin, bir də o qapıya gəlib sizi narahat edən olmayacaq”.
Mən isə ona bildirdim ki, qardaşımın heyvanı yoxdur, çobanlıq edib aylıq əmək haqqı alır, imkanı da zəifdir. Bu zaman mənə bildirdi ki, “o qonağa de, bəlkə o verəcək, verilməsə yolu yoxdur”.
Məsələni qardaşımın evində qalan qohumuma danışdım. O da bildirdi ki, məni evdən çıxarsanız, gedib harda qalaram?! Mənə 200 manat verdi, 2023-cü ilin mart ayında quzu alıb Talehə verdim.

İyul ayına qədər səs-soraq çıxmadı, tam sakitçilik idi. İyul ayının ortalarında mənə bildirdi ki, vəziyyət pisdir, “Jek”-in müdiri deyir o adamı evdən çıxarsın, ya da 400 manat versin. Bildirdi ki, əks halda ev əlinizdən alınacaq. Nə qədər danışdımsa, mümkün olmadı. Yenə gəlib məsələni evdə qalan qohuma dedim. Onun da imkanı yaxşı deyil, evsiz qalmamaq üçün 400 manat pulu tapıb verdi ki, apar ver, bizi evdən çıxarmasın.
Bir müddət yenə sakitçilik oldu, noyabr ayının 30-da hamımız toyda olarkən, bizə xəbərdarlıq etmədən gəlib evin qazını, işığını kəsiblər. Bu vaxt Taleh müəllimə zəng edib soruşdum ki, bu nə məsələdir? Dedi ki, “JEK” müdiri Bakir müəllim tapşırıq verib.
Mən məsələ ilə bağlı Korrupsiya İdarəsinin 161 “qaynar xətti” ilə əlaqə saxlayıb, olanları onlara danışdım.  Həmin gündən etibarən “JEK” müdiri Bakir müəllim 67 yaşlı atamı, anamı, məni və ailəmi təhqir edir, hədələyir. 2 azyaşlı övladlarımdan qorxuram, uşaqlarımın başına nəsə oyun gətirər. Bakir müəllimin burada rüşvət almadığı ev yoxdur.
Onu da bildirim ki, qəsəbədə 100-lərlə ev digər şəxslərə satılıb və 100 lərlə ev kirayə verilib.
Sizdən xahiş edirəm, problemimizi işıqlandırın, Bakir müəllimin qanunsuz əməllərindən müvafiq qurumlar xəbərdar olsun”.
Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 18-12-2023, 17:22
Xəbəri paylaş





Xəbər lenti