“19 işçinin bəziləri icra nümayəndəsinin şəxsi təsərrüfatında çalışdırılır” - İTTİHAM VAR...
Şəki rayonu, Fazil kənd sakini Məmmədov Fərhad Xızır oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasina şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu qeyri-qanuni olaraq DOST Mərkəzindən işdən çıxarıblar:“Mən, Məmmədov Fərhad Xızır oğlu, yazaraq diqqətinizə çatdırıram ki, sizə yazdığım məlumatların hər birinə cavabdehəm.
Şəki rayonu, İbrahimkənd ərazi icra nümayəndəliyində DOST xidmətinin xəttilə 19 nəfərin adı işçi kimi keçsə də, bircə nəfər də işə çıxmır. Həmin 19 işçidən bəziləri icra nümayəndəsi İlqar Məmmədovun şəxsi təsərrüfatlarında çalışdırılır.
Mən, şəhid ailəsi kimi, cəmi 2 ay DOST Mərkəzində işlədikdən sonra icra nümayəndəsi məni işdən azad etdirdi.
Şikayətimlə bağlı DOST xidmətinin apardığı yoxlama zamanı göstərdiyim bütün neqativ hallar öz təsdiqini tapsa da, nəticə dəyişmədi. İş tabelində bunları görmək mümkündür.
İcra nümayəndəsi bu qədər saxtakarlıq edir, lakin ona dəyib- dolaşan yoxdur. Mən belə başa düşürəm ki, İlqar Məmmədovu müdafiə edən onun 3-cü müavini Rafael Manafovdur. Hazırda da Fazil kəndində diplomsuz olan həyat yoldaşı tədbirlərin təşkili və s. işləri yerinə yetirir. İşdə o qadının üzünü görən yoxdur, ancaq şikayət olduğu halda xahişlə işə gətirirlər.
Mənim göstərdiyim tabeldəki 19 nəfərdən cəmi 2-si işə çıxır, qalanları ancaq maaş veriləndə gəlirdilər.
Şəhid ailəsi olaraq çarəsiz vəziyyətdə qalmışam, məni işimdən ediblər, kimə müraciət edəcəyimi bilmirəm”.
Məsələ ilə bağlı DOST Mərkəzi ilə əlaqə saxladıq. Vətəndaşın şikayətinin araşdırılacağı bildirildi.
Tarix: 18-01-2024, 21:57