Lənkəran İcra Hakimiyyətinin iş bitəndən sonra açıqladığı tenderin gizlinləri göründü

  

Lənkəran İcra Hakimiyyətinin iş bitəndən sonra açıqladığı tenderin gizlinləri göründü
Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq bir sıra işlərin satınalınması üzrə 18.05.2023-cü il tarixdə başladığı açıq tender müsabiqəsinə yekun vurması və “MARS CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 699.284,57 manat məbləğində satınalma müqaviləsinin bağladığını dövlət satınalmalarının vahid internet portalında 17.01.2024-cü il tarixdə açıqıayıb.

Qeyd edək ki açıq tenderin şərtlər toplusunda təkliflərin son təqdim olunma tarixi 21.06.2023-cü il, zərflərin açılış tarixi və vaxtı 22.06.2023-cü il tarixə müəyyən edilib. Tenderin başlanma tarixi 01.09.2023-cü il, bitmə tarixi isə 30.12.2023-cü il göstərilir. Satınalmaların portalında tender müsabiqəsinin 15.08.2023-cü il tarixdə tamamlandığı açıqlanır. Tenderin zərflər paketinin açılma tarixi ilə başlanma tarixlərinə baxdıqda görsənir ki, satınalma müqaviləsi bu dövrdə artıq bağlanmış olub.

Bəs Lənkəran şəhər İcra Hakimiyyəti sentyabrda bağlanmış müqaviləni nə üçün qanunla müəyyən edilmiş qaydada, müqavilə bağlanıldıqdan 5 bank günü ərzində deyil, 5 ay sonra ictimaiyyətə açıqlayıb?

Qeyd etdiyimiz kimi tenderin qalibi “MARS CONSTRUCTION” MMC olub və tərəflər arasında bağlanılmış satınalma müqaviləsinin maliyyə dəyəri 699.284,57 manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “MARS CONSTRUCTION” MMC 10.08.2009-cu ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV, ev 37, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kamranov Kamran Bilal oğludur.

Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “MARS-B” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin ilk hüquqi ünvanı MIŞLİ RAYONU, GÖBƏKTALA, ilk qanuni təmsilçisi isə Abbasov Ərşad Qniyaz oğlu olub. MMC-nin adı 10.20. 2022-ci ildə dəyişərək “MARS CONSTRUCTION” olub. MMC-yə daha sonra Məmmədov Elçin Əlizamin oğlu, (fiziki şəxs kimi çığorta sahəsində fəaliyyət göstərir) Səmədov Elməddin Telman oğlu, (ictimai iaşə sahəsində çalışan sahibkar kimi 2023-cü ilin noyabrında qida təhlükəsizliyi qeydiyyatı ləğv edilən sahibkarlıq subyektlərinin siyahısına salınıb) Feyzullayev Anar Məzahim oğlu kimi şəxslərin də rəhbərlik etdiyi göstərilir. MMC-nin son qanuni təmsilçisi Kamran Kamranov da daxil bu şəxslərin haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Yalnız Dövlət Vergi Xidmətinin məlumatlarında maraqlı məsələlər var. Belə ki, “MARS CONSTRUCTION” MMC operativ vergi nəzarəti üzrə – Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən 15 577.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən 2468.87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa Vergi öhdəlikləri üzrə bəyannamələri vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki günə isə MMC-nin dövlətə 924 307.35 manat vergi borcu var.

Qeyd edək ki, “MARS CONSTRUCTION” MMC digər dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovka sorğularının da qalibi olub.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində abadlaşma işlərinin satınalınması üzrə keçirilmiş açıq tender in qalibi “Mars Construction” MMC olub tərəflər arasında 84.805,44 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 25.07.2023-cü il tarixdə açıqlanmışdır.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində cari təmir işlərinin satınalınması üzrə keçirilmiş açıq tenderin qalibi “Mars Construction” MMC olub tərəflər arasında 60.069,33 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 13.09.2023-cü il tarixdə açıqlanmışdır.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən cari təmir işləri in satınalınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “Mars Construction” MMC olub tərəflər arasında 29.376,15 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 05.10.2023-cü il tarixdə açıqlanmışdır.

Göründüyü kimi “MARS CONSTRUCTION” MMC 2023-cü ilin iyun-oktyabr aylarında çox da böyük məbləğləri olmayan 3 satınalmanın qalibi olub. Maraqlıdır Lənkəran şəhər İcra Hakimiyyəti birdən-birə 700 min manat dəyəri olan bir tenderi bu MMC-yə necə həvale edib. Qeyd etdiyimiz kimi hazırda MMC-nin dövlətə 924 307.35 manat vergi borcu var. Bu isə bir neçə ay ərzində əmələ gələn borc deyil. Lənkəran şəhər İcra Hakimiyyəti MMC ilə satınalma müqaviləsi bağlayanda bu borclar olub. Odur ki, tenderin nəticəsini işlər görülüb qurtardıqdan sonra, yəni pullar bölüşdürüldükdən sonra açıqlayıb.

Yuxarıda qeyd etdiyimiz kimi, “MARS CONSTRUCTION” MMC nə özü, nə də qanuni təmsilçiləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu isə onu göstərir ki, MMC hansısa bir yüksək çinli övlət məmuruna bağlıdır. Belə olmasaydı bir molyon manata yaxın vergi borcu olan bir şirkətin satınalmalarda iştirakı qəti mümkün olmazdı.
Aktualinfo.org
Tarix: 22-01-2024, 15:28
Xəbəri paylaş





Xəbər lenti