Nazir müavinindən heyrətamiz addım


Naxçıvanın bəzi məktəblərində müəllimlərin intidai sinf şagirdlərinə hazırlıq keçməsi qadağan olunub.  Bu barədə “Gündəlik Naxçıvan”a bir qrup müəllim və valideyn məlumat verib. Onlar deyib ki, bu addımın atılmasına səbəb, uşaqları yeni açılmış bahalı hazırlıq kurslarına getməyə məcbur etməkdir. 
 
Bundan əlavə, həmin kurslar şəhər və rayon mərkəzlərində olduğundan, kənd məktəblərində oxuyan azyaşlı uşaqların hazırlıq almaq imkanları demək olar ki, əllərindən alınır. Yeni açılan kursların yerli təhsil nazirliyində müavin olan Elxan Nəcəfovun nəzarətində olduğu bildirilir. 
 
Şərur rayonundakı məktəblərin birində müəllim işləyən N.B. deyib ki, yeni qayda onların əlavə cüzi gəlirlərini də əllərindən alıb, valideynləri çıxılmaz hala salıb:
 
“Yeni təqvim ili başlayan kimi nazirlik qəribə qərarlar verməyə başlayıb. Bunlardan biri də müəllimlərin dərsdən sonra öz şagirdlərinə hazırlıq keçməsinin qadağan olunmasıdır. Biz valideynlərdən cüzi məbləğ alırdıq, imkansız ailələrdən çox zaman pul tələb etmirdik. Bu həm valideynə, həm də bizə xeyirli idi. İndi valideynlər məcbur olub, yeni açılan kurslara 2-3 qat artıq ödəməlidir. Bundan əlavə, kəndlərdəki kasıb ailələrin uşaqlarını kilometrlərlə uzaqda yerləşən kurslara aparmaq imkanları yoxdur”.
 
Valideynlərdən Səlim Qurbanov da həm yeni kursların bahalığından, həm də uzaqda yerləşməsindən şikayət edib: 
 
“İndi biz məcbur qalıb uşaqlarımızı özəl hazırlıq kurslarına göndərməliyik. Mən şəhərdən on kilometr məsafədə kənddə yaşayıram. İki məktəbli övladım var, məktəbdə öz müəllimləri hazırlaşdırırdı, xərcim də az çıxırdı. Pulum olmayanda, heç istəmirdilər də. Buna görə nigarançılığım da yox idi. Özəl kurslar əsasən şəhərdə və rayon mərkəzlərində yerləşir. İki uşağı özəl kursa göndərib hər fənnin öyrədilməsinə 50-100 manat verməliyəm, bundan əlavə taksi tutub, aylıq pul ödəməliyəm. Mənim isə o qədər gəlirim yoxdur. Qız uşaqları olduğu üçün nigarançılığımız da artır. Bir az böyük olsaydılar, problem olmazdı. Bu qərar uşaqların yaxşı təhsil alması üçün yox, kimlərinsə şəxsi marağının təmin olunması üçün verilir”. 
Tarix: 22-01-2024, 21:04
Xəbəri paylaş





Xəbər lenti