ANA TƏBİƏT Məmmədov qardaşlarının DƏDƏ MALIDIR? - İTTİHAM VAR...
Qəbələ, Oğuz meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı dövrü mətbuatda adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlmək mümükündür. Məlumatlarda sakinlər bu rayonlarda ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Son həftələrdə isə Qəbələ, Oğuz meşələrində tez-tez yanğınların baş verməsi ilə bağlı məlumatlar yayılır. Həmçinin məlumatlarda yanğınların tez bir zamanda söndürüldüyü də bildirilir. Qəribə burasıdır ki, baş verən yanğınlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama vermir. Sanki bu yanğınlar hansısa başqa bir ölkədə baş verirmiş kimi. Bunun səbəbi nədir? Meşələrin mühafizəsinə birbaşa cavabdeh olan qurumun diqqətsizliyi, yoxsa…
Təbiətə biganəlik haradan başlayır? Təbii ki, qeyri peşəkar idarəetmənin yol verdiyi bir çox məsələlərdən. Qeyd edək ki, bu gün bəzi rayonlarımızda meşələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarət dairəsindədir. Buraya ötən ilin dekabr ayında Akif Məmmədov rəis təyin edilib. O, daha əvvəl "Şahdağ” Milli Parkının direktoru olub. Akif Məmmədovun buraya rəis olunmasına qədər adıçəkilən rayonları meşə mühafizə idarələrində nələrin baş verdiyini xatırlatmağa ehtiyac yoxdur. Meşələri taladıqlarına görə həbs olunanalar, cərimələnənlər və sairlər hamısı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarətində olduğu rayonlarda baş verib. Bəs yeni rəis təyin olunduqdan sonra burada nə kimi dəyişikliklər olub?
Baş verən ən birinci dəyişiklik ondan ibarətdir ki, Akif Məmmədov rəis təyin olunduqdan çox keçməmiş Oğuzda meşə gözətçisi işləyən qardaşı Valeh Məmmədovu sahə rəisi təyin etdirib. Bu o Valeh Məmmədovdur ki, zonada hamı yaxşı tanıyır. Deyilənlərə görə onun meşələrdən oğurluq yolu ilə odun daşıyan maşınlarının qarşısını hələ heç kim kəsə bilməyb. Yəni Valeh Məmmədovun taxta bazarı daim açıq, işlək vəziyyətdədir. Redaksiyamıza verilən məlumatlara görə Valeh Məmmədov bir kəsilmiş ağacın diametrini hesablaya bilmir. Buna baxmayaraq qardaşı ona böyük bir ərazini həvalə edib, sahə rəisi təyin etdirib. Valeh Məmmədov isə öz növbəsində naryadları yazmağa, aktları tərtib etməyə bir işçi tutub və hər ay ona 300 manat maaş verir. Bunun da səbəbləri var. Deyilənlərə görə Valeh Məmmədov naryad yaza, akt tərtib də bilmir. Maraqlıdır, sahə rəisi özü nə qədər əmək haqqı alır ki, adam da tutub maaş verir?
Valeh Məmmədov özü üçün işçi tutmağa pulu ağacların kəsilməsindən alır. Məlumatlara görə onun nəzarətində olan meşə massivlərində ağaclar kəsilərək kömür, parket, odun kimi satışa çıxarılır. Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda İsmayıllıda, Oğuzda və ətraf rayonlarda Məmmədov qardaşlarının ondan çox taxta-şalban və qapı-pəncərə sexinin olduğu bildirilir. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsini rəis Akif Məmmədov, qardaşı, sahə rəisi Valeh Məmmədov isə meşə təsərrüfatı sahəsini özlərinin bir nömrəli gəlir mənbəyinə çevirmişlər. Nəticədə meşələrin mühafizəsi və bərpası qalıb bir yana, ərazidə ekoloji sistem məhv olunur. Göründüyü kimi qardaşlar güya ərazidə meşələrin mühafizəsində dayanırlar. Amma biri nəzarət edir, digəri isə meşələrdə ağacları kəsib satır.
Buradan belə nəticəyə gəlmək olur ki, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev Valeh Məmmədovun əli ilə ölkənin sərvətinə qənim kəsilib. Bu boyda qanunsuzluğun qarşısı alına bilmirsə, bunun başqa bir açıqlaması yoxdur. Akif Məmmədov və Valeh Məmmədov Muxtar Babayevin təşəbbüsündən istifadə edərək xidmət rəisi Hikmət Əlizadəyə arxalanaraq ekologiyanı talan edirlər.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Ölkənin sərvətlərinə və ekologiyasına qənim kəsilən hər bir şəxs vəzifəsindən asılı olmayaraq qanun qarşısında cəzalandırılmalıdır.