Tərtər Rayon İcra Hakimiyyətində “2023-cü ilin yekunları və qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib - FOTO
Tərtər Rayon İcra Hakimiyyətində “2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda rayon icra hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hesabat məruzəsi ilə çıxış edib. O, yola saldığımız 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu, bu ildə Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqlarının ziyarət etdiyini, yubileylə bağlı elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildiyini, rayonumuzda tərtərli tanınmış ziyalıların, elm xadimlərinin iştirakı ilə keçirilən Ulu Öndərin 100 illiyinə həsr olunmuş elmi-praktik konfransın, o cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlərin, söylədikləri mühazirələrin, Milli Məclisin deputatları, politoloqlarla keçirilən görüşlərin, iməciliklərin, ağacəkmə aksiyalarının və onlarla tədbirlərin yaddaşımızda dərin iz qoyduğunu vurğulayıb, 7 fevral növbədənkənar prezident seçkilərindən də söhbət açıb, bildirib ki, növbədənkənar prezident seçkiləri bir daha sübut etdi ki, qalib xalq qalib Liderini sevir və ona səs verir, Azərbaycan xalqı öz gələcəyini cənab İlham Əliyevə etibar edir. Növbədənkənar seçkilərdə qazandığı qələbəyə görə ölkə rəhbərini tərtərlilər adından səmimi qəlbdən təbrik edən rayon rəhbəri, ona azad və suveren dövlətimizin daha da inkişafı və tərəqqisi naminə apardığı genişmiqyaslı işlərdə uğurlar diləyib. İcra başçısı bildirib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonumuzda da uğurla icra olunub. Tərtər şəhərinin Heydər Əliyev prospektində və Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov, Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib, yeni yaşıllıq zolaqları, yaradılıb, işıq, qaz, telekommunikasıya xətləri qaydaya salınıb. Küçələrlə yanaşı uzun illərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları aqlay daşları ilə üzlənib, məhəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb. Vasif Hüseynov küçəsində yerləşən Şəhid bulağında yenidənqurma və təmir işləri aparılmışdır. Tərtər şəhərin Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov, Süleyman Məmmədov, Şakir Həsənov, Fizuli Rüstəmov, Ruslan Şahbazov, Ruslan Lalayev və Məftun Əhmədzadə küçələrində də istinad divarları hörülüb hündürləşdirilmiş, divarlar aqalay və bəzək daşları ilə üzlənmişdir. Kommunikasiya işıq, telefon xəttləri səliqəyə salınmış, ağaclar budanmış, təmizlik işləri aparılmışdır. Hazırda Ruslan Şahbazov küçəsiində bu işlər davam etdirilir. Küçədə olan kommunikasiya xəttləri səliqiyə salınmışdır. Vətən müharibəsi şəhidləri Qənbər Qənbərli, Sənan Məmmədli və Azər Şəmilov, Polad Həşimov, Anar Əliyev, Ruslan Şahbazov, Aslan Hüseynov, Aysənan Abbasov, Məftun Əhmədzadə və Fizuli Rüstəmovun adına verilmiş küçələrdə şəhidlərin baralyefləri quraşdırılmışdır. Təhsil Nazirliyinin xətti ilə 360 şagird yerlik Tərtər şəhər 5 saylı və Azad Qaraqoyunlu kəndində Heydər Əliyev Fondunun hesabına 320 yerlik Azad Qaraqoyunlu tam orta məktəbləri üçün yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının tikinti işləri davam etdirilir. 2023-cü ildə rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarında 1539.1 min manatlıq carı təmir və saxlanma işləri görülmüşdür. 2023-cü il ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 40 min müxtəlif növ ağaclar, 6 min ədəd gül kolları və 200 min ədəd həmişəyaşıl kolları əkilmişdir. 2023-cü ildə ümumi məhsul buraxılışının həcmi 284 milyon 635 min manat olmuşdur. 2022-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 8.4 faiz artmışdır. Hesabat dövründə kənd təsərrüfatı istehsalı 8.0 faiz artaraq 114 milyon 33.5 min manat, əhaliyə göstərilən ödənişli xidmətlər 9.7 faiz artaraq 31 milyon 324.6 min manat, ictimai iaşə xidmətləri 13.5 faiz artaraq 3 milyon 780.2 min manat olmuşdur. Nəqliyyat sektorunda yük daşınması 8.9 faiz artaraq 405.0 min ton, sərnişin daşınması 19.4 faiz artaraq 6 milyon 935.0 min nəfər təşkil etmişdir. Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 76 milyon 768.3 min manat təşkil etmişdir ki, onun 69 milyon 442.4 min manatı və ya 90.5 faizi tikinti-quraşdırma işlərinə yönəlmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilən investisiyaların həcmi 26.7 faiz artmışdır. Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 236 yeni iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 44-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 192-i mövcud müəssisə və təşkilatlarda açılmışdır. Bundan başqa yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 936 olmuşdur. 2023-ci ilin yanvar-dekabr aylarında rayon üzrə orta aylıq əmək haqq 2022-ci ilin müvafiq dövrünə nisbətən 67.6 manat və ya 13.2 faiz artaraq 581.0 manat təşkil etmişdir. Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması diqqət mərkəzində olmuşdur. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da aqrar sektorun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülmüşdür. 2023-cü ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi 114 milyon 33.5 min manat təşkil etmişdir ki, onun da 67 milyon 419.6 min manatı bitkiçilik, 46 milyon 613.9 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2022-ci ilə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 8.0 faiz artmışdır. İcra başçısı əhaliyə göstərilən içməli su təminatından, əkin sahələrinin su ilə təminatından, işıq, qaz, telekommunikasiya xidmətlərindən də ətraflı danışıb, təhsil, səhiyyə mədəniyyət, gənclər və idman sahəsində, hüquq-mühafizə, səfərbərlik və hərbi xidmətə çağırış üzrə il ərzində görülən işləri də tədbir iştirakçılarının nəzərinə çatdırıb. Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkilindən danışan icra başçısı bildirib ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında 2023-cü ildə də vətəndaşların qəbulu cədvəli tərtib edilmiş, bu barədə “Yeni Tərtər” rayon qəzetində 29 dekabr 2023-cü il tarixli nömrəsində məlumat dərc edilmişdir. Milli Qəhrəmanlar, Vətən müharibəsi qəhrəmanları, onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar rayon İcra hakimiyyətində növbədənkənar qəbul edilirlər. Vətəndaşlar Rəqəmsal İcra Hakimiyyətinin portalına da telefon vasitəsilə müraciət edirlər. 2023-cü il ərzində rayon icra hakimiyyətində 2932 nəfər vətəndaş qəbul edilərək müraciətləri dinlənilib. Onlardan 1045 nəfər rayon icra hakimiyyəti başçısı tərəfindən şəxsən, 1887 nəfər isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilib. Vətəndaşların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşılıb, onların problemləri yerində həll olunub. Tərtər Rayon İcra Hakimiyyətinə vətəndaşlardan 982 ərizə daxil olub ki, onların da 268-i Vətən müharibəsi nəticəsində yaranan problemlərlə bağlıdır. Müraciətlərin 489-u eyni vətəndaşlardandır. Müraciətlərin hər biri araşdırılır, rayon icra hakimiyyətinin nümayəndəsi müraciət müəllifi ilə görüşür, müraciətinə rəsmi qaydada rayon icra hakimiyyəti tərəfindən məktubla cavab verilir. Məruzə ətrafında Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, rayon Maliyyə idarəsinin müdiri Əli Əlizadə, rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Ziyadov və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev çıxış ediblər. Hesabat yığıncağı icra başçısının məruzəsini nəzərə alaraq müvafiq qərar qəbul edib.