Tərtərdə Vətən Müharibəsi şəhidi Ayşad Əzizovun övladlarına kiçik toy mərasimi keçirilib - FOTO
Martın 9-da 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan, rayonun Əskipara kəndində doğulub boya-başa çatmış şəhid Əzizov Ayşad Qaryağdı oğlunun övladına kiçik toy mərasimi keçirilib. Kiçik toy mərasimində şəhidin ailə üzvləri ilə yanaşı Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Milli Məclisin Deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, veteranları, şəhidin silahdaşları və sakinlər iştirak ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elvin Umudov çıxış edərək şəhid övladına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur. Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Əzizov Ayşad Qaryağdı oğlu 05.09.1990-cı ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. 29 sentyabr 2020-ci il tarixdə Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Əzizov Ayşad Qaryağdı oğlu 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra, "Vətən uğrunda", “Laçının azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.