Vətəndaş maaş almır, amma kommunal borcları ödəməlidir

Vətəndaş maaş almır, amma kommunal borcları ödəməlidir Pünhan Kərimli

Azərbaycandakı mövcud ağır sosial və iqtisadi vəziyyət əksər vətəndaşlar kimi mənim də həyatıma təsirsiz ötüşməyib və ötüşmür. Ötən illərdəki həyat şəraitinə (hansı ki, o qədər də ürəkaçan deyildi və yalnız indiki vəziyyətlə müqayisədə nisbətən daha yaxşı idi) nəzər saldıqda, son vaxtlar sosial çətinliklərin daha da artdığı, gündəlik yaşamın çətinləşdiyi açıq-aşkar müşahidə olunur.

Durmadan artan işsizlər ordusu fonunda ölkədə işsizlik problemi artıq köklü və həllolunmaz bir problemə çevrilib. Kütləvi ixtisarlar geniş vusət alıb. İnsanlar ya işini itirir ya da öz hesablarına müddətsiz məzuniyyətə göndərilir. İşləməyən vətəndaşın öz hesabına məzuniyyətə getməsinin hansı sosial və ən adi humanitar məntiqə uyğun olduğunu anlamaq çətindir.

Bu yaxınlarda mən özüm də heç bir səbəb göstərilmədən çalışdığım dövlət müəssisəsindəki işimdən azad edildim. Hal-hazırda işsizəm və iş axtarmaq cəhdlərim boşa gedir. Çünki ölkədə iş yerləri kütləvi şəkildə bağlanır, eyni zamanda mövcud iş yerlərinə qəbul çətin bürokratik əngəllərdən keçir. İşsizlərin problemləri azmış kimi, işləyən vətəndaşlar da müxtəlif problemlərlə üzləşirlər ki, bunun başında aylarla gecikdirilən və bəzi hallarda ümumiyyətlə ödənilməyən maaşlar dayanır.

Vətəndaş maaş almır, amma kommunal borcları ödəməlidir, gündəlik qida tələbatını qarşılamalıdır və bir sıra qaçılmaz xərclərin öhdəsindən gəlməlidir. Bunun mümkünlük əmsalı sıfıra bərabərdir desək, yanılmarıq. Bunlar azmış kimi, ölkədəki korrupsiya, monopolist iqtisadiyyat, milli valyutanın kəskin dəyər itirməsi ilə başlayan kütləvi və nəzarətsiz qiymət artımı, siyasi fəalların həbsi ilə müşahidə olunan “gestapo” siyasəti milyonlarla vətəndaş kimi məni də dərindən sarsıdır və narahat edir.

Bütün bunları ümumiləşdirərək, bildirmək istəyirəm ki, sivil, demokratik, vətəndaş rifahını və qanunun aliliyini üstün tutan ölkədə yaşamaq həm təbii fərd, həm bu ölkənin sakini, həm bu ölkənin vətəndaşı kimi mənim danılmaz haqqımdır.
Tarix: 24-03-2017, 08:40
Xəbəri paylaş





Xəbər lenti