Sabitlik yoxsa terror? - Bakıda "mitinq planı" və hədəfdəki Azərbaycan - TƏHLİL

Sabitlik yoxsa terror? - Bakıda "mitinq planı" və hədəfdəki Azərbaycan - TƏHLİL Ramin Əhmədov
Xüsusi olaraq Missiya.Az üçün


Rusiyada baş vermiş mitinqların fonunda törədilən terror aktları ölkənin xaricində də böyük əks-sədaya səbəb oldu. Hadisə dünyanın ən nüfuzlu mətbuat orqanları tərəfindən geniş işıqlandırıldı. Partlayışlar nəticəsində 14 nəfər həyatını itirib, 45 nəfər isə yaralanıb. Belə bir terror hadisəsi Rusiya kimi dünya gücünün təhlükəsizlik sistemindəki boşluqları açıq şəkildə ortaya qoydu. Gəlin razılaşaq ki, beynəlxalq siyasəti müəyyənləşdirən bir ölkədə belə hadisənin baş verməsi adi məsələ deyil.

Terrorçuların Suriya, Ukrayna və digər münaqişə zonalarında hərbi əməliyyatlar aparan bir dövlətin ən böyük şəhərlərindən birinə gəlib çıxması vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bu vəziyyətə görə isə məsuliyyət polisin və xüsusi xidmət orqanlarının üzərinə düşür.

Sabitlik yoxsa terror? - Bakıda "mitinq planı" və hədəfdəki Azərbaycan - TƏHLİL
Sankt-Peterburq metrosunda baş vermiş terror aktından sonra hadisə yeri

Sankt-Peterburq metrosunda baş vermiş hadisə onların öz işlərinin öhtəsindən lazımınca gəlmədiyini deməyə əsas verir. Bunu Rusiya rəhbəriliyi də anlamamış deyil. Burada bir məqama da diqqət etmək lazımdır ki, terror hadisəsi Vladimir Putinin Sankt-Peterburqda olduğu günə təsadüf etdi...

Azərbaycandakı durum

Belə bir məqamda yaşanan hadisələr qonşu ölkələrdə də təhlükəsizlik məsələlərini gündəmə gətirir. Çünki terrordan heç bir ölkə sığortalanmayıb. Bu gün təkcə Rusiyada deyil, dünyanın ən inkişaf etmiş ölkələrində belə qanlı hadisələr yaşanır. Məsələn, bir neçə həftə əvvəl ən təhlükəsiz şəhərlərdən hesab olunan İngiltərənin paytaxtı Londonda terrorçu idarə etdiyi avtomobili insanların üzərini sürmüşdü. Terror aktı kimi qiymətləndirilən hadisə nəticəsində 5-dən çox insan həyatını itirdi. Son aylara təsadüf edən bir neçə belə hadisəni misal göstərə bilərik. Ona görə də təhlükəsizlik sistemi elə qurulmalıdır ki, vətəndaşlar xoşagəlməz hadisələrdən uzaq olsunlar. Burada bir sual avtomatik olaraq aktuallıq qazanır: Bəs Azərbaycanda necə, təhlükəsizlik sistemi və ictimai mühit vətəndaşların küçədə rahat gəzməsinə təminat verirmi? Tərəddüdsüz deyə bilərik ki, bəli.

Sabitlik yoxsa terror? - Bakıda "mitinq planı" və hədəfdəki Azərbaycan - TƏHLİL
Londonda baş vermiş terror aktından sonra hadisə yeri


Uzun illər erməni terrorundan əziyyət çəkmiş Azərbaycanda qurulmuş təhlükəsizlik sistemi və sabit ictimai mühit vətəndaşların küçədə rahat gəzməsinə təminat verir. Bu sistemin ehtibarlılığına misal kimi Azərbaycanda on illər boyu yaşanan sabitliyi göstərmək olar. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədəki sabitliyin qorunması üçün həyata keçirilən uğurulu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərində yaşanan qanlı hadisələrdən kənarda qalır. Bu səbəbdən dünyanın ən nüfuzlu şirkətləri Azərbaycanda biznes qurmaq üçün rəqabət aparır, turistlərin sayı isə durmadan artır. Çünki, sərmayəçi külli miqdarda maliyyə xərclədiyi ölkənin ilk növbədə təhlükəsizlik sistemini nəzərdən keçirir. Bu gün Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin prezident İlham Əliyevin verdiyi tapşırıqlar əsasında apardığı mütəşəkkil iş nəticəsində, vətəndaşlar metroda, ictimai nəqliyyatda, böyük ticarət mərkəzlərində təhlükəsiz şəkildə hərəkət edir.

Sabitlik yoxsa terror? - Bakıda "mitinq planı" və hədəfdəki Azərbaycan - TƏHLİL

Ümumilikdə, mütəmadi olaraq həyata keçirilən əməliyat-axtarış tədbirləri nəticəsində terror törətmək istəyən cinayətkar dəstələr məhv edilir və bu kimi ziyanlı fəaliyyət formalarından istifadə etməyə hesablanmış cəhdlər yerindəcə boğulur. Bu səbəbdən də indi Azərbaycan çətin iqtisadi və siyasi regionda yerləşməsinə baxmayaraq, dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri hesab olunur. Amma ölkəmizdəki bu sabitliyi pozmağa, qonşu ölkələrdə yaşanan qanlı hadisələrin burada da təkrarlanmasına gətirib çıxaracaq situasiyaların yaranmasına çalışan qüvvələr də mövcuddur. Rusiyada yaşanan son hadisəyə və terror aktının törədilməsi zamanına əsaslanaraq Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulmasına çalışan qüvvələrin məqsədinə tam aydınlıq gətirmək olar. Qonşu Rusiyada terror aktının törədilmə vaxtına nəzər yetirdikdə kimlərinsə ölkədə keçirilən və minlərlə insanın iştirak etdiyi kütləvi etiraz aksiyalarından yararlandığını görmək olar. Başqa sözlə, ölkədəki ictimai-siyasi şərait gərginləşəndə dövlətin əsas diqqəti məhz buna yönəlir və yaranmış vəziyyət dağıdıcılıq missiyası daşıyan qüvvələr üçün əlverişli olur. Kiçik bir boşluq kifayət edir ki, ölkədəki vəziyyət daha ciddi və təhlükəli məcraya yönəldilsin.

"Qulağımızın dibindəki" terror

Rusiyadakı terror hadisəsi mitinqlərdən bir neçə gün sonra baş verdi. Demək ki, hansısa qüvvələr ölkədəki gərgin ictimai-siyasi vəziyyəti daha da dərinləşdirməyə can atır. Yuxarda qeyd etdiyimiz kimi, terror təhdidindən heç bir ölkə sığortanmayıb. Ona görə də Azərbaycanda ictimai-siyasi vəziyyətin pozulması ölkəmizi istəməyən qüvvələrin əlinə böyük imkanlar verə bilər. Hazırda Azərbaycanda Əli Kərimlinin rəhbərılik etdiyi "Milli Şura" mitinqə hazırlaşır. Bu çevrənin adamları sosial şəbəklər vasitəsilə insanlara çağırış edir, əhalini mitinqlərə səsləyirlər.

Sabitlik yoxsa terror? - Bakıda "mitinq planı" və hədəfdəki Azərbaycan - TƏHLİL

Şübhə yoxdur ki, bu dəfə də proses Azərbaycana qarşı qərəzli mövqedə dayanan hansısa xarici qüvvə tərəfindən idarə olunur və "Milli Şura" bu dəfə də sifariş yerinə yetirir. Kim təminat verə bilər ki, "qulağımızın dibində" terror aktları törədildiyi bir zamanda ölkəmizdəki sabitliyi pozmağa hesablanmış cəhdlərə yol verilməyəcək? Belə bir həssas məqamda ölkədə mitinqlər təşkil etməklə "Milli Şura" nəyə nail olmaq istəyir? Bu adamlar doğrudanmı Azərbaycandakı nümunəvi ictimai-siyasi mühiti, ictimai-əsaişin maksimum qorunmasını və yüksək təhlükəsizlik sistemini həzm edə bilmirlər? Bir vaxtlar Yaxın Şərqin inciləri hesab edilən Suriya, Misir, Tunis, Yəmən və Liviya kimi ölkələrə nəzər saldıqda, xaricdən təşkil edilən etiraz aksiyalarının bu dövlətləri hansı vəziyyətə qoyduğunu təsəvvür etmək çətin olmur. Həmin ölkələrdə də «Facebook» və digər sosial şəbəkələr vasitəsilə xəbərləşən insanlar xarici təşkilatların qrantları hesabına təşkil edilmiş mitinqlərə böyük canfəşanlıqla qatılmışdılar. Bu mitinqlər sonradan silahlı münaqişələrə çevrildikdə, həmin mitinq iştirakçılarının başına bomba yağdıqda və ölkəni terror hadisələri bürüdükdə aksiya təşkilatçıları ortada görünmədi. Çünki, onlar qarşılarına qoyulmuş «vəzifəni» uğurla yerinə yetirmişdilər.

Sabitlik yoxsa terror? - Bakıda "mitinq planı" və hədəfdəki Azərbaycan - TƏHLİL
Misirin paytaxtı Qahirə şəhərində yerləşən Təhrir meydanı - 2011-ci il

Sonralar «Ərəb Baharı»nın yaşandığı bütün ölkələrdə təşkil edilmiş mitinqlərə rəhbərlik edən şəxslər xarici ölkələrdən tapşırıq aldıqlarını və əhalini verilmiş tapşırıq əsasında qanlı bir yola çıxardıqlarını etiraf etdilər. Onlar xaricdə yerləşən «Beyin Mərkəzləri» tərəfindən xüsusi şəkildə təlimatlandırıldıqlarını, geyim formaları və çıxış mətnləri ilə təmin edildiklərini etiraf etdilər. Bəs bu fəaliyyətin nəticəsində biz nələrə şahidlik etdik? Bəli, qan, dağılmış iqtisadiyyat, qeyri-sabit cəmiyyət və minlərlə ağlar göz… İndi həmin ölkələrdə iqtisadi və siyasi sabitlikdən əsər-əlamət qalmayıb. İnsanlar qorxu və həyəcan içərisində yaşayırlar. "Milli Şura" Azərbaycanı da belə bir vəziyyətə salmaq istəyir? Görünür bu adamların doğrudan da istəyi odur ki, Azərbaycanda ictimia-siyasi sabitlik pozulsun və bu da ciddi cəhdlə ölkəyə daxil olmağa çalışan, bunun üçün müxtəlif vasitələrə əl atan dağıdıcı mahiyyətə malik xarici dini qüvvələlə Bakıya tərəf hərəkətə keçməyə şərait yaratsın.

Bir gün mütləq cavab verəcəklər...

Alınmayacaq! Azərbaycan dövlətinin dayaqları möhkəmdir. Bu ölkənin ictimai-siyasi mühiti elə bir nəzarət mexanizmləri ilə əhatlənib ki, onu sarsıtmaq olduqca mürəkkəb məsələdir. Polis yerində, xüsusi xidmət qüvvələri görəv başında, xalq da dövlətinin və Prezidentinin yanında. Bu mənzərənin dağılacağına ümid etmək belə sadəlöhvlükdür. Xarici qüvvələrdən aldıqları paralar üzərində "haqq" qazanmaq üçün Azərbaycanda da terrora münbit şərait yaratmağa hazır olanlar bilməlidirlər ki, bu xəyanətkar davranışlarına görə bir gün mütləq cavab verəcəklər.
Tarix: 5-04-2017, 14:53
Xəbəri paylaş





Xəbər lenti