Nazirlərin Moskva görüşü- sülh, yoxsa müharibə...

Nazirlərin Moskva görüşü- sülh, yoxsa müharibə... Ekspertdən “Ümid etməyə dəyməz” açıqlaması


Uzun fasilədən sonra aprelin 27-də Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Qarabağ danışıqları ilə bağlı növbəti görüşü olacaq. Görüşü Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkil edib və özü şəxsən iştirak edəcək. Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərinə qədər danışıqlar prosesində də sanki bir fasilə elan edilmişdi. Danışıqlar prosesi demək olar ki, dayanmışdı.


Bəs Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin uzun fasilədən sonra keçiriləcək görüşü xeyli müddətdir dayanan danışıqlar prosesinin başlanğıcı ola bilərmi? Kremlin bu görüşü təşkil etməkdə məqsədi nədir?


Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, xarici işlər nazirləri səviyyəsində olacaq 27 aprel görüşü problemin həlli istiqamətində hər hansı irəliləyişə gətirib çıxartmayacaq. Adətən prezidentlər səviyyəsində olan görüşlərdə nəticəsindən asılı olmayaraq daha ciddi müzakirələr gedir, mövqelər daha açıq şəkildə ortaya qoyulur və prezidentlərin görüşündən hansısa gözləntilər olur: “Uzun müddətdir ki, bu şəkildə görüşlər keçirilmir. Nazirlərin görüşləri isə problemin Rusiyanın diqqət mərkəzində olduğunu və onun həlli üçün çalışdığını göstərmək üçün Kremlin növbəti addımlarından biridir.


Ermənistan öz mövqeyini dəfələrlə açıq şəkildə ortaya qoyub . Maraqlarına və planlarına uyğun olmayan hər hansı təklifi qəbul etməyəcəyini bəyan edib. Azərbaycan da öz növbəsində ədalətli mövqeyindən geri durmayacağını bəyan edib. Bu gün üçün məsələnin sülh yolu ilə ədalətli həll olunması Rusiyanın bunu həqiqətən də istəməsindən və Ermənistana bunun üçün sözün əsl mənasında təzyiq etməsindən asılıdır. Bu olmayana qədər aparılan bütün danışıqlar və görüşlərin heç bir əhəmiyyətı olmayacaq və hərb yolunun qaçılmaz olduğunu daim gündəmdə saxlayacaq". Ekspert dedi ki, həmçinin Kreml postsovet məkanında olan ölkələrdə yaşanan etnik, siyasi və ərazi problemlərinin həllinə digər dövlətlərin-xüsusilə Qərb dövlətlərinin qarışmasına həmişə qısqanclıqla yanaşıb və özünün iradəsindən kənar bu problemlərin həll olunmasını yolverilməz hesab edib. Nazirlərin görüşünün təşkil edilməsi də əslində münaqişənin həllinə nail olmaq üçün yox, məhz prosesin onun iradəsindən asılı olduğunu nümayiş etdirmək üçündür. Belə görüşlər eyni zamanda həm də Qərbə mesajdır.


E.SEYİDAĞA
Tarix: 26-04-2017, 08:21
Xəbəri paylaş





Xəbər lenti