Sülhün tək alternativi -müharibə... qapıda

Sülhün tək alternativi -müharibə... qapıda Yaz-yay mövsümündə Qarabağa dair diplomatik səylərin yetərsizliyi acınacaqlı sonluğa gətirə bilər; nazirlərin sabahkı Moskva görüşü prezidentlərin görüşünə vəsilə olacaqmı? Ekspert: “Bakının beynəlxalq idman yarışlarına ev sahibliyi eləməsi müharibəni yalnız ertələyə bilər...”


Qarabağ danışıqlarında pauza davam edir. Hələ ki ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu pauzanı pozmaq və sülh prosesinə real dinamika gətirmək yönündə ciddi səyləri gözə dəymir. Sanki həmsədrlər bütün mümkün təkliflərini vermiş və öz işlərini bitirmiş kimi görünürlər.

İşğalçı Ermənistanın öz üzərində heç bir təzyiq hiss etməməsi isə onu danışıqlara maraq göstərməməyə və status-kvonu saxlamağa həvəsləndirir. Bu da o deməkdir ki, sülhün alternativi - müharibə öz aktuallığını saxlayır. Üstəlik, hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yaz-yay mövsümünün başlaması da yaddan çıxmamalıdır.


Sözsüz ki, vəziyyətin belə təhlükəli şəkil almasında əsas məsuliyyəti Rusiya daşıyır. Ona görə ki, ya vəlvələdən, ya zəlzələdən Kreml Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rıçaqlar məhz onun əlindədir. Əfsuslar olsun ki, Moskva bu rıçaqlardan istifadə etməyə tələsmir. Əksinə, postsovet məkanındakı digər konfliktlər (Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Donbas) ətrafındakı situasiya göstərir ki, Rusiya bu münaqişələri süni surətdə uzatmaqla özünün geosiyasi və geohərbi maraqlarını hələ bir müddət də təsbit eləmək niyyətindədir.


*****


Mövcud şərtlər fonunda sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur. Bu görüş nəyi dəyişəcək, sülh prosesi nəhayət ki, dalandan çıxacaqmı və ya nazirlərin üçtərəfli görüşü prezidentlərin növbəti görüşünə zəmin yarada biləcəkmi? Ekspertlərin bu yöndə təhlilləri elə də nikbin deyil. Eyni zamanda xəbərdarlıq xarakterlidir.


“Rusiyanın təklifi ilə xarici işlər nazirlərinin qarşıda planlaşdırılan görüşündə konkret nəticə əldə olunmasa, müharibə qaçılmaz olacaq”. Bu fikri axar.az-a açıqlamasında Rusiyanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünü planlaşdırması ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert sözügedən görüşün daha əvvəl baş tutmamasının əsas səbəbini Ermənistanda görüb.


“Əslində xarici işlər nazirlərinin üçtərəfli görüşü dekabrda baş tutmalı idi. Ermənistanda seçkiqabağı proseslər mürəkkəb idi və məhz bu vəziyyət nəzərə alınaraq görüş təxirə salındı. Bu məsələnin texniki tərəfidir. O ki qaldı reallığa, gündəlikdə real təkliflər hələ də çiy vəziyyətdədir. Aydındır ki, Ermənistan məsələni elə qoyur ki, danışıqlar atəşkəs rejiminin bərpası ətrafında getsin və bundan sonra cəbhədə silahlı toqquşmalar baş verməsin. Ancaq Azərbaycan tərəfi bununla razı deyil. Rəsmi Bakı çalışır ki, bu məsələ ilə yanaşı, rayonların azad olunması və qaçqınların geri qayıtması da müzakirə olunsun. Əgər qarşıdakı görüşdə konstruktiv yanaşma olsa, yay aylarında cəbhədə gərginlik səngiyəcək. Çünki şərtlərə görə, tərəflər xarici işlər nazirlərinin görüşündən sonra prezidentlərin görüşünə hazırlaşmalıdır. Konkret nəticə əldə olunmasa, onda hər şey gözləyə bilərik. Belə şəraitdə müharibə ehtimalları heç yaya da qalmayacaq, mayın sonu və ya iyunda da vəziyyət gərginləşə bilər”.


*****


Bu ehtimal gerçəkdən də ciddidir. Təkcə ona görə yox ki, sülhün əsas alternativi həmişə müharibədir. Ən əvvəl o səbəbə ki, Azərbaycan tərəfi işğal rejimi ilə sonsuzadək barışmaq niyyətində deyil. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib və edir. Onu da öz xarici işlər naziri Elmar Məmmədyarovun dilindən bəyan edib ki, Rusiya istəsə, qısa zamanda sülh danışıqlarında ciddi dönüşə nail olar, çünki işğalçı Ermənistana yetərli təsir imkanlarına malikdir. Rusiya rəhbərliyi isə deyildiyi kimi, buna tələsmir.


Bütün bunları nəzərə alan Azərbaycan tam haqlı olaraq, öz hərbi potensialını və döyüş qabiliyyətini artırmaqda davam edir. O sırada ordumuz müharibə şəraitinə yaxınlaşdırılmış hərbi təlimlərə ara vermir. Bəllidir ki, Silahlı Qüvvələrimizin 5 günlük genişmiqyaslı təlimləri təzəcə başa çatıb. Mayın 1-dən 5-dək isə Azərbaycanla Türkiyə ortaq hərbi manevrlərə başlayır.


Azərbaycan paralel surətdə öz hərbi parkını daima yeniləməyə çalışır. Bundan ötrü qardaş Türkiyə ilə yanaşı, İsrail, Pakistan dövlətləri ilə hərbi və hərbi-texniki əməkdaşlığın dərinləşməsinə böyük diqqət yetirilir.


Son zamanlar qardaş Türkiyənin Qarabağ məsələsində fəallaşması xüsusilə sevindiricidir. Ortaq hərbi təlimlər öz yerində, az öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarının birində demişdi ki, Türkiyənin təhlükəsizliyi Qafqazdan və Balkanlardan başlayır. Bu, həm də bir mesaj idi ki, Ankara Güney Qafqaza, Dağlıq Qarabağ məsələsinə də diqqəti artıracaq. Mayın 3-də isə Ərdoğan cəmi ayyarımlıq fasilədən sonra təzədən Rusiyaya gedəcək. Ümid edək ki, Türkiyə və Rusiya liderlərinin Soçi görüşü Qarabağ kontekstində də məhsuldar olacaq.


*****


“Türkiyənin öz təhlükəsizliyinin Qafqazlardan başlamasını bildirməsi əslində Rusiyaya bir mesajdır”. Sabiq dövlət müşaviri Qabil Hüseynli bu fikirdədir. Politoloqa görə, Azərbaycanın nümayiş etdirdiyi hərbi təlimlərin keyfiyyəti, rəhbərliyin peşəkarlığı nəinki Ermənistanı, Rusiyanı da ayıldıb.


“Ermənistan Rusiyadan silah aldıqdan və Moskvanın köməyi ilə KTMT-də rəhbərliyi ələ keçirdikdən sonra bir növ danışıqlardan çəkilərək əzələ nümayiş etdirirdi. Bununla da Azərbaycana psixoloji təzyiq göstərməyə çalışdı. Ancaq İrəvan hərbi cəhətdən bu dəfə də çox geridə qaldı. Azərbaycan ordusunun Türkiyə ilə birgə hərbi təlimləri ermənilərin havasını xeyli aldı. Azərbaycanın nümayiş etdirdiyi hərbi təlimlərin keyfiyyəti, rəhbərliyin peşəkarlığı Rusiyanı da ayıltdı. Moskva sözün həqiqi mənasında geri çəkilərək Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etməkdə maraqlı olduğunu göstərdi. Ancaq bundan əvvəl belə bir məsələ gündəmdə deyildi. İndi Rusiyada belə cəhdlər müşahidə olunursa, demək, bu görüş baş tutacaq. Bu onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməkdə tam israrlıdır və bunun üçün bütün variantlara əl atacaq. Ermənistan və qəyyumları başa düşməlidir ki, Azərbaycan bölgədə irimiqyaslı müharibədən çəkinmir” - ekspert qeyd edib.


Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan ordusunun hər gün artan qüdrəti erməniləri və rusları müəyyən düşüncələrə qərq edir, danışıqlar prosesinin zəruriliyini yenidən gündəmə gətirir: “Türkiyənin bu yaxınlarda öz təhlükəsizliyinin Qafqazlardan başlamasını bildirməsi, əslində Rusiyaya bir mesajdır. Azərbaycan hələ ki bir sıra beynəlxalq yarışlara ev sahibliyi edir, yaya qədər müharibə ehtimalı yoxdur. Bu, o anlama gəlir ki, danışıqlar prosesi yaya qədər baş tuta bilər. Ancaq Ermənistan prosesdə yenə əvvəlki oyunları oynasa və Dağlıq Qarabağ kartını ön plana çəksə, danışıqlar prosesi yenidən pozulacaq. Bu zaman isə müharibə qaçılmaz olacaq”.


Politoloqun sözlərinə görə, Rusiya ilə açıq surətdə danışıqlar beynəlxalq protokol qaydalarına uyğun gəlməsə də, illeqal şəraitdə, yəni gizli diplomatik kanallarla Bakı ilə Moskva arasında Qarabağa dair danışıqlar aparılmaqdadır. Növbəti raund danışıqların nə ilə nəticələnəcəyini isə qarşıdakı aylarda görəcəyik.
Tarix: 26-04-2017, 09:53
Xəbəri paylaş





Xəbər lenti