Dövlət sosial yüklərdən birini də çiynindən atır

Dövlət sosial yüklərdən birini də çiynindən atır “İşsizlikdən sığorta” qanunu nələrə səbəb olacaq; deputat: “Əsas mahiyyət odur ki, vətəndaş işsiz olduğu müddətdə təminatsız qalmasın”


“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisə təqdim olunub". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə görüşdə deyib.



Nazir qeyd edib ki, Ölkənin sosial müdafiə sisteminin təkmiləşdirilməsi məqsədilə görülən işlərin bir istiqaməti də qabaqcıl dünya praktikası əsasında işsizlikdən sığorta sisteminin formalaşmasına, işçilərin bu və ya digər şəraitdə iş yerlərini itirdikləri halda onların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına yönəlib: “Bununla əlaqədar ”İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb və hökumət qurumları, sosial tərəfdaşlarla razılaşdırılaraq, rəy və təkliflər əsasında daha da təkmilləşdirilib və artıq Milli Məclisə təqdim olunub. Belə bir sistemin qurulması yalnız işsizliyə görə sosial müdafiənin təmin olunmasında deyil, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsində də mühüm rol oynayacaq, həmçinin qeyri-formal əməyin rəsmiləşdirilməsində işçilər üçün stimul yaradacaq".


Qanun 2018-ci ilin yanvarından qüvvəyə minəcək.


Səlim Müslümov qanun layihəsinin müzakirəsi zamanı həm işçilərin, işəgötürənlərin, həm də Həmkarlar İttifaqlarının baxışlarının nəzərə alınacağını qeyd edib.


Bəs bu qanun qəbul olunarsa hansı formada həyata keçiriləcək? Bunun üçün vətəndaşlardan hansısa ödənişlər tələb olunacaqmı?


Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev “yeni Müsavat”a danışarkən, xarici təcrübədə də belə qanunun mövcud olduğunu bildirdi: “Qanun hələ ki, Milli Məclisə daxil olmayıb. Bu səbəbdən detalları ilə bağlı məlumatlı deyiləm. Ancaq dünya praktikasında belə qanunlar var. Onların da mahiyyəti ondan ibarətdir ki, işləyən şəxslər işlədiyi dövrdə öz əmək haqqından müəyyən vəsaiti işsizlik sığortası üçün ayırır. Onu işəgötürən də ayıra bilər, işçi də ayıra bilər. Detalları hələ ki, bəlli deyil. Əsas mahiyyət odur ki, vətəndaş işsiz olduğu müddətdə təminatsız qalmasın. Vətəndaşa ödəniləcək həmin vəsaitin də məbləği yaşayış minimumundan aşağı olmamalıdır. Vətəndaşlar işsiz qaldıqları dövrdə yaşayış minimumuna uyğun olaraq işsizlik müavinəti almalıdırlar. İndiyə qədər bizdə ”İşsizlik sığortası" haqqında qanun olmadığına görə, işsizlik müavinətini dövlət ödəyirdi və bu dövlətin büdcəsinə yük idi. Bunun məbləği də arzuedilən səviyyədə deyildi. Bundan sonra da yəqin ki, işləyən vətəndaşlar sığortalı olacaq ki, hər hansı səbəbdən işini itirərsə, növbəti işə düzələnə qədər o təminatsız qalmayacaq. Bu mənada yaxşı bir qanundur.


Aylıq olaraq, sığorta ilə bağlı vəsaitin ödənilməsinə gəlində, Musa Quliyev bildirdi ki, məbləğ o qədər kiçik olacaq və vətəndaşlar onu çox da hiss etməyəcək: “Çox güman ki, onun da bir hissəsini işəgötürən ödəyəcək. Nəticədə müəyyən bir məbləğ yığılacaq. Azərbaycanda 5 milyon əmək qabiliyyətli əhali var və bunların böyük bir hissəsi, yəni qeydiyyatda olan sığortaçılar həmin vəsaiti ödəyəcəksə, böyük bir məbləğ yaranacaq ki, işsiz vətəndaşlarımızın tam təminatını həyata keçirsinlər. Nəzərə alsaq ki, işsizlik o qədər də yüksək rəqəm deyil, təxminən 250 min nəfərdən artıqdır. Bu məbləğ onlara yaşayım minimumundan az olmayan səviyyədə müavinət almağa imkan verəcək”.


İqtisadçı ekspert Rəşad Həsənov mövzunu şərh edərkən da bildirdi ki, qanun qəbul olunduqdan sonra yalnız işsizlik sığortası ödəyənlər işlərini itirdikdə işsizlik müavinəti ala biləcəklər: “Qanun layihəsi tam şəkildə mediada dərc olunmayıb, bu mənada detalları ilə tanış olmaq imkanımız yoxdur. Mən Səlim Müslümovun 2016-cı ilin fevral ayında verdiyi müsahibədə onun detalları ilə bağlı məlumat əldə etdim. Ümumiyyətlə, beynəlxalq praktikada hazırda bu tətbiq olunur. İşsizlik sığortası müxtəlif səbəblərdən işlərini itirən insanların işsiz qaldığı dövrdə müavinət almasını təmin edən bir mexanizmdir. Bir çox ölkələrdə bunu özəl sığorta şirkətləri həyata keçirir. İşləyən insanlar həmin şirkətlərə işsizliyə görə sığorta ödənişləri həyata keçirirlər. Sonradan işsiz qaldıqları müddətdə qanuna uyğun olaraq müavinət alırlar. Türkiyə təcrübəsində belədir ki, son 600 gün müddətində işləyən insanlara tətbiq olunur. Azərbaycan modelində isə, Səlim Müslümovun dediyinə görə, son 1 ildə işdən çıxarılan insanlara veriləcək. İstənilən halda burada vətəndaşın işlədiyi dövrdə sığorta haqqı ödəməsi nəzərə alınacaq. Nazirin açıqlamasından məlum olur ki, bu məbləğ mümkün qədər aşağı həddə, hər kəsin ödəyə biləcəyi məbləğdə müəyyənləşdiriləcək. Hazırki rəsmi statistik göstəricilər də buna imkan verir. Statistikaya görə , Azərbaycanda 4, 5 milyon insan işlədiyi halda, 250-300 min nəfəri işsizdir. 1,6 milyon insan muzdlu fəaliyyət göstərir ki, onların ilk dövrlərdə sığortaya cəlb edilməsi prosesi daha arzuolunandır”.


Ekspertin sözlərinə görə, qanunda müəyyən şərtlər nəzərdə tutulacaq: “Sığortanın alınması üçün insanlar müəyyən müddət ərzində müraciət etməlidirlər. Bu müddətdən gec müraciət olunduqda müavinət verilməyəcək. Ümumilikdə, insanlar hər ay məşğulluq xidmətlərinə gedib işsizlik sığortası aldığı ilə bağlı qeydiyyatdan keçməlidirlər. Növbəti dövrlər üçün bu insanlara öz ixtisasına uyğun işlər təklif oluna bilər. Əgər vətəndaş işi qəbul etməsə işsizlik sığortasından azad olunacaq. Nazirin açıqlamasında maraqlı məqamlardan biri ondan ibarət idi ki, universiteti bitirən tələbələr əgər məşğulluq xidməti orqanlarına müraciət edirsə və müraciətindən 11 gün sonra ona cavab verilmirsə, ona uyğun iş tapılmırsa, bu insan minimum əmək haqqı məbləği qədər aylıq sığorta ala biləcəklər”.


R.Həsənov diqqətə çatdırdı ki, qanunun qəbul olunmasında əsas məqsəd işsizlik müavinəti ilə bağlı dövlət büdcəsinin yükünü azaltmaqdır: “Hazırda çox az miqdarda olsa da dövlət tərəfindən işsizlərə müavinətlərin ödənişi həyata keçirilir. Hökumətin hazırda elan etdiyi məqsədlərindən biri sosial problemlərin yumşaldılmasıdırsa, digər əsas məqsəd dövlət büdcəsindən bu istiqamətdə ayrılan vəsaitlərin dayandırılmasıdır. Əgər qanun tətbiq edilərsə, bundan sonra vətəndaşlar dövlətdən işsizlik müavinətləri deyil, özlərinin qeydiyyatdan keçdiyi sığorta şirkətlərindən işsizlik sığortası alacaqlar və beləliklə də dövlət bu yükdən azad olunacaq. Qanunun mahiyyəti bu istiqamətdə daha çox köklənib”.


Nərgiz LİFTİYEVA
Tarix: 29-04-2017, 09:47
Xəbəri paylaş





Xəbər lenti