Maqsud Mahmudovun 120 min dolları kimlərin arasında bölündü?

Maqsud Mahmudovun 120 min dolları kimlərin arasında bölündü? Sabah Bakı Hərbi Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Virtualaz.org saytı istintaq materiallarına istinadən xəbər verir ki, MTN-nin Antirettor Mərkəzinin rəis müavini, həbs olunduqdan sonra Bakı İstintaq Təcridxanasında saxlanıldığı kamerada özünü asaraq intihar edən polkovnik İlqar Əliyev də istintaq zamanı ifadə verib.

Təqsirləndirilən şəxs qismində 15 dekabr 2015-ci ildə dindirilən İlqar Əliyev Maqsud Mahmudovun ərizəsi ilə bağlı sonuncunun haqlı olduğunu bildirib: “Sabiq nazir Tərlan adlı şəxs barəsində material toplanması barədə Elçin Quliyevə şifahi göstəriş vermişdi. Elçin Quliyev də bu məsələ ilə bağlı məşğul olmağı mənə tapşırdı. Mən də Tərlanın istifadəsində olan telefon danışıqlarına dair məlumatları əldə edərkən, onun Mark Şamilov adlı bir şəxslə konfliktinin olduğunu müəyyən etdim”.

Maqsud Mahmudovun 120 min dolları kimlərin arasında bölündü?

İ.Əliyevin ifadəsində görə, bundan sonra Markı MTN-ə dəvət edərək Tərlanın qanunsuz əməlləri barədə məlumat əldə ediblər və bu barədə sabiq nazirə məruzə edilib: “Daha sonra Tərlan adlı şəxs Bakı şəhər prokurorluğunda aparılan cinayət işi üzrə həbs olundu. Mark Şamilov isə Maqsud Mahmudov adlı şəxsin onun torpaq sahəsini zəbt etdiyini bildirərək köməklik etməsini xahiş etdi. Markla ATM-də əsasən Ramil Hümbətovun məşğul olurdu, ərizəni də Markdan Ramil alaraq mənə verdi”.

İntihar edən polkovnikin ifadəsinə görə, bu haqda E.Qulievə məruzə edib, onun razılığını aldıqdan sonra Maqsud Mahmudovu MTN-ə dəvət etməyi A.Mehdiyevə tapşırıb. A.Mehdiyev Maqsud Mahmudova öz xidməti otağında hədə-qorxu gəlib. Həmin vaxt Maqsud kabinetdə qusub, işçilərdən kimsə bu barədə İlqar Əliyevə məlumat verib. İ.Əliyev Azərin otağına gedib, Maqsudun orada olduğunu görüb: “Bir qədər sonra Azər yanıma gəlib, Maqsudun 50 min dollar pul vermək istədiyini dedi. Bu barədə Elçin Quliyevə məruzə etdim. Elçin Quliyev isə 50 minin az olduğunu, Maqsudun 200 min dollar verməsini bildirdi. Mən də bunu Azərə dedim”.

Bu söhbətdən bir qədər sonra A.Mehdiyev onun yanına gələrək, Maqsudun 150 min dollardan artıq pul verə bilməyəcəyini söyləyib. Yenidən E.Quliyevin yanına yollanan İ.Əliyev bu haqda ona məlumat verib. E.Quliyev onun yanında sabiq nazirə məruzə edərək çağırdıqları Maqsud adlı şəxsin 150 min dollar verə biləcəyini açıqlayıb. Sabiq nazir də Maqsudun MTN-dən çıxmasına icazə verib: “Maqsud ödəməli olduğu pulları bir neçə dəfəyə gətirərək Azərə, Azər də mənə verirdi. Hətta bəzi vaxtlarda Maqsud pulları vaxtında verə bilməyəndə pulun əvəzinə brilliant və ya digər qızıl-zinət əşyaları göndərirdi. Mənsə hər dəfə əşyaları qaytarır, Maqsudun söz verdiyi pulları gətirməsini bildirirdim. Maqsudun pulları gətirməyəcəyindən ehtiyatlanaraq, onu “qadağandır” statusu ilə İAMAS-a daxil etməsini Azərə tapşırdim”.

İ.Əliyev qeyd edib ki, nəhayət, təxminən iki ay müddətində Maqsud hissə-hissə cəmi 120 min dollar pulu Azərə verib. Bu barədə E.Quliyevə, sonuncu isə öz növbəsində sabiq nazirə məruzə edib. Sabiq nazir isə həmin puldan 70 min dolları köməkçisi Vüqar Mahmudova verməsini, qalan 50 mini isə baş idarə daxilində bölməsini tapşırıb.

Qeyd edək ki, İlqar Əliyev həbs ediləndən sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev həbs edilib. Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

İlqar Əliyevin intihar etməsi ilə bağlı onun barəsində olan cinayət təqibinə xitam verilib.
Tarix: 3-05-2017, 21:00
Xəbəri paylaş





Xəbər lenti