FÜZULİ FƏRƏCOV BDYP-də KİMİ SATIN ALIB?! – Bu cinayətə kimlər ortaqdır?

FÜZULİ FƏRƏCOV BDYP-də KİMİ SATIN ALIB?! – Bu cinayətə kimlər ortaqdır? Nə işlə məşğul olduğu bilinməyən məşhur (!) iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlunun yüksək sürətlə hərəkət edən zaman 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürməsi, Azərbaycanda cəzasızlıq mühitindən doğan harınlığın, qudurğanlığın necə bir təhlükəli həddə çatdığını bir daha nümayiş etdirmiş oldu.

Hadisədən dərhal sonra 14 yaşlı Ağaəli Fərəcovun sosial şəbəkələrdəki profilindən götürülən foto və videolar, sözün əsl mənasında dəhşət saçırdı. Məlum oldu ki, bu harın uşaq, 14 yaşı olmasına baxmayaraq, nəinki xeyli vaxtdır bahalı avtomobilin sükanı arxasında otururmuş, üstəlik hətta avtoxuliqan imiş. Onun “Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə paytaxt küçələrində çıxardığı oyunlar, elə özünün paylaşdığı foto və videolardan da açıq görünür.

İndi hamını bir sual düşündürür: 14 yaşlı Ağaəlinin ailəsi onu düzgün tərbiyə etməyib – bu, mübahisə doğurmur.
Bəs necə olub ki, hələ indi 14 yaşı olan bir uşaq, xeyli vaxtdır belə bahalı, təkcə dövlət nömrə nişanı bir sərvət təşkil edən avtomobillə Bakının küçələrində sərbəst, heç bir maneəyə rast gəlmədən bu oyunlardan çıxa bilib?! Bu ölkənin dövlət yol polisi, onun “qu quşundan ayıq” rəhbərliyi və əməkdaşları hara baxıb, bu harın cocuğu niyə görməyib və beləliklə də 24 yaşlı gənc bir qadının ölümünə yol açıblar.

Bu sualların çox sadə cavabı var: Dəfələrlə qeyd etmişik, bir daha təkrarlayırıq, ölkənin dövlət yol polisində çox ciddi təmizləmələrə ehtiyac var! Uzun illərdir ki, Azərbaycan dövlətinin nüfuzuna zərbə vuran, onu xalqın gözündən salan, insanlarda ikrah və qəzəb yaradan, öz fəaliyyəti və fəaliyyətsizliyi ilə öldürülən Xəyalə Məmmədova kimi vətəndaşların həyatına təhlükə yaradan bu korrupsiyalaşmış DYP mafiyası ilə vidalaşmağın vaxtı çoxdan keçib!

Biz dəfələrlə yazmışıq, yerinə düşdüyü üçün bir daha təkrarlayırıq ki, paytaxt DYP-sinin hazırki rəhbərliyinin işi yarıtmazdır! Buna görə BDYPİ rəisi bizi məhkəməyə də verdi, bəlli vasitələrlə – məhkəmə sistemindəki qudaların, bacanaqların, kirvələrin sayəsində cəzalandırılmağımıza da nail oldu. Lakin heç bir məhkəmə qərarı günəşin şərqdən doğub, qərbdə batdığını gizlətmək iqtidarında deyil. Yəni fakt, faktlığında qalır!


14 yaşlı uşağın bahalı avtomobillə Bakı küçələrində terror havası əsdirə bilməsi də, bir daha sübut edir ki, polkovnik Nuşirəvan Səfərovun BDYPİ rəisi kimi mühüm posta yararsız bir kadr olduğunu iddia edərkən, yanılmamışdıq! Qəti şübhə etmirik ki, bu 14 yaşlı harın uşaq, məhz atasının pulu, mövqeyi hesabına yollarda sərbəst hərəkət edə, hətta canı istədiyi vaxt avtoxuliqanlıq da edə bilib. N.Səfərov və onun çoxsaylı şəxsi heyəti isə Ağaəli Fərəcovun atasının pulu, imkanları, himayədarları qarşısında acizlik, mütilik göstərməklə, dünənki ağır cinayətə yaşıl işıq yandırmış olublar! Bəli, 24 yaşlı Xəyalə Məmmədovanın ölümündə, ən azı onun ailəsi qədər BDYP rəhbərliyi də məsuliyyət daşıyır! Əgər Azərbaycanda hüquq sistemi N.Səfərovun himayədarlarının qarşısında gücsüz olmasa idi, təkcə barəsində danışdığımız hadisəyə görə N.Səfərovu dərhal vəzifəsindən qovmaq və hətta məsələni dərindən araşdırıb, ən yaxşı halda vəzifə səhlənkarlığına görə məsuliyyətə cəlb etmək olardı! Lakin BDYPİ-ni özünün biznes obyekti kimi görənlər, əlbəttə ki, hansısa Xəyalə Məmmədovanın öldürülməsinə görə, bu kəndin kənxudasının xətrinə dəyən deyillər. İndi, deyilənə görə artıq sərbəst buraxılan 14 yaşlı Ağaəli Fərəcovu, adam öldürdüyünə görə cəmi 180 manat cərimə gözləyir. Onun bu qətli həyata keçirməsi üçün hər cür şəraiti yaratmış BDYPİ rəhbərliyini isə heç cərimə də gözləmir!

Biz deyəndə ki, o zat bu vəzifəyə yaramazdır, işbilməzdir, mənəvi dünyasında rüşvətə geniş meydan verilmiş birisidir, qanunlara hörmətsiz, pula münasibətdə yüksək hörmət nümayiş etdirəndir, yetimin qabağında aslan, Nəcməddin Sadıkovların, Füzuli Fərəcovların qarşısında isə beli qıldan incə, gözüqıpıqdır – məhz bu kimi saysız-hesabsız faktları, məlumatları əldə bayraq etmişdik.

Reallıq belədir ki, bugünkü Azərbaycanda heç kim sorğu-sual etməyəcək ki, bu 14 yaşlı harın uşağın Bakı küçələrində qiyməti yüzminlərlə ölçülən bahalı avtomobildə sağdan sola, yuxarıdan aşağı sərbəst şütüməsinə şərait yaradan kimdir, nəçidir və yekə-yekə rəislər, inspektorlar nəyin xatirinə buna göz yumublar. Bu rəislər də hələ ki, narahat deyillər – Xəyalə Məmmədova kimilərin qanları üzərində qurulmuş səltənətlərində bir ömür boyu şad-xürrəm dövran sürəcəklərinə əmindirlər. İnanırlar ki, fərəcovlardan topladıqları milyonlar hesabına, məsələn, filankəsə tikdirdikləri milyonluq villa onların sığortasıdır. Lakin gün gələcək, bütün bunların hesabı sorulacaq. Necə ki, Akif Çovdarovlardan, Elçin Quliyevlərdən belə hesablar sorulur.

Beləliklə, günün sualı budur: Füzuli Fərəcov 14 yaşlı oğlunun bahalı avtomobildə Bakı küçələrində aylarla, illərlə avtoxuliqanlıq etməsinə “icazəni” kimdən satın alıb?

O YARAMAZI BİRLİKDƏ TAPAQ! TAPAQ Kİ, DAHA XƏYALƏ MƏMMƏDOVALAR QURBAN GETMƏSİN! TAPAQ Kİ, BİR GÜN BİZ, YAXINLARIMIZ DA XƏYALƏ MƏMMƏDOVANIN YERİNDƏ OLMAYAQ!

Rasim ƏLİYEV
“AzPolitika.info”
Tarix: 5-05-2017, 21:57
Xəbəri paylaş





Xəbər lenti