Akif Çovdarovun mavi kostyumlu tətilləri davam edir

Akif Çovdarovun mavi kostyumlu tətilləri davam edir Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Xatırladaq ki, təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə ötən bazar ertəsi günü exinokokkoz diaqnozu ilə cərrahiyyə əməliyyatı keçirdiyi və S.Məmmədovun vəkili olmadan iclasların keçirilməsinə qəti şəkildə etirazını bildirdiyi üçün proses bü günə təxirə salınmışdı.

Akif Çovdarovun mavi rəngli kostyumu

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, bu gün Akif Çovdarov, hər zamankından fərqli olaraq, çox dəbdəbəli geyimi ilə nəzərə çarpırdı.

Təqsirləndirilən general prosesin əvvəlindən indiyə qədər ilk dəfə iclasa kostyumda, əsl bayram əhval-ruhiyyəsi ilə gəlmişdi.

Səlim Məmmədov güzəştə getmədi

İclas məhkəmə katibinin prosesdə iştirak etməyən vəkil Cavid Rzazadəyə telefon zəngi ilə başladı. Katibə cavab verməyən C.Rzazadə təqsirləndirilən Akif Çovdarovun vəkili Şahin Rəfiyevin zənginə cavab verdi və bildirdi ki, xəstəxanadan evə buraxılsa da, 15 gün ərzində bərpa prosesi keçməlidir və buna görə də, məhkəmədə iştirak edə bilmir.

Dövlət ittihamçısı təqsirləndirilən Səlim Məmmədovun nəzərinə çatdırdı ki, bir sıra epizodlarda ona qarşı heç bir ittiham irəli sürülmür və məhkəmə həmin epizodlara baxa bilərdi. Bu sual-təklifə S.Məmmədov belə cavab verdi: “İttihamda bizi mütəşəkkil cinayətkar dəstə adlandırırsınız. Əgər belədirsə, mən hansısa epizodda necə ittiham olunmaya bilərəm? Vəkilim olmayana qədər proses davam etdirilə bilməz. Bir də ki, əgər hansısa epizodda mənə qarşı bir ittiham yoxdursa, məni bura niyə gətirirlər?”

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov prosesin gələn həftənin bazar ertəsi günü, mayın 15-nə qədər təxirə salındığını bildirdi.
Siam.az
Tarix: 8-05-2017, 13:47
Xəbəri paylaş





Xəbər lenti