"MTN işi"ndə" 5-ci kolon": PƏRDƏARXASI

"MTN işi"ndə" 5-ci kolon": PƏRDƏARXASI Elşən Manafov: “Prosesin arxasında “5-ci kolon” durur”

Əli Orucov: “Onlar da öz maraqları çərçivəsində olmayan proseslərin qarşısını alıblar”


Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının törətdikləri cinayət əməlləri ilə bağlı məhkəmə prosesi davam edir. Son prosesdə hazırda həbsdə olan sabiq MTN generalı Elçin Quliyev və müavini, polkovnik Azər Mehdiyevin dövlət büdcəsindən 7,7 milyon manat pulu mənimsəmələri ilə bağlı bir sıra məqamlara aydınlıq gətirilib. İttiham olunan sabiq MTN-çilər mənimsənilən milyonların agentlərə mükafat kimi verildiyini bildiriblər.

Həmin zaman E.Quliyevin rəhbərlik etdiyi Anti-Terror Mərkəzində yüksək vəzifə tutan polkovnik M.A istintaqa ifadəsində agentlər və onlara ödənilən pulların məbləği haqda geniş məlumatlar verib. Maraqlı məqam həmin agentlərin siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının, beynəlxalq donor təşkilatları və digər radikal qüvvələrin nümayəndələri olmasıdır. İstintaqa ifadə verən M.A deyib ki, dövlət büdcəsindən ayrılan milyonlar “agentlərin saxlanması” adı ilə silinib. M.A həmçinin bildirib ki, 2011-ci ildə "Şimal küləyi” adlı əks-kəşfiyyat əməliyyatları işi ATM-nin rəis müavini İlqar Əliyevin qərarı əsasında rəis Elçin Quliyevlə razılaşdırılmaqla və nazir Eldar Mahmudov tərəfindən təsdiq olunaraq açılıb. Yəni belə məlum olur ki, bu əməliyyatlardan sabiq MTN şefinin də xəbəri olub. Belə ki, əməliyyat tədbirlərinə sərf edilmək üçün Elçin Quliyevin hər aylıq raportu nazir tərəfindən təsdiq edilməklə bir mənbəyə ayda 50 min dollar, digərinə isə 59 min - 63 min manat məbləğində pul vəsaiti ayrılırdı. Məhkəməyə ifadə verən M.A həmçinin bildirib ki, pullar xarici valyuta ilə ödənilib. Detallar barəsində məlumat verən M.A-nın sözlərinə görə bu prosesdə hüquq müdafiəçisi, QHT sədri, qəzet baş redaktoru və partiya sədri də olub. Hətta agentlərdən birinin sabiq nazir olduğu da yayılan məlumatlar içərisindədir. İsitntaqın yayılan detallarında həmçinin göstərilir ki, agent olan şəxslərə hər ay 2 min dollar pul ödənilib. Qəzet baş redaktoru olan agent isə MTN-ə verdiyi bir məlumata görə 10 min aldığı da detallar arasındadır. Həmçinin bildirilir ki, ikinci agent olan QHT sədrinin rəhbəri olduğu ofisin saxlanılması, qəzetinin buraxılması üçün hər ay 6 min manat ödənilib, həmçinin çoxsaylı səfərlərinin xərci qarşılanıb. Həmin şəxsə 2011-2015-ci illər ərzində 132 min manat, 6150 dollar və 2475 avro pul ödənilib. Agent olan sabiq nazirə isə MTN-ə ötürdüyü bir məlumatın müqabilində 90 min manat ödənilib.

Siyasi-şərhçi Elşən Manafov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, prosesin arxasında həm də “5-ci kolon” durur:

“Maraqlıdır ki, bu günlərdə Azərbaycan prezidenti də “5-ci kolon”la bağlı bir sıra məsələlərə açıqlama gətirdi. Bəyan etdi ki, “5-ci kolon” Azərbaycanda kifayət qədər fəallaşıb. Bu fəallıq da təbii ki, Azərbaycanda maraqları olan, iqtidarla münasibətlərini təzyiq yolu ilə həll etmək fikrində olan bizə məlum olan dövlətlərlə bağlıdır.

Bu açıqlama kifayət qədər ciddi önəm daşıyır. Çünki prezidentin belə bir açıqlama verməsi göstərir ki, xüsusi xidmət orqanlarının əlində bununla bağlı daha ciddi və dəqiq faktlar var. Məsuliyyətə cəlb olunmuş MTN-çilərin verdiyi ifadələrə isə bütün hallarda hüquqi müstəvidə aydınlıq gətirilməlidir. Əgər bu açıqlamalar bu gün ölkədə olan gerçəklikləri özündə ehtiva edirsə, ölkənin xüsusi xidmət orqanlarının bununla bağlı mövqeyi olmalıdır. Digər tərəfdən bu günlərdə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti Ermənistan əks-kəşfiyyatına işləyən hərbçilərlə bağlı müəyyən məlumatlar yayımladı. Bu məlumatların yayılması göstərir ki, bu gün xüsusi xidmət orqanlarında özlərinə yer edən və xarici dövlətlərin maraqlarına xidmət edən müəyyən şəxslər var. Bu şəxslərin bu gün müəyyən edilməsi və zərərsizləşdirilməsi xüsusi xidmət orqanlarının qarşısında duran mühim vəzifə sayılmalıdır”.

Elşən Manafov hesab edir ki, MTN-çilərin müxalifətin məlum qanadı ilə münasibətlərinə prosesin gedişatında daha dəqiq aydınlıq gətiriləcək:

“Maraqlı məqam ondan ibarətdir ki, ABŞ-ın müvafiq orqanları Azərbaycan müxalifətinə və bir sıra təşkilatlara ayrılan qrantları kifayət qədər məhdudlaşdırıb. Hətta Azərbaycan müxalifətinə bu il ayrılan vəsait sıfıra yaxındır. Bu isə onu göstərir ki, ABŞ post-sovet məkanı uğrunda Rusiya ilə mübarizədə müxalifətin məlum kəsimi ilə münasibətlərinə yenidən baxmaq istəyir, ya da məlum müxalifətin vəzifələrinin öhdəsindən gəlmədiyinə görə əvvəlki vəsaitin onlara verilməsi qəbuledilən deyil. Bu anlamda müxalifətin üzərinə düşən missiya isə təbii ki, Azərbaycanın dövlət maraqlarına xidmət etmir”.

“Tələb edirdik ki, arxivlər açılsın”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə bəzi müxalifətçilərin agent olduğuna şübhə etmədiyini deyib:

“Biz də bilirdik ki, hakimiyyətdə təmsil olunan müəyyən şəxslərin müxalifətdə xüsusi adamları var. Bu faktların gerçəkliyinə şübhə etmirəm. Amma hansı formada, necə edirlər bunu xüsusi xidmət orqanları daha dəqiq bilirlər. Mən bu haqda məlumatsızam.

Təbii ki, bu şəxslər daim yuxarılara məlumat ötürüblər və onlar da öz maraqları çərçivəsində olmayan proseslərin qarşısını alıblar. Bu işlərin hamısını MTN-də təmsil olunan qüvvələr həyata keçirib. Buna görə də biz hətta AXC dövründə və sonrakı dövlərdə də tələb edirdik ki, arxivlər açılsın və kimin kim olduğu bilinsin. Çox təəssüf ki, o, zaman da bu addım atılmadı və göründüyü kimi, bu gün də həmin proses davam edir”.

Vilayət Muxtar
Tarix: 13-05-2017, 21:13
Xəbəri paylaş





Xəbər lenti