Jurnalist ovlamağın cəriməsi

Jurnalist ovlamağın cəriməsi Nərə-jurnalistlə dovşan-jurnalistin fərqi olmalıdır


Ölkəmizin qüdrətli olmasına artıq kimsədə şübhə qalmadı. Biz istəsək, Belarusdan yəhudi bloggeri qışqırda-qışqırda tutub gətiririk, istəsək, Gürcüstan hüquq-mühafizə orqanlarını “quqqulu-mühafizə orqanlarına” çeviririk, xoşumuza gəlməyən jurnalisti çığırda-çığırda baqajda Bakıya yola salırıq. Lazım gəlsə, Qarabağı da alarıq. Ancaq o zaman ATƏT-in Minsk Qrupunda xeyli adam işsiz qalacaqdır. Məhz buna görə hələlik almırıq. Yoxsa almış kimiyik - Cocuq Mərcanlıda bu dəqiqə İpək Yolunun bir qolu tikilməkdədir.


Qüdrət isə havadan yaranmır, bunun üçün dövlətin zəruri infrastrukturu olmalıdır. (Deputat Qüdrət müəllimi nəzərdə tutmuram, o özü-özünü yaratmış və daim inkişaf etdirən görkəmli şəxsiyyətlərimizdən biridir. Qüdrət müəllimin təkcə soyadından Zahid Oruca 4 dənə familiya çıxar). Misal üçün, bizdə icra hakimiyyəti, məhkəmə, qanunverici orqanlar hərəsi ayrıdır. Demokratik şəkildə bir-birinə nəzarət edirlər. “Azəriqaz”ın isə qaynar xətti var, müştərilərə həvəslə qulaq asırlar! Bu haqda dünən yazmışam, çox danışmaq istəmirəm.


Bax, həmin qanunverici orqanda ki, adına Milli Məclis deyirik, hər cür təbəqədən olan insanların mənafeyini qoruyan adamlar seçilib, yığılıbdır. Hökumətimiz qəsdən belə edibdir. Rusiyaya alverə gedən adamların deputatı ayrıdır, soğan əkənlərinki ayrı. Müəllimlərə işdən sonra dəlləklik öyrədən deputat da var, güləşçilərin qulağını cütü 20 manatdan sındıran deputat da. (Bu indi bizdə təzə trenddir, cavan oğlanlar qəsdən qulaqlarını sındırır ki, güləşçiyə oxşasınlar, qızlar tərəfindən sevilsinlər. Milli Məclisin arxa tərəfində, rəhmətlik ANS-in Mirşahinin məktub yazdığı poçt hissəsinin yanında bunun üçün otaq ayrılıbdır). Tarçalanların öz deputatı vardır, manısların özününkü. İtkin düşənlərin də deputatı var - hələ heç kim bilmir o deputat kimdir.
Yalnız biz jurnalist tayfasının öz deputatı yox idi, günümüz qara olmuşdu. Hər gün əleyhimizə qanun çıxırdı, hər axşam blokda bir yazarın ağzından güllə qoyurdular. Ta bağlanan qəzetlərin, yerində turp əkilən telekanalizasiyanın sayı-hesabı itmişdi. Elə qəzet var idi 525 dəfə açılıb-bağlanmışdı, eləsi vardı öyrəncəli olmuşdu, hökumətə yalvarırdı ki, sən o yanındakı qəşəng qanunun canı, bizi yenə bağla.


Nəhayət, axırıncı parlament seçkisi zamanı bu ayrı-seçkiliyə, irqçiliyə son qoyuldu, jurnalistlərin nümayəndəsi Milli Məclisə düşdü! Bu, Mətbuat Şurasının sədri, hörmətli Əflatun Amaşov olmuşdur! Əflatun müəllim Saatlı rayonu kimi mətbuat mərkəzindən, özü də rəhmətlik Cəlal əminin - mətbuatın 1 nömrəli dostunun yerindən deputat seçildi, bizi çox sevindirdi.


Srağagün Milli Məclis Cinayət Məcəlləsində bir çox cərimələrin məbləğini artırmaq qərarını səsə qoyarkən Əflatun müəllim olduqca taleyüklü məsələyə toxunaraq hamımızı şad etdi. (Qabaqkı cümləni “sevindirdi” ilə bitirmişəmsə, təkrar yaza bilmərəm. Biz də dövlətçiliyimizə layiq, yenilikçi olmalıyıq. Məsələn, növbəti dəfə sevinmək məqamı gəlsə, artıq dombalaq aşmalıyıq. Siz də buna hazır olun, əziz oxucular). Sitat: “Jurnalistin qanuni peşə fəaliyyətinə mane olma ilə bağlı cərimə 100-500 manatdır. Yeni layihədə isə bu rəqəm 500-1000 arası nəzərdə tutulub. Halbuki qanunsuz ov etmə üçün cərimə həddi 100-500 manatdan 2000-3000 manatadək qaldırılır. Yaxud balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaya görə cərimənin 100-500 manatdan 3000-6000 manatadək qaldırılması təklif olunur. Hesab edirəm ki, biz cərimələri artırarkən məsələlərin ictimailik dərəcəsinə önəm verməliyik. İndiki halda jurnalistin qanuni peşə fəaliyyətinə mane olma daha böyük məsuliyyətdir, nəinki qanunsuz ov etmə. Jurnalistin peşə fəaliyyətinə maneçilik yaratma həm də mənəvi məsuliyyətdir”.


Qısaca izah etsəm, Əflatun müəllim haqlı olaraq ölkəmizdə jurnalistin balıqdan ucuz sayıldığını qeyd edir. Çünki qanuna görə, jurnalisti qarmağa keçirməyin cəzası maksimum 1000 manatdırsa, osetrini qanunsuz ovlamaq 6000 manatdır! Belə yaramaz. Sabah bu camaat ev növbəsinə yazılacaq axı? Hərə bir dərədə 1000 manat verib bunları sillə-təpiyin altına salsa, dövlətçilik naminə istifadə zamanı tilova kim düşəcək? O cümlədən jurnalistin özü 500 manata ovlanırsa, ondan 3 min manatlıq ayı ovundan reportaj yazmaq tələbi alınmaz.


Düşünürəm ki, indiki halda jurnalistləri heç olmazsa qaban qədər hörmətli eləmək vacibdir. Ya da dovşan. Müəyyən vaxtda lisenziyasını al, get jurnalist ovla. Ancaq o da hər dəfə iki cütdən artıq olmamaq şərti ilə. Nəslini kəsmək olmaz.



Zamin HACI
Tarix: 2-06-2017, 10:01
Xəbəri paylaş





Xəbər lenti