“Ermənistan bizim orduda belə bir şəbəkə yarada bilməzdi” - POLİTOLOQ

“Ermənistan bizim orduda belə bir şəbəkə yarada bilməzdi” - POLİTOLOQ “İqtidar Qərblə böyük anlaşmanın içində özünün xırda problemlərini həll etməyə çox guman ki, razılıq alıb”

Ölkənin siyasi rəhbərliyi Qərbin tam dəstəyini ala bilib. Kreditləri verirlər, 2050-ci ilə qədər neft layihələrini uzadırlar, ABŞ Dövlət Katibinin yüksək rəsmisi bununla bağlı gəlir, burada razılaşma əldə olunur. ABŞ-ın Prezidenti ölkəmizin Prezidentinə təbrik məktubu yazır, dəstəyini ifadə edir, Avropa Komissiyasının Vitse-Prezidenti Azərbaycanı “Avropa Birliyinin gələcək qaz planlarında əsas tərəfdaşı” adlandırır, və s. Üstəlik, və daha önəmlisi, Azərbaycan İtaliyadan yeni reaktiv hərbi-təlim təyyarələri alır. Sonuncu xəbərlə bağlı bir qədər geniş yazmaq gərəkdir”. Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Erkin Qədirli “feysbuk” səhifəsində yazıb

“Çox güman ki, yaxın gələcəkdə Rusiya təyyarələrindən imtina olunacaq”


“NATO ölkələri bu vaxta qədər bizə silah satmırdı. Rəsmi imtina cavabı həmişə belə olub – “biz münaqişə ölkələrinə silah satmırıq". Doğrudan da, onlar nə bizə, nə də Ermənistana silah satıblar. Amma bu dəfə satdılar. Özü də nə satdılar. Təyyarələrin təlim təyinatlı olmasına baxmayın. Bu, başlanğıcıdr. Bu, o deməkdir ki, bundan sonra hərbi pilotlarımız NATO təyyarələrində uçmağı öyrənəcəklər. Üstəlik, Hərbi Hava Qüvvələrimizin maddi texniki bazası NATO standartlarına uyğunlaşmalı olacaq (ehtiyat hissələri, texniki xidmət və s.) Çox guman ki, yaxın gələcəkdə, ölkəmiz Türkiyədən F-16 almağa başlayacaq (pilotların yeni nəsli hazır olanda). Rusiya təyyarələrindən imtina olunacaq”,-deyə qeyd edir politoloq.

“Orduda qasus şəbəkəsini ruslar qurub, onlar da idarə edib”

Qədirli hesab edir ki, bütün bunlar Rusiyanı qıcıqlandırır: “Rusiya ilə Azərbaycanın arasında son zamanlar gizlədilməsi mümkün olmayan gərginliyi buna bağlayıram. Rusiyada Azərbaycanlıların diaspor təşikilatını bağladılar, Rusiya Xarici İşlər Nazirinin rəsmi sözcüsü Azərbaycanla bağlı dəfələrlə aşağılayıcı ifadələr işlətdi. Azərbaycan ordusunda son “casus qalmaqalı” da buraya əlavə olunmalıdır. Ermənistanı boş verin, Ermənistan bizim orduda belə bir şəbəkə yarada bilməzdi. Şəbəkəni ruslar qurub, onlar da idarə edib. İşin cinayət tərəfi məhkəmədə sübut olunmalıdır, burası öz yerində. Amma söhbətin bu qədər böyüməsi, mənə görə, Rusiya ilə ölkəmizin arasında artan gərginliyin göstəricisidir. Səbəbi də yuxarıda yazdığım kimi, Qərbin Azərbaycana açıq dəstəyi, yeni neft-qaz və boru layihələri, hərbi təyyarə satışı, ordumuzda bütov bir batalyonun NATO strandartlarına tam uyğun təlim keçməsi və s. Rusiya ilə gərginliyin dərəcəsini 1news.az saytında dərc edilmiş bugünkü məqalədə, Rusiyanın ölkəmizdəki səfirinin ünvanına “не надо принимать нас за дураков” ifadəsindən aydın görmək olur”.

“Gürcülərin bundan sonra nəsə deməsinin böyük siyasi anlamı yoxdur”

Qədirli sonda ölkəmizdə baş verən son hadisələrə də diqqət çəkib: “Gözəl Bayramlının və Əfqan Muxtarlının həbsləri, sivil topluma və müxalifətə qarşı 2013-dən bu yana yürüdülən siyasətin davamıdır: “İqtidar Qərblə böyük anlaşmanın içində özünün xırda problemlərini həll etməyə çox guman ki, razılıq alıb. Əfqan Muxtarlının Gürcüstanda tutulması Gürcüstan tərəfilə razılaşdırılmadan gerçəkləşə bilməzdi. Gürcülərin bundan sonra nəsə deməsinin böyük siyasi anlamı yoxdur. Gürcüstan Qərbdən dəstəyini bizdən xeyli öncə alıb”.

“Rusiyanın və Qərbin burada maraqları həm də bu məsələdə toqquşur”

“Əsas dava hakimiyyətin içində gedir, bizə periferik zərbələr dəyir. Bu davanın xarici münasibətlərlə birbaşa əlaqəsi var. Rusiyanın və Qərbin burada maraqları həm də bu məsələdə toqquşur. Qərb daha böyük məqsəd və maraqlarla bağlı ölkəmizdəki insan haqları və demokratiya məsələlərini geriyə atıb. İmtina etməyib, amma önəmini xeyli azaldıb. Ötən il keçirilmiş referendumu və ondan sonrakı təyinatları da buraya əlavə etmək olar” - deyib politoloq.

Şamo, Hurriyyet.org
Tarix: 2-06-2017, 21:13
Xəbəri paylaş





Xəbər lenti